Daxili suverenlik dövlətin öz qanunlarını sərbəst qəbul etməsi, daxili idarəçilik və ictimai həyat üzərində tam hakimiyyətə sahib olması deməkdir

Daxili suverenlik dövlətin öz qanunlarını sərbəst qəbul etməsi, daxili idarəçilik və ictimai həyat üzərində tam hakimiyyətə sahib olması deməkdir
Suverenlik dövlətin ən mühüm və əsas xüsusiyyətlərindən biri hesab olunur. Suveren dövlət daxili və xarici siyasətində tamamilə müstəqil olmaqla seçilir və heç bir başqa dövlətin hakimiyyətindən asılı olmur. Belə dövlətlər müəyyən edilmiş coğrafi əraziyə malikdir və həmin ərazidə ali hakimiyyəti təmsil edirlər. Beynəlxalq hüquqa görə suveren dövlət daimi əhalisi, müəyyən olunmuş ərazisi, vahid və ali hakimiyyəti ilə fərqlənir. Eyni zamanda o, digər dövlətlərlə münasibət qurmaq, diplomatik əlaqələr yaratmaq və beynəlxalq müqavilələr imzalamaq səlahiyyətinə sahibdir. Bu isə onun beynəlxalq aləmdə müstəqil siyasi subyekt kimi tanınmasının əsas göstəricisidir. Suverenlik iki əsas aspektdə təzahür edir: daxili və xarici.
Daxili suverenlik dövlətin öz qanunlarını sərbəst qəbul etməsi, daxili idarəçilik və ictimai həyat üzərində tam hakimiyyətə sahib olması deməkdir. Xarici suverenlik isə dövlətin beynəlxalq münasibətlərdə müstəqilliyini, başqa dövlətlərin müdaxiləsindən kənarda fəaliyyət göstərmək imkanını ifadə edir. Hər bir dövlətin suverenliyi beynəlxalq hüquq normaları ilə qorunur və onun ərazisi toxunulmaz sayılır. Bu səbəbdən suveren dövlətin qərarlarına başqa dövlətin qarışması yolverilməzdir. Dövlətlər yalnız öz iradələri ilə əməkdaşlıq və ittifaqlara qoşula bilərlər. Müasir dünyada suveren dövlətlərin rolu xüsusilə böyükdür. Qloballaşma prosesi beynəlxalq münasibətləri daha sıx əlaqələndirsə də, dövlətlərin suveren hüquqları daim qorunmalıdır. Çünki suverenlik yalnız müstəqilliyi deyil, həm də millətin azad iradəsini və öz müqəddəratını təyin etmək imkanını ifadə edir. Suverenlik həmçinin dövlətin gücünü, təhlükəsizliyini və beynəlxalq mövqeyini möhkəmləndirən əsas dayaqlardan biridir. Hər bir xalqın azad yaşaması və milli dəyərlərinin qorunması məhz dövlətin suverenliyi ilə sıx bağlıdır. Bu səbəbdən də beynəlxalq hüquq suverenliyi ali prinsip kimi qəbul edir və onun pozulmasını yolverilməz sayır. Nəticə olaraq, suverenlik dövlətin mövcudluğu və inkişafı üçün əsas şərtdir. Suveren dövlət yalnız öz ərazisində deyil, beynəlxalq aləmdə də müstəqil şəkildə fəaliyyət göstərir. O, həm daxildə sabitliyi təmin edir, həm də xaricdə öz maraqlarını qorumaq gücünə malik olur. Suverenlik olmadan dövlətin müstəqil siyasi subyekt kimi tanınması və inkişaf etməsi qeyri-mümkündür.


Balaxanı qəsəbəsi, 259 nömrəli tam orta ümumtəhsil məktəbi publik hüquqi şəxsi,
Musiqi müəllimi Validə Əlizadə

Oxşar xəbərlər