Laçın sözü “məğrurluq” mənasını bildirir

Laçın sözü “məğrurluq” mənasını bildirir
Azərbaycan Respublikasının füsunkar guşələrindən biri olan Laçın rayonudur. Rayon respublukamızın cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Əvvəllər Abdallar adlanan, 1924-cü ildən isə şəhər statusu alan Laçın şəhəri 1930-cu ildən rayon mərkəzidir. Şəhərin adı görkəmli Azərbaycan yazıçısı Tagı Şahbazi Simurq tərəfindən yaxınlıqdakı dağın adına uyğun olaraq Laçın adlandırılmışdır. Laçın sözü “məğrurluq” mənasını bildirir.
Müzəffər Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində 9 noyabr 2020-ci ildə Azərbaycan ordusu Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndlərini erməni işğalından azad etmişdir.
Cənab Prezident İlham Əliyevin cari ilin Müstəqillik Günündə Laçına səfəri və uğurla reallaşdırılan Böyük Qayıdışın növbəti mərhələsi çərçivəsində sakinlərə evlərinin açarlarını təhvil verməsi həm zaman, həm də məzmun baxımından ciddi tarixi əhəmiyyət daşıyır. İlk növbədə ona görə ki, Vətən müharibəsinə qədərki 30 illik periodda aparılan danışıqlar boyu Laçın Azərbaycan üçün ən prinsipial məsələ olub.
Bir neçə gün əvvəl dünya ictimaiyyəti Azərbaycan-Türkiyə-Pakistan qardaşlığına, dosluğuna şahidlik etdi. Azərbaycanın Müstəqillik Günündə, Şərqi Zəngəzurda, ölkəmizin dilbər guşəsi Laçında Azərbaycan-Türkiyə-Pakistan Zirvə görüşü qardaş dövlətlər arasında strateji müttəfiqlik, dostluq və qardaşlıq əlaqələrinin əyani təzahürü oldu. Bir neçə gün əvvəl beynəlxalq aləm daha bir nüfuzlu tədbirin - üçtərəfli Zirvə görüşünün yüksək səviyyədə həyata keçməsinə şahidlik etdi. Uğurlu keçən Zirvə görüşü hər üç qardaş ölkənin birlryinin, həmrəyliyinin növbəti dəfə nümayişi idi. Həmçinin, Laçının dirçəliş prosesinə beynəlxalq diqqətin artması baxımından mühüm mesaj daşıyır.
Dünyanın diqqətinin yenidən Azərbaycanın işğaldan azad edilmiş ərazisinə yönəlməsi heç də təsadüfi deyildi. 30 il ərzində işğal altında qalan Laçın şəhərində belə bir nüfuzlu tədbirin keçirilməsi böyük rəmzi məna daşıyırdı.
“Bu gün əziz qardaşlarımın - Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştirakı, bizə göstərilən dəstək və həmrəylik artıq tamamilə yeni dünya miqyasında reallıqlar yaradır. Bizim gücümüz birliyimizdədir. Bu gün birliyimizi üçtərəfli formatda bir daha təsdiqlədik. Bu gün bayram konsertində səslənəcək mahnılar bir daha bizim birliyimizi nə qədər zəngin mədəniyyətə malik olmağımızı göstərəcək. Əminəm ki, azad edilmiş Laçından üç ölkənin bu gün dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq”. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin söylədiyi bu sözlər üç dost ölkənin liderlərinin Qarabağda, Şərqi Zəngəzurda birlikdə 28 May - Azərbaycanın Müstəqillik Günündə Laçında bayram tədbirlərində iştirakı və həmrəylik nümayiş etdirmələrinin dünyaya sülh, dostluq, həmrəylik mesajının verdiyini təsdiq edir. İkinci Zirvə görüşü həm də ona görə diqqət mərkəzinə çevrildi ki, artıq Laçın Beynəlxalq Hava Limanı öz qapılarını dünyaya açıq elan etdi.
Laçından səslənən bu çağırış – “Yaşasın Azərbaycan-Türkiyə-Pakistan birliyi və qardaşlığı!” – artıq regional deyil, qlobal əhəmiyyət daşıyan bir mesajdır. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi bu birlik dünyanın diqqət mərkəzindədir və göstərilən həmrəylik yeni siyasi və diplomatik reallıqlar yaradır. Nəticə olaraq, Prezident İlham Əliyevin Laçında səsləndirdiyi fikirlər təkcə Azərbaycanın tarixi yaddaşına deyil, həm də beynəlxalq münasibətlər sisteminə təsir edən güclü bir bəyanat oldu. Azərbaycan, Türkiyə və Pakistan – üç qardaş ölkə bu birliklə yalnız regional deyil, qlobal sülhə və ədalətə xidmət etdiklərini bir daha sübut etdilər.
Maştağa qəsəbəsi, 187 nömrəli tam orta məktəbin
əməkdaşı Şəhla Vəliyeva

Oxşar xəbərlər