Suverenliyin müasir dövrdə tam qavranılması ona daha geniş prizmadan yanaşmanı tələb edir

Suverenliyin müasir dövrdə tam qavranılması ona daha geniş prizmadan yanaşmanı tələb edir

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilmədi. Azərbaycan 1991-ci ildə müstəqilliyini elan etməklə dövlət suverenliyini bərpa etdi, çünki suverenlik hakimiyyətin ali xüsusiyyətini ifadə edir, sovetlər dövründə isə hakimiyyət ali xüsusiyyətdən məhrum idi. Suverenlik dövlətin mövcudluğunun hüquqi əsası və onun beynəlxalq hüququn subyektinə çevrilməsinin başlıca şərti kimi çıxış edir. Başqa cür desək, dövləti təşkil edən ərazi, əhali və siyasi hakimiyyət kimi obyektiv amillər hüquqi müstəvidə nəzərə alınır. Lakin bu atributları özündə ehtiva edən hər-hansı siyasi varlığın dövlət qurması üçün mütləq şəkildə suverenlik xüsusiyyətinə malik olması qaçılmaz şərtdir.
Suverenlik dövlətin mövcudluğunun və institusional davamlılığının əsas şərti kimi çıxış edir. Suveren dövlət beynəlxalq hüquqda ali hakimiyyəti təmsil edən, özünün daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi olan dövlətdir. Həmçinin suveren dövlət müasir dövlət anlamına gəlir. Əgər bu gün kimsə “müasir dövlət” terminini işlədirsə bu, siyasi müstəvidə suveren dövləti ifadə edir. Çünki bəşəriyyətin hazırkı yaşam tərzi məhz suveren dövlətin meydana çıxmasından sonraya təsadüf edir və onun mahiyyətindən qaynaqlanır. Suveren dövlətin meydana çıxması ilə suveren dövlətlər sistemi yaranıb və müasir beynəlxalq münasibətlər təşəkkül tapıb. Bu münasibətlər suveren dövlətlər arasında yeni normaların və davranış standartlarının yaranması ilə müşayiət edilib. Lakin suverenliyin paradoksal xüsusiyyəti onların tətbiqində meydana çıxan ikili standartlarda özünü büruzə verir. Suverenliyin müasir dövrdə tam qavranılması ona daha geniş prizmadan yanaşmanı tələb edir. Suverenliyin klassik mahiyyəti sual altına alınmır. Bugünkü dövrün reallıqları kontekstində yeni yanaşmalar onun mahiyyətini daha da gücləndirir. Ermənistanın ölkəmizin ərazilərini işğal etməsi Azərbaycanın müəyyən ərazisi üzərində daxili suverenliyini, yəni ali hakimiyyətin tətbiqi sferasını məhdudlaşdırdı. Başqa cür desək, suveren ali hakimiyyətin dövlətin müəyyən ərazisi daxilində tətbiqinə maneə törətdi. Lakın bu işğal Azərbaycanın beynəlxalq hüquqi suverenliyinə heç bir təsir göstərmədi. Nəticə etibarilə Azərbaycanın işğal altında olan Qarabağ bölgəsi bütün işğal dövründə Azərbaycanın suveren ərazisi olaraq qaldı. Suveren dövlətin ərazisi daxilində mövcudluğuna və davamlılığına əsaslanan bu prinsip əslində suveren dövlətlər sisteminin mahiyyətindən doğur. Onun inkar edilməsi beynəlxalq hüquqi suverenliyə ciddi zərbə olardı. Beynəlxalq hüquqi suverenlik isə Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində tanınmasını ehtiva edir. Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etdi və tarixi Zəfər qazandı. 44 gün davam edən müharibə nəticəsində işğal altındakı ərazilərinin bir hissəsini azad edən Azərbaycan digər ərazilərindən - Kəlbəcər, Ağdam və Laçın rayonlarından erməni qoşunlarının çıxarılmasını təmin etdi. Bununla da öz torpaqlarını 30 illik işğaldan azad edən Azərbaycan ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail oldu. Azərbaycanın dövlət suverenliyinin təşəkkülündə mühüm bir mərhələ hesab edilir. Müstəqilliyini əldə etdikdən sonra daim təcavüz və işğala, eləcə də beynəlxalq qurumların təzyiqlərə məruz qalan Azərbaycan dövlət müstəqilliyinin bütün atributlarını təmin etməyə nail oldu. Xalqımızın həyatında müstəsna əhəmiyyət kəsb edən bu möhtəşəm Zəfər sayəsində Azərbaycanın şanlı Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

Maştağa qəsəbəsi,Ə.Vahid adına 293№ tam orta məktəbin
tarix müəllimi Aytən Musayeva

Oxşar xəbərlər