
2023-cü ilin 19 sentyabr tarixində Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda həyata keçirilmiş antiterror əməliyyatı, ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasında mühüm bir mərhələ olmuşdur. Bu əməliyyat, Azərbaycanın milli təhlükəsizliyini qorumaq, Qarabağda yerləşən qanunsuz erməni silahlı qüvvələrini tərksilah etmək və Azərbaycan Respublikası Konstitusiya quruluşunu bərpa etmək məqsədilə başlatılmışdır. Cəmi 23 saat ərzində uğurla başa çatmış bu əməliyyatın nəticəsində Azərbaycanın Zəfəri təmin edilmiş və Qarabağda Azərbaycanın suverenliyi tam bərpa olunmuşdur.
Antiterror əməliyyatının həyata keçirilməsi zərurəti, üçtərəfli bəyanata əsasən, Ermənistanın 2020-ci ilin 10 noyabr tarixindəki razılaşmaya riayət etməməsi və Qarabağda törədilən təxribatlar nəticəsində yaranmışdı. Belə ki, Azərbaycanın sərhəd və ərazi təhlükəsizliyini təmin etmək məqsədilə çoxsaylı çağırışlara baxmayaraq, Ermənistan tərəfi öz silahlı qüvvələrini, silah və texnikalarını çıxarmamış, əksinə, təxribatları artırmışdır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bu əməliyyatın həyata keçirilməsi, ölkənin milli maraqlarını və xalqının təhlükəsizliyini qorumaq baxımından əhəmiyyətli olmuşdur. Cənab Prezident İlham Əliyev mütəmadi olaraq, Ermənistanın təxribatlarına qarşı sülh çağırışları etməsinə baxmayaraq, bu təxribatların davam etməsi üzündən hərbi əməliyyatın zəruriliyini qeyd etmişdir.
Cənab Prezident İlham Əliyev həmçinin antiterror əməliyyatının başlanmasından əvvəl, Azərbaycan Ordusunun mülki əhalinin təhlükəsizliyinə önəm verərək, əməliyyatın yalnız hərbi hədəflərə yönələcəyini bəyan etmişdir. Prezident İlham Əliyevin bu addımı Azərbaycanın humanist və peşəkar yanaşmasını nümayiş etdirərək, mülki vətəndaşların qorunması üçün hər bir detallı tədbirin alındığını göstərmişdir.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi sahəsində göstərdiyi xidmətlər, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında əldə edilən uğurların təməlini qoymuşdur. Ulu Öndər Heydər Əliyevin siyasəti, Azərbaycan xalqının və dövlətinin gələcəyini düşünərək, yalnız daxili inkişafla deyil, həm də xarici siyasət sahəsində müdrik addımlar atmışdır. Onun dövründə həyata keçirilmiş islahatlar, müstəqil Azərbaycanın beynəlxalq aləmdə tanınmasına və güclü bir orduya sahib olmasına imkan yaratmışdır. Bu, 2023-cü il sentyabrın 19-da baş tutan antiterror əməliyyatının və Azərbaycanın Qarabağda tam suverenlik əldə etməsinin arxasında duran əsas amillərdən biridir.
Azərbaycanın Silahlı Qüvvələri, ağır relyef şəraitinə və düşmənin uzun illər boyu möhkəmləndirdiyi istehkamlarına baxmayaraq, yalnız 23 saat ərzində bütün tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirmişdir. Əməliyyatın nəticəsində 406 kvadratkilometr ərazi azad edilərək, tam şəkildə Azərbaycan Ordusunun nəzarətinə keçmişdir.
Azərbaycan Ordusunun böyük qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirdiyi bu əməliyyatda, düşmənin böyük silah və texnika qüvvələri məhv edilmiş, 310 erməni hərbçisi həlak olmuş, 614 nəfər isə yaralanmışdır. Əməliyyatın aparılmasında məqsəd yalnız düşməni zərərsizləşdirmək deyil, həm də mülki əhalinin təhlükəsizliyini təmin etmək olmuşdur. Azərbaycan hərbçiləri, əməliyyatın gedişində mülki əhalinin təhlükəsizliyinə önəm verərək, onların zərər görməməsi üçün hər cür tədbir almışlar.
Antiterror əməliyyatı, həm də Azərbaycanın humanist prinsiplərə əsaslanan yanaşmasını ortaya qoymuşdur. Hərbi əməliyyat zamanı mülki şəxslərin qorunması , habelə müharibə şəraitində təhlükəsizliyə zəmanət verilən sahələrin mühafizəsi təmin edilmişdir. Hətta, Ermənistan tərəfinin təşəbbüs etdiyi separatizmin qarşısının alınmasında Azərbaycanın humanitar yardımları və reinteqrassiya siyasəti öz əksini tapmışdır.
Nəhayət, 2023-cü ilin oktyabrın 15-də Cənab Prezident İlham Əliyev, Azərbaycan Respublikasının Dövlət Bayragını Xankəndi, Xocalı, Xocavənd və Agdərə şəhərlərində ucaldaraq, Azərbaycanın ərazi bütövlüyunu və suverenliyini tam şəkildə bərpa etdiyini dünyaya göstərmişdir.
Azərbaycan Respublikasının 19-20 sentyabr 2023-cu il tarixli antiterror əməliyyatı, Azərbaycan xalqının və dövlətinin böyük Qələbəsidir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında baş tutan bu əməliyyat, Azərbaycan Ordusunun peşəkarlıgının, qəhrəmanlıgının və Azərbaycanın ərazi bütövlüyü ugrunda mübarizəsinin simvoluna çevrilmişdir. Ulu Öndər Heydər Əliyevin və Cənab Prezident İlham Əliyevin liderliyində Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmuş, Qarabagda Azərbaycanın suverenliyi əbədi olaraq qurulmuş və Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işgalın aradan qaldırıldıgı bütün ərazilərdə bərqərar olmuşdur.
Maştağa qəsəbəsi, 187 № li tam orta məktəbin
tarix müəllimi Şirin Əkbərova