Laçın dəhlizi 1992-ci ilin mayında Azərbaycan Respublikasının ərazisində erməni qüvvələri tərəfindən Qarabağın qondarma "Dağlıq Qarabağ Respublikası” ilə Ermənistan Respublikası arasında açılan dəhliz olub.
Bu iki ərazi arasında yeganə yol olmaqla, o, çox vaxt Dağlıq Qarabağ sakinləri üçün “həyat xətti” kimi təsvir edilmişdir. 1994-cü ildə Qarabağ müharibəsinin atəşkəs razılaşmasından sonra qondarma Dağlıq Qarabağ Respublikası nəzarəti altında idi. Lakin rəsmi olaraq Azərbaycan Respublikasının Laçın rayonunun bir hissəsidir. Dəhliz de-yure Azərbaycanın Laçın rayonundadr, lakin 2020-ci il Dağlıq Qarabağ barışıq sazişindən sonra Rusiyanın sülhməramlı qüvvələrinin nəzarəti altındadır. Dəhlizin ərazisinə 2022-ci ilə qədər Zabux, Sus kəndləri və Laçın şəhərinin özü daxil idi.
2023-cü il aprelin 23-də Azərbaycan rəsmiləri dəhlizdə nəzarət-buraxılış məntəqəsi yaradıb və bunun “insan qüvvəsinin, silahların, minaların qeyri-qanuni daşınmasının qarşısını almaq üçün” nəzərdə tutulduğunu bəyan edib.
Aprelin 23-də Laçın-Xankəndi yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və ardıcıl siyasətinin nəticəsidir.
Xatırlatmaq yerinə düşər ki, 44 günlük müharibənin yekununda - 2020-ci il 10 noyabr üçtərəfli bəyanatın imzalanması ərəfəsində Azərbaycan, Rusiya və Ermənistan arasında aparılan danışıqlar zamanı Ermənistan başqa iddialarla çıxış edirdi. İrəvan Laçın dəhlizinin 20 km enində və Ermənistanın nəzarətində olmasını təkidlə istəyirdi. Lakin Ermənistanın bu yersiz tələbi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə rədd edildi. Dövlət başçısı sərt və barışmaz mövqe ortaya qoyaraq, Laçın dəhlizinin 5 km müəyyən edilməsi, 3 il müddətində yeni yolun istifadəyə verilməsi və Laçın rayon mərkəzinin Azərbaycana qaytarılması ilə bağlı prinsipial müddəaların üçtərəfli bəyanatda əksini tapmasına nail oldu.
Kapitulyasiya aktına imza atmış Ermənistanın isə sonrakı addımlarında çirkin niyyətlərindən əl çəkmədiyinə diqqət çəkmək lazım gəlir. Belə ki, Azərbaycan yeni yolun inşasını il yarıma başa çatdırıb, istismara hazır vəziyyətə gətirsə də, Ermənistan öz ərazisinə düşən 7 km-lik yolun çəkilməsini süni şəkildə ləngidir, hətta 2022-ci ilin avqustunda bununla bağlı təxribatlar törədirdi. Lakin bütün çirkin niyyətlərin və təxribatların qarşısı ağıllı, düşünülmüş və ardıcıl tədbirlərlə alındı, İrəvanın Laçın rayon mərkəzinin Azərbaycanın nəzarətinə keçməsinin qarşısını almaq cəhdləri iflasa uğradı. Laçının mərkəzi 2022-ci ilin sentyabrında qansız və heç bir qurban olmadan Azərbaycanın tam nəzarətinə keçdi. Prezident İlham Əliyev sentyabrın 21-də Laçına səfər etdi və şəhərin mərkəzində Azərbaycan bayrağını ucaltdı.
Təəssüf ki, hadisələrin sonrakı inkişafında biz yenə də Ermənistanın təxribat və diversiyalarının şahidi oluruq. Müharibədə aldığı sarsıdıcı zərbələrə baxmayaraq, sonrakı mərhələdə ermənilər Laçın yolu ilə Qarabağa silah-sursat daşınmasını, Qarabağda hərbi kontingent formalaşdırmağa cəhd göstərməsini davam etdirirdilər.
Azərbaycan Müdafiə Nazirliyi bu ilin mart ayında dəfələrlə məlumatlar yayaraq, Xankəndi-Xəlfəli-Turşsu və Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni tikinti və təkmilləşdirmə işlərinin intensivləşdiyini, bunun Azərbaycan Ordusunun texniki müşahidə vasitələri ilə qeydə alındığını bildirirdi.
Məlumatlarda qeyd olunurdu ki, bu yollardan, həmçinin, qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinin təminat və təchizatını həyata keçirmək üçün istifadə olunur.
Yaranmış vəziyyət nəzərə alınaraq, Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirildi, bəzi yüksəkliklər götürüldü, yola və əraziyə nəzarət təmin olundu. Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində Şuşa rayonunun Allahqulular və Zamanpəyəsi kəndləri də nəzarətimizə keçdi.
Lakin görülən bütün tədbirlər yenə də kifayət etmirdi, ermənilər çirkin məqsədlərinə çatmaq üçün yenə də ərazidə gizli, alternativ yollar axtarmağa başlamışdılar. Belə olan halda Azərbaycan qətiyyətli addım ataraq, peşəkarlıqla həyata keçirilən əməliyyat nəticəsində aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratdı.
Azərbaycan Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsini yaratmaqla təkcə ermənilərin növbəti təxribatlarının qarşısını almadı, həm də öz ərazi bütövlüyünü tam bərpa etdiyini hamıya göstərdi, bunu bir daha təsdiqlədi. Azərbaycan öz suveren ərazisində nəzarət-buraxılış məntəqəsi yaratdı, dövlət sərhədində bayrağını ucaltdı. Bununla, Prezident İlham Əliyevin “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm!” sözləri bir daha öz təsdiqini tapdı. Bu, Azərbaycan Prezidentinin ardıcıl şəkildə, qətiyyətlə həyata keçirdiyi siyasətin nəticəsi və növbəti təntənəsidir.
Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Ceyhun Sadizadə