Prezidentin “Euronews”a müsahibəsi ölkəmizin qlobal platformalarda artan siyasi çəkisinin bariz nümunəsidir

Prezidentin “Euronews”a müsahibəsi ölkəmizin qlobal platformalarda artan siyasi çəkisinin bariz nümunəsidir
Prezident İlham Əliyevin xarici televiziya kanallarına və nüfuzlu informasiya agentliklərinə verdiyi müsahibələr hər zaman həm ölkə daxilində, həm də beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. Bu müsahibələr dövlət siyasətinin mahiyyətinin, Azərbaycanın milli maraqlarının və regional proseslərə baxışının qlobal auditoriyaya dolğun və dəqiq şəkildə çatdırılması baxımından mühüm rol oynayır. Davos İqtisadi Forumu çərçivəsində “Euronews” televiziyasına verilən son müsahibə də məhz bu xüsusiyyətləri ilə diqqəti cəlb edir.
Prezident İlham Əliyev milli maraqlarımızı beynəlxalq aktorlara açıq və qətiyyətli formada çatdıraraq Azərbaycanın sülhpərvər, lakin qətiyyətli mövqeyini bir daha nümayiş etdirdi. Prezident müsahibəsində Ermənistanla Azərbaycan arasında sülh prosesi ilə bağlı Azərbaycanın mövqeyini bir daha konkret olaraq ifadə etdi. Dövlətimizin başçısı qeyd etdi ki, “bu gün Cənubi Qafqaz, həmçinin yeni inkişaf mərhələsinə daxil olur. Biz beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir”. Prezidentin açıqlamaları Azərbaycanın Ermənistanla münasibətlərində ciddi dönüş nöqtəsinin yaşandığını göstərir.
Tarixən konflikt və gərginliklə səciyyələnən bölgə indi sülh və əməkdaşlıq imkanları ilə yeni mərhələyə qədəm qoyur. Bu fikirlər Azərbaycanın regionda uzunmüddətli sülh və sabitliyin təmin olunmasında oynadığı aparıcı rolu aydın şəkildə ortaya qoyur. Tarixən münaqişə və gərginliklə müşayiət olunan Cənubi Qafqaz bu gün Azərbaycanın təşəbbüsləri və siyasi iradəsi sayəsində sülh, əməkdaşlıq və inkişaf imkanlarının formalaşdığı bir məkana çevrilməkdədir. Prezident İlham Əliyevin müsahibədə səsləndirdiyi mesajlar bir daha təsdiqləyir ki, Azərbaycan postmünaqişə dövründə yalnız milli maraqlarına əsaslanan, beynəlxalq hüquqa söykənən və regionun gələcəyini hədəfləyən siyasət yürüdür. Davosdan verilən bu müsahibə ölkəmizin qlobal platformalarda artan siyasi çəkisinin, formalaşan yeni reallıqlarda söz sahibi olmasının bariz nümunəsidir.
Prezidentin sözlərinə görə, Azərbaycanın təşəbbüsləri Qafqazda davamlı inkişafın və regional əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. Eyni zamanda, bu siyasət digər dövlətlər üçün nümunədir və göstərir ki, güc, diplomatiya və tərəfdaşlıq prinsiplərinin düzgün və balanslı istifadəsi uzunmüddətli sülhün təmin olunmasında əsas rol oynayır.
Alidə Aslanova-YAP Sabunçu rayon təşkilatının məsləhətçisi

Oxşar xəbərlər