
Azərbaycan xalqı 20 sentyabr tarixində Dövlət Suverenliyi Gününü qeyd edir. Cənab Prezident İlham Əliyev tərəfindən Qarabağda Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında sərəncam imzalanması kifayət qədər böyük tarixi əhəmiyyətə malikdir.
Ermənistanda və işğal olunmuş Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə aparılıb, insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər nəticəsində şəhər və kəndlərimiz viran edilib, ölkəmizin təbii resursları talan olunub, dövrümüzün ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı törədilib. Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın edib və tarixi Zəfər qazanıb. Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail olub. Parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilib.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq, hər il sentyabrın iyirmisinin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilməsini qərara alıb.
Tariximizdə ilk dəfə suverenliyimizi bərqərar edən dövlət rəhbərimiz, böyük strateq, prezidentimiz İlham Əliyevdir. 2023-cü ilin 19 sentyabrında başlayan və bir sutkadan da az davam edən lokal xarakterli antiterror əməliyyatı nəticəsində ölkəmizdə separatizmin kökü kəsildi. Dövlətimizin suverenliyi bütün ərazilərimizdə bərqərar edildi. İlk dəfə olaraq Azərbyacan bayrağı Xankəndi və digər şəhər və qəsəbələrdə dalğalandırıldı. 2024-cü ildə ilk dəfə olaraq bütün ərazilərdə Prezident və parlament seçkiləri keçirildi".
Bakıxanov qəsəbəsi, 107 saylı tam orta məktəbin
kitabxana müdiri Nübar Əliyeva