Suveren hüquqlarımızın bərpası üçün hərbçilərimizin göstərdiyi misilsiz qəhrəmanlıqlar unudulmazdır

Suveren hüquqlarımızın bərpası üçün hərbçilərimizin göstərdiyi misilsiz qəhrəmanlıqlar unudulmazdır
Əsgər üçün sərhəddən başlanır vətən. Ya da Vətən torpağının nəhayətsiz üfüqlərinə zillənən əsgər gözlərindən başlanır...
5 il bundan əvvəl elə bu ayda bizi növbəti dəfə təxribata çəkdiyi üçün bədxah qonşu ilə ölüm-dirim savaşı başladı.44 gün davam edən bu savaş çağdaş tariximizdə Vətən müharibəsi adı ilə qaldı.Sonu şanlı Zəfər olan bu tarixi missiyada cəsur əsgərlərimiz düşmənə sarsıdıcı zərbələr vuraraq,şərə heç bir şans saxlamadılar.
Lakin 9 noyabr 2020-ci ildə başlanmış bəyanata erməni hökuməti nəinki əməl etmədi,hətta Qarabağda fəaliyyət göstərən qondarma qurumun silahlanmasına rəvac verdi.Tarixdə gəlib-getmiş marionetka qurumların bəlkə də ən simasızı olan,adını artsax qoymuş bu qurum azərbaycan xalqının qanına susamışdı.Cəbhə bölgəsindən kənar ərazilərə-Gəncə,Bərdə,Mingəçevir,Xızı və digər ərazilərimizə raket hücumu dediklərimizin sübutudur.
Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq,separatçı qüvvələr geri çəkilmək fikrindən vaz keçmirdilər.Vətən müharibəsindən dərhal sonra Azərbaycan dövləti rəsmi İrəvana sülh çağırışları etsə də,ikinci tərəf hər dəfə gəlişmələrdən boyun qaçırır,bu zaman həm də davamlı olaraq suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirirdilər.
Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralandı. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu. Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edildi. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.
Düşmənin uzun illər ərzində inşa etdiyi mühəndis-istehkam qurğuları,çətin keçilən relyef,qarşı tərəfin əlverişli mövqelərdə dislokasiyası qorxubilməz əsgərlərimizin inadını bir anlıq da olsa sarsıda bilmədi.Sərrast artilleriya atəşi nəticəsində düşmənin 8 tankı,22 artilleriya qurğusu,14 minaatanı,3 zenit kompleksi,8 radioelektron mübarizə vasitələri,9 hərbi nəqliyyat vasitəsi daxil çoxsaylı silah və texnikası məhv edildi.Əməliyyat zamanı 310 ölən və 614 yaralı olmaqla xeyli canlı qüvvə itirən düşmən ordusu sözün həqiqi mənasında iflic oldu.
Cəmi bir sutka çəkən hərbi əməliyyat Azərbaycan əsgərinin dünyaya vətənpərvərlik nümunəsi göstərməsi üçün kifayət etdi. Məhz Silahlı Qüvvələrimizin birgə fəaliyyəti nəticəsində nail olduğumuz bu üstünlüklərdən sonra separatçı rejimin rəhbərliyi və Ermənistan silahlı qüvvələrinin qalıqlarının komandanlığı ağ bayraq qaldırdı. Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirərək, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, heç bir mülki şəxsi və obyekti hədəfə almadan 24 saatdan da az müddətdə 15-18 minlik hərbi qruplaşmanı təslim olmağa məcbur etdi.
Lokal xarakterli antiterror tədbirləri regionda sülhün bərqərar olmasına misilsiz töhfə verdi. Azərbaycanın inamlı qələbəsi bir daha sübut etdi ki, ölkəmizlə ultimatum dilində danışmaq olmaz. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Azərbaycan ərazisində separatizmin kökü kəsildi. Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələri tərk-silah edilərək ərazilərimizdən çıxarıldı, respublikamızın suverenliyi tam təmin edildi, bütün ölkə ərazisində Konstitusiya quruluşu bərpa olundu.


Zabrat qəsəbəsi, 192 saylı tam orta məktəbin
tarix müəllimi Elxan İsmayılov


Oxşar xəbərlər