Bütün torpaqlarımız üzərində milli suverenliyimiz bərqərar edilib

Bütün torpaqlarımız üzərində milli suverenliyimiz bərqərar edilib 2003-cü ildən sonra Azərbaycanın nail olduğu sürətli inkişaf siyasəti həm də torpaqlarımızın azad ediləcəyi, bütün ərazilərimiz üzərində milli suverenliyimizin bərqərar ediləcəyi tarixi yaxınlaşdırdı. Eyni zamanda 2018-ci ildə Ermənistanda hakimiyyətə gələn siyasi qüvvələrin mövqeyi sülh danışıqlarının mənasız olduğunu ortaya qoydu. 2020-ci ilin sentyabrın 27-də Ermənistanın cəbhə xəttində törətdiyi növbəti hərbi təxribat isə artıq müharibəni qaçılmaz etdi. Həmin gün öz tarixi missiyasına başlayan Azərbaycan Silahlı Qüvvələri cəmi 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi. 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanat Ermənistanın məğlubiyyətinin siyasi-hüquqi təsdiqi oldu.
Azərbaycanın 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda həyata keçirdiyi və 23 saat çəkən lokal antiterror tədbirləri nəticəsində isə torpaqlarımızdakı erməni separatçılığına birdəfəlik son qoyuldu. Qəhrəman ordumuzun möhtəşəm zəfəri ilə yekunlaşan bu əməliyyatla bütün torpaqlarımız üzərində dövlətimizin milli suverenliyi təmin edildi, Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaratmaq kimi sərsəm ideya həmişəlik tarixin zibilliyinə atıldı. Bu tarixi hadisə ilə möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dövlətçilik və suverenlik salnaməsinin növbəti şərəfli səhifəsi yazıldı.
Prezident İlham Əliyevin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında 19 sentyabr 2024-cü il tarixli sərəncamına əsasən hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilir. Bu əlamətdar günün təsis edilməsi xalqımızın özünün ərazi bütövlüyü uğrunda apardığı milli mübarizəsinin, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun yazdığı qəhrəmanlıq salnaməsinin gələcəyə və yeni nəsillərə çatdırılması, onlara aşılanması baxımından müstəsna əhəmiyyətə malikdir. Ərazi suverenliyimizin tam təmin olunması həm də dövlətçilik maraqlarına və xalqımızın həmrəyliyinə, xidmət edən yeni milli ideoloji prinsipləri meydana çıxarır.
Azərbaycanın əsil müstəqilliyini, hüquqi dövlət quruculuğunu və milli suverenliyinin tam bərqərar olunmasını Ulu Öndər Heydər Əliyevin başladaraq həyata keçirdiyi və cənab Prezident İlham Əliyevin qətiyyətlə davam etdirdiyi siyasi kurs təmin etdi. Bu gün şanlı üçrəngli bayrağımız bütün ərazilərimizdə əzəmətlə dalğalanaraq, Azərbaycanın milli suverenliyini bütün dünyaya vüqarla bəyan etməkdədir. Azəraycanın müstəqilliyi daimidir və sarsılmazdır. Heç bir qüvvə tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın müstəqilliyinə və suverenliyinə təhdid yarada bilməz.
Elmar Allahverdiyev-Tərəvəzçilik Elmi Tədqiqat İnstitunun direktoru

Oxşar xəbərlər