
Xalqların həyatında elə günlər var ki, onlar tarixə əbədi həkk olunur və milli kimliyin, dövlətçiliyin ayrılmaz hissəsinə çevrilir. Azərbaycan üçün belə günlərdən biri də 20 sentyabr – Dövlət Suverenliyi Günüdür. Bu gün yalnız tarixi hadisələri xatırlatmaqla kifayətlənmir, həm də xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinin rəmzi kimi çıxış edir. Azərbaycan uzun illər ərzində çətin sınaqlardan keçmişdir. 30 ildən çox davam edən işğal dövründə xalqımız doğma torpaqlarından didərgin düşmüş, minlərlə insan ata-baba yurduna həsrət qalmışdır. Buna baxmayaraq, xalqımız heç vaxt mübarizə əzmini itirməmiş, dövlətçilik ideyalarına sadiq qalmışdır. Bu sadiqlik 2020-ci ildə baş vermiş Vətən müharibəsində özünün parlaq nəticəsini verdi. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə tarixi ədaləti bərpa edərək Qarabağı və Şərqi Zəngəzuru düşmən tapdağından azad etdi. Bu qələbə dövlətimizin suverenliyini möhkəmləndirdi, xalqımızın milli qürurunu zirvəyə yüksəltdi. Ardınca 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatları Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etdi. Bu tarixi hadisə bir daha sübut etdi ki, Azərbaycan dövləti güclü iradəyə, müasir orduya və sarsılmaz birliyə malikdir. Artıq ölkəmiz regionun ən nüfuzlu dövlətlərindən birinə çevrilmişdir.
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi də dövlətimizin qazandığı bu nailiyyətlərin təsdiqidir. Konstitusiya xalqın iradəsini ifadə edən ali sənəd, suverenlik isə müstəqilliyimizin təməlidir. Bu qərar həm tarixi qələbələrimizin, həm də gələcək hədəflərimizin rəmzi olaraq xüsusi əhəmiyyət daşıyır.
20 sentyabr bu gün hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Bu tarix bizə azadlığın asanlıqla qazanılmadığını, onun qorunması üçün daim mübarizə aparmaq lazım gəldiyini xatırladır. Azərbaycan xalqı əmindir ki, dövlət müstəqilliyi və suverenliyi əbədi olaraq qorunacaq, üçrəngli bayrağımız daim azad göylərdə dalğalanacaqdır.
Maştağa qəsəbəsi, 209 saylı tam orta məktəbin
azərbaycan dili və ədəbiyyat müəllimi Soltanova Fidan