Tariximizə qızıl hərflərlə yazılan gün

Tariximizə qızıl hərflərlə yazılan gün Azərbaycan Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi. Prezident İlham Əliyev müxtəlif auditoriyalarda birmənalı şəkildə vurğulayırdı ki, erməni əsilli vətəndaşlara da hər cür təminatlar veriləcək və onların təhlükəsizliyi təmin olunacaq. Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər reinteqrasiya prosesinə qoşulmalı və daha yaxşı yaşamaq üçün Azərbaycan vətəndaşlığını qəbul etməli idilər. Ermənilərə Bakıda görüşmək və reinteqrasiya prosesini müzakirə etmək təklifləri təqdim olunmuşdu. Bütün bunlar dövlətimizin və cəmiyyətimizin niyyətini ifadə edirdi. Amma özlərini separatçıların liderləri adlandıranlar tez-tez Ermənistandan, Fransadan təlimatlar almağa gedir və absurd iddialar səsləndirirdilər. Təəssüf ki, Azərbaycanın humanist çağırışlarının əvəzində erməni silahlı qüvvələri sayını artırmaqla, yeni silahlar alıb təxribatlar törətməklə məşğul idilər. Separatçılar müstəqillik iddialarından əl çəkmir, özlərinin oyuncaq “prezident”lərini seçir, qondarma “parlament”ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər.
Vətən müharibəsindəki Zəfərin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz suverenliyini tam bərpa etdi. 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcəkdir.
Azərbaycanın Zəfər tarixi ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpası ilə yekunlaşdı. Bu gün Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəran və digər işğaldan azad edilmiş rayonlarda üçrəngli dövlət bayrağımız qürurla dalğalanır. Beləliklə, Prezident İlham Əliyevin Liderliyi ilə Azərbaycan yeni şanlı tarix yazdı.

Oxşar xəbərlər