
Tarix təkcə illərlə deyil, saatlarla da yazılır. 2023-cü ilin sentyabrında Azərbaycanın öz suveren ərazilərində keçirdiyi lokal antiterror əməliyyatı bunun bariz nümunəsidir. Cəmi bir gündən bir az çox – 24 saat 23 dəqiqə davam edən bu əməliyyat, Azərbaycanın dövlət iradəsinin, əsgərinin hünərinin və xalqın birliyinin göstəricisinə çevrildi.
Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin bərpasından sonra dövlət quruculuğu və təhlükəsizlik sahəsində strateji addımlar atmış, ölkəmizin möhkəm müdafiə və təhlükəsizlik sistemi yaratmaq istiqamətində əsasları qoymuşdur. Onun siyasəti nəticəsində Azərbaycan həm regional, həm də beynəlxalq təhlükəsizlik məsələlərində etibarlı tərəfdaş kimi tanınmışdır.
Bu gün isə Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan antiterror əməliyyatları dövlətimizin və xalqımızın təhlükəsizliyinin təmin olunmasında mühüm mərhələdir. Cənab Prezident İlham Əliyevin qətiyyətli siyasəti, hüquq-mühafizə orqanlarının peşəkarlığı və güclü müdafiə sistemimiz terrorçuluğa qarşı mübarizədə uğurlarımızın əsas səbəbidir.
Bəli, Azərbaycan üç il ərzində səbir nümayiş etdirdi. 2020-ci ildə 44 günlük müharibə ilə başa çatan döyüşlərdən sonra imzalanan üçtərəfli bəyanatın şərtlərinə sadiq qaldı. Amma qarşı tərəfdən gələn təxribatlar, mina partlayışları, əsgərlərimizin şəhid olması və bölgədə qanunsuz silahlı dəstələrin varlığı sükutu pozdu. Azərbaycan xəbərdarlıq etdi, çağırdı, diplomatik yollarla məsələni həll etməyə çalışdı. Lakin bəzən söz kifayət etmir. Və o gün gəldi…
19 sentyabr 2023-cü il… Azərbaycan Ordusu lokal antiterror tədbirlərinə başladı. Əməliyyat bir cümlə ilə belə xarakterizə edilə bilər: “Güclü dövlətin səbrinin sonu.” Hədəflər dəqiq müəyyən edilmişdi – yalnız hərbi obyektlər. Mülki əhali qorundu, humanitar dəhlizlər açıq saxlanıldı, Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlıq edildi. Bu, sadəcə hərbi uğur deyil, həm də humanist dəyərlərə sadiqlik nümunəsi idi.
Əməliyyatın nəticəsi çox gözlənməli olmadı. Qarşı tərəfdəki qanunsuz silahlı dəstələr təslim oldu. Silahlar yerə qoyuldu. Azərbaycan bir daha göstərdi ki, öz torpaqlarında ikinci bir orduya, separatçı rejimə və xaosa yer yoxdur. Qarabağda suverenliyin tam bərpası reallığa çevrildi.
Əməliyyat zamanı Azərbaycan cəmiyyətində tam həmrəylik müşahidə olundu. İctimaiyyət, ziyalılar, gənclər – hər kəs dövlətin yanında idi. Cənab Prezident İlham Əliyev xalqa müraciətində əməliyyatın məqsədini və nəticələrini aydın şəkildə izah etdi. Söz, əməl və nəticə bir yerdə idi. Bu, güclü liderliyin və xalqla dövlətin bir amal uğrunda birləşməsinin nümunəsi idi.
2023-cü ilin sentyabrında baş verən antiterror əməliyyatı yalnız hərbi zəfər deyildi – bu, siyasi, mənəvi və tarixi bir dönüş nöqtəsi idi. Azərbaycan bir daha sübut etdi ki, sülhə can atır, amma təhlükəyə qarşı susmur. Bu 24 saatlıq əməliyyat, onilliklərlə davam edən işğala verilmiş ədalətli cavab idi. Qarabağ artıq tam olaraq Azərbaycanın nəzarətindədir və bu, təkcə bir dövlətin deyil, bir xalqın qürurudur.
Zabrat qəsəbəsi, 75 nömrəli tam orta məktəbin
Azərbaycan dili və Ədəbiyyat müəllimi Təranə Rüstəmova