
Cənab Prezident İlham Əliyevin 18 oktyabr 2025-ci ildə Qazaxıstanın “Kazinform” agentliyinə verdiyi müsahibə iki qardaş ölkə – Azərbaycan və Qazaxıstan arasında möhkəm siyasi, iqtisadi və mədəni əlaqələrin inkişaf səviyyəsini əks etdirir. Müsahibə zamanı dövlət başçımız xalqlarımız arasında tarixi qardaşlıq, dostluq və qarşılıqlı etimadın yüksək səviyyədə olduğunu xüsusi vurğulamışdır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu çoxşaxəli xarici siyasət kursunun Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu əlaqələr strateji müttəfiqlik səviyyəsinə yüksəlmişdir.
Cənab Prezident İlham Əliyev müsahibəsində qeyd etmişdir ki, Qazaxıstan və Azərbaycan arasında əlaqələr təkcə siyasi sahə ilə məhdudlaşmır, həm də iqtisadi, ticarət, investisiya və humanitar istiqamətlərdə genişlənir. İkitərəfli əməkdaşlığın güclənməsi üçün aparılan ardıcıl işlər, xüsusilə nəqliyyat-logistika, enerji və “Orta Dəhliz” layihələri çərçivəsində reallaşdırılan təşəbbüslər mühüm əhəmiyyət daşıyır. Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə Qazaxıstanın inkişafını yüksək qiymətləndirən dövlət başçımız bu münasibətləri xalqlarımızın qarşılıqlı hörmət və etimad ruhunda daha da möhkəmləndirdiyini bildirmişdir.
Müsahibədə Cənab Prezident İlham Əliyev Qazaxıstanla Azərbaycan arasında mədəni və humanitar əməkdaşlığa da xüsusi önəm vermişdir. O, Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin Füzuli şəhərində tikilməsini qardaşlığın bariz nümunəsi kimi dəyərləndirmişdir. Bu təşəbbüs işğaldan azad olunmuş torpaqlarımızda mədəni həyatın bərpasına və gələcək nəslin yaradıcılıq potensialının inkişafına mühüm töhfədir.
Eyni zamanda, Cənab Prezident İlham Əliyev Xəzər dənizində müşahidə olunan ekoloji problemlərə toxunaraq, bütün Xəzəryanı dövlətləri birgə fəaliyyətə və təbiətin qorunması istiqamətində əlaqələndirilmiş tədbirlər görməyə çağırmışdır. Bu, dövlətimizin regional ekoloji təhlükəsizliyə verdiyi önəmin göstəricisidir.
Ümumilikdə, “Kazinform” agentliyinə verilən müsahibə bir daha sübut edir ki, Azərbaycan Respublikası beynəlxalq münasibətlərdə dostluğa, əməkdaşlığa və qarşılıqlı inkişafa əsaslanan siyasət yürüdür. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin davamı olaraq, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz regionda sabitlik, tərəqqi və əməkdaşlıq mərkəzinə çevrilmişdir.
Bakıxanov qəsəbəsi, 107 nömrəli tam orta ümumtəhsil məktəbi
Coğrafiya müəllimi: Nailə İsmayılova