20 Sentyabr - Dövlət Suverenliyi Günü

20 Sentyabr - Dövlət Suverenliyi Günü
Hər bir xalq üçün müstəqillik ən ali dəyər, ən böyük nailiyyətdir. Azərbaycan xalqı tarix boyu çoxsaylı çətinliklərə, işğallara, məhrumiyyətlərə sinə gərmiş, lakin heç bir qüvvə onun azadlıq və dövlətçilik iradəsini sarsıda bilməmişdir.
Bu gün Azərbaycan xalqı öz müstəqil dövlətinə sahibdir. Qəhrəman əsgər və zabitlərimizin şücaəti, şəhidlərimizin qanı bahasına əldə edilən ərazi bütövlüyü və suverenlik bizim milli sərvətimizdir. Müstəqilliyimizin qorunması və inkişafı hər bir vətəndaşın borcudur.
Azərbaycanın gələcəyi güclü dövlətçilik ənənələrinə, milli birlik və vətənpərvərliyə əsaslanır. Müstəqillik yalnız siyasi qazanım deyil, həm də xalqımızın qürur və şərəf mənbəyidir.
Düz bir il əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyimizi tam bərpa etdi. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi və ölkəmizin ərazi bütövlüyü təmin olundu.
Bu tarixi qələbə həm beynəlxalq hüququn, həm də ədalətin zəfəri idi. Azərbaycan dünyaya bir daha gücünü, qətiyyətini və müstəqilliyinə sadiqliyini nümayiş etdirdi. Bu hadisə xalqımızın dövlətçilik tarixində əbədi qalacaq mühüm səhifələrdən biridir.
Hər bir xalq üçün özünün siyasi, mədəni tarixinə, taleyinə sahib çıxmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək ən böyük nailiyyətdir. Bu, hər xalqa nəsib olmur. Azərbaycan xalqı tarix boyunca qarşılaşdığı iqtisadi, siyasi və hərbi çətinliklərə, işğallara baxmayaraq, müstəqillik və dövlətçilik arzusundan heç vaxt vaz keçməmiş, bu yolda mübarizəsini əsrlər boyu davam etdirmişdir. Heç bir qüvvə xalqımızın bu əzmini sındıra bilməmişdir.
Müstəqilliyin əsas dayağı suverenlikdir. Suverenlik dövlətin ali və qeyri-məhdud hakimiyyətə sahib olmasını ifadə edir. Suveren dövlət – daxili və xarici siyasətində tam müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan, müəyyən ərazisi və daimi əhalisi olan, ali hakimiyyəti təmsil edən dövlətdir. Beynəlxalq hüquqa görə suveren dövlət həm öz vətəndaşları üzərində ali hakimiyyətə malik olmalı, həm də digər suveren dövlətlərlə müstəqil şəkildə münasibət qura bilməlidir.
Beynəlxalq hüququn normalarını və BMT Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Ermənistan uzun illər Azərbaycana qarşı təcavüzkar siyasət yürütmüşdür. Hərbi gücdən istifadə etməklə ölkəmizin beynəlxalq səviyyədə tanınmış əraziləri 30 ildən artıq müddətdə işğal altında saxlanılmış, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirilmişdir.
Bu dövrdə Ermənistan ordusu şəhər və kəndlərimizi viran qoymuş, təbii sərvətlərimizi talamış, tarixi, dini və mədəni abidələrimizi məhv etmişdir. Azərbaycan xalqına qarşı törədilən ən böyük cinayətlərdən biri isə Xocalı soyqırımı olmuşdur.
Bütün bu işğal və zorakılıqlara baxmayaraq, həmin ərazilər beynəlxalq hüquqa görə hər zaman Azərbaycanın suveren ərazisi kimi tanınmışdır. Lakin Ermənistanın hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin icrası ilə bağlı aparılan danışıqlar 30 ilə yaxın davam etsə də, heç bir nəticə verməmişdir.
2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyi baş versə də, yeni hökumət münaqişənin sülh yolu ilə həllinə heç bir töhfə vermədi. Əksinə, bütün sülh təkliflərini rədd etdi və əvvəlki hakimiyyətlər kimi danışıqları uzatmaq taktikasına üstünlük verdi. Azərbaycan isə bu laqeydliyə və işğalçılıq siyasətinə seyrçi qala bilməzdi.
2020-ci il sentyabrın 27-də Ermənistanın başladığı II Qarabağ müharibəsində məqsəd növbəti işğal planlarını həyata keçirmək idi. Lakin qəhrəman Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində Ermənistan ordusunu darmadağın etdi və tarixi Zəfərə imza atdı.
Müharibə nəticəsində Azərbaycanın uzun illər işğal altında qalan torpaqlarının böyük hissəsi azad edildi. Həmçinin, əldə edilən razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonlarında yerləşən Ermənistan silahlı qüvvələri 2020-ci ilin sonuna qədər həmin ərazilərdən çıxdılar.
Beləliklə, Azərbaycan 30 illik işğala son qoyaraq BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra etdi və tarixi ədaləti bərpa etdi.
44 günlük Vətən müharibəsində məğlub olan Ermənistan və qondarma Dağlıq Qarabağ rəhbərliyi sülh danışıqlarına başlamaqdan yayınaraq qeyri-konstruktiv mövqe nümayiş etdirdilər. Heç bir dövlət tərəfindən tanınmayan bu qanunsuz rejimin fəaliyyətini davam etdirməsi beynəlxalq hüquqa zidd və suveren Azərbaycan dövləti üçün qəbuledilməz idi.
2020-ci il 9 noyabr bəyanatına görə, Ermənistanla Qarabağ arasında əlaqə Laçın üzərindən qurulmalı idi. Lakin həmin yol humanitar məqsədlər üçün deyil, silah-sursat daşınması və təxribatların həyata keçirilməsi üçün istifadə olunurdu. Qondarma rejim mütəmadi olaraq atəşkəsi pozur, təhlükəsizliyimizi təhdid edən militarist bəyanatlar verirdi.
Azərbaycan dövləti qətiyyətli addım ataraq 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayı üzərində nəzarət-buraxılış məntəqəsi yaratdı. Bu addım dövlətin suverenliyinin və ərazi bütövlüyünün təmin olunması baxımından mühüm tarixi nailiyyət oldu. Ən önəmlisi isə bu məqsəd heç bir hərbi əməliyyata ehtiyac qalmadan, tam qanuni və sülh yolu ilə həyata keçirildi.
Beləliklə, Azərbaycan beynəlxalq aləmdə tanınmış sərhədləri boyunca nəzarəti tam bərpa edərək dövlət hakimiyyətini daha da möhkəmləndirdi.
2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısını almaq, Ermənistan silahlı qüvvələrinin qalıqlarını tərk-silah etmək və həmin ərazilərdə konstitusiya quruluşunu bərpa etmək məqsədilə antiterror tədbirlərinə start verildi.
Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində qəhrəman Azərbaycan Ordusu qarşıya qoyulan bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Qondarma “Dağlıq Qarabağ rejimi” özünü buraxdığını elan etdi.
Bununla da Azərbaycanın bütün əraziləri üzərində suverenliyi tam şəkildə bərpa olundu. Dövlət hakimiyyətinin aliliyi və nəzarət funksiyası təmin edildi. Bu hadisə Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ olmaqla yanaşı, xalqımızın mübarizə əzminin, Ordumuzun gücünün və ədalətin zəfərinin bariz nümunəsi oldu.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi qeyd olunacaq.
Bu qərar Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası ilə başlanan tarixi yolun kulminasiya nöqtəsini – ərazi bütövlüyü və müstəqillik uğrunda onilliklər boyu aparılan mübarizənin rəmzi sonunu ifadə edir.
Dövlət Suverenliyi Gününün təqvimdə rəsmi yer alması, həm 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfərin, həm də 2023-cü ildə uğurla həyata keçirilən antiterror tədbirlərinin tarixi əhəmiyyətini bir daha vurğulayır. Bu gün XXI əsrdə Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinin və dövlətçiliyimizin əbədi olmasının rəmzinə çevrilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamına əsasən, ölkəmizdə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilmiş, 2025-ci il 11 fevral tarixində isə müvafiq Tədbirlər Planı təsdiq olunmuşdur.
Bu qərar müasir Azərbaycanın dövlətçilik tarixində xüsusi əhəmiyyətə malikdir. Suverenlik dövlətlərin mövcudluğunu və müstəqilliyini təsdiq edən ən mühüm amillərdəndir. Dünya birliyi yalnız suverenliyini təmin etmiş dövlətlərlə əməkdaşlıq edir, onların ərazi bütövlüyünə hörmətlə yanaşır. Konstitusiya və Suverenlik anlayışları isə dövlətin hüquqi-siyasi əsaslarını möhkəmləndirməklə yanaşı, onun milli kimliyini də təsdiq edir və beynəlxalq aləmdə tanıtdırır.
Bu gün Azərbaycan xalqı tam suverenlik şəraitində yeni inkişaf mərhələsinə qədəm qoyub. Dövlətimizin bütün əraziləri bütövlükdə azad edilmiş, sərhədlərimiz tam şəkildə nəzarət altına alınmışdır. Daxili sabitliyin möhkəmlənməsi və iqtisadi yüksəlişin sürətlənməsi üçün yaranmış imkanlar isə ölkəmizin qarşısında yeni hədəflər açır.
“Konstitusiya və Suverenlik İli” Azərbaycanın gələcək uğurlarının təmin olunması, əldə edilən nailiyyətlərin qorunması və daha da möhkəmləndirilməsi baxımından tarixi əhəmiyyətə malikdir.


Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Ülviyyə Fərzalıyeva

Oxşar xəbərlər