Dövlət Suverenliyi Günü bizə tarixdən gələn bir dərsdir

Dövlət Suverenliyi Günü bizə tarixdən gələn bir dərsdir
Sentyabr ayı Azərbaycan xalqı üçün xüsusi mənaya malikdir. Bu ay ölkəmizin müstəqilliyi və dövlətçiliyinin əsas dayaqlarından biri olan Dövlət Suverenliyi Günü olaraq anılır.
Azərbaycanın suverenliyinin tam bərpa olunması, bir sıra mühüm tarixi hadisələrlə sıx bağlıdır. 2020-ci ildə başlanan 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmiz 30 illik işğala son qoyaraq ərazi bütövlüyünü təmin etdi. Bu qələbə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail olmaqla yanaşı, Azərbaycanın beynəlxalq hüquq qarşısındakı mövqeyini daha da gücləndirdi.
Dövlət Suverenliyi Günü Azərbaycan xalqının milli kimliyini, mübarizə əzmini və dövlətçilik ənənələrini özündə əks etdirir. Bu gün ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasının, həmçinin Azərbaycan bayrağının bütün ərazilərimizdə qürurla dalğalanmasının simvoludur.
Suverenlik dövlətin öz taleyini sərbəst müəyyən etmək, daxili və xarici siyasətini müstəqil şəkildə yürütmək, xalqın iradəsini azad şəkildə ifadə etməsi deməkdir. Azərbaycan xalqı tarixin müxtəlif dönəmlərində bu haqq uğrunda mübarizə aparmış, itkilər vermiş, amma milli iradəsindən heç vaxt dönməmişdir.
XX əsrin sonlarında baş verən siyasi dəyişikliklər nəticəsində xalqımız bir daha öz sözünü dedi və dövlət müstəqilliyimizi bərpa etdi. Bu tarixi hadisə ilə millətimizin əsrlər boyu qəlbində yaşatdığı azadlıq arzusu gerçəkliyə çevrildi. Suverenliyin əldə olunması sadəcə siyasi hadisə deyil, həm də milli kimliyin, azadlığın və dövlət quruculuğunun əsasını təşkil edən böyük bir tarixi nailiyyətdir.
Bu gün Dövlət Suverenliyi Günü xalqımız üçün qürur və iftixar günüdür. Biz bu bayramda yalnız müstəqilliyimizi xatırlamır, həm də onun qorunması və möhkəmləndirilməsi naminə birliyimizi nümayiş etdiririk. Çünki suverenlik yalnız qazanılmaqla bitmir, onu qorumaq və gələcək nəsillərə ötürmək də hər bir vətəndaşın borcudur.
Dövlət Suverenliyi Günü bizə tarixdən gələn bir dərsdir: azadlıq əzmlə, vətənpərvərliklə, həmrəyliklə qazanılır və yalnız bu yolla qorunur. Bu gün həm də şəhidlərimizin ruhuna ehtiram, onların qəhrəmanlığını yad etmə günüdür. Onların qanı və canı bahasına qorunan müstəqilliyimiz hər zaman bizim üçün müqəddəsdir.
Bu gün biz səmada dalğalanan üçrəngli bayrağımıza baxaraq qürur hissi keçiririk. Bu bayraq təkcə bir rəmz deyil, həm də dövlətimizin suverenliyinin, azadlıq arzusunun və müstəqil gələcəyimizin simvoludur. Hər bir azərbaycanlının vəzifəsi onu qorumaq, ucalığını daim təmin etməkdir.
Müstəqillik sadəcə tarix kitablarında yazılan bir hadisə deyil, gündəlik həyatımızda yaşadığımız ən böyük nemətdir. Bu günümüzü və sabahımızı işıqlı edən də məhz azad və suveren dövlətimizdir.
Müstəqilliyimiz daim uca, bayrağımız hər zaman zirvədə, dövlətçiliyimiz isə əbədi olsun!
Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin
Riyaziyyat müəllimi Məhəmməd Süleymanov

Oxşar xəbərlər