Enerji sahəsində Azərbaycan regionun aparıcı ölkəsidir

Enerji sahəsində Azərbaycan regionun aparıcı ölkəsidir
Hazırda dünyada gedən proseslər göstərir ki, beynəlxalq münasibətlər əvvəlki kimi deyil. Bir çox hallarda beynəlxalq hüquq normaları selektiv şəkildə tətbiq olunur və güc amili daha çox ön plana çıxır. Belə bir şəraitdə Azərbaycan öz milli maraqlarını əsas götürərək düşünülmüş və məqsədyönlü siyasət həyata keçirir. Bu məsələlər cənab prezident İlham Əliyevin 20 yanvar 2026-cı ildə Davosda “Euronews” televiziyasına verdiyi müsahibədə ətraflı şəkildə öz əksini tapmışdır.
Cənab prezident İlham Əliyev müsahibəsində qeyd etmişdir ki, mövcud qlobal reallıqlar hər bir dövlətdən çevik və real siyasət tələb edir. Azərbaycan da beynəlxalq hüquqa hörmət etməklə yanaşı, öz maraqlarını qorumağı əsas prioritet kimi müəyyən etmişdir. Ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün təmin olunması bu siyasətin mühüm nəticələrindəndir.
Azərbaycanın bu gün həyata keçirdiyi siyasətin təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndər Heydər Əliyevin formalaşdırdığı müstəqil dövlətçilik xətti ölkənin beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə xidmət etmişdir. Bu siyasi xətt hazırda cənab prezident İlham Əliyev tərəfindən ardıcıl və uğurla davam etdirilir.
Cənubi Qafqaz regionunda sülhün və sabitliyin təmin edilməsi Azərbaycanın əsas məqsədlərindən biridir. Uzun illər davam etmiş münaqişədən sonra regionda yeni münasibətlər mərhələsi başlayır. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması region üçün yeni imkanlar yaradır və davamlı sülhə xidmət edir.
Enerji sahəsində Azərbaycan regionun aparıcı ölkəsidir. Ölkəmiz neft və qaz ixracı ilə bir çox Avropa dövlətlərinin enerji təhlükəsizliyinə töhfə verir. Müasir nəqliyyat və boru kəməri infrastrukturu Azərbaycanın etibarlı tərəfdaş olduğunu göstərir.
Müsahibədə cənab prezident İlham Əliyev Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli mövqeyinə də toxunmuşdur. Bildirilmişdir ki, Azərbaycan əsassız tənqidlərə reaksiya vermək niyyətində deyil və yalnız qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığı qəbul edir.
Nəticə olaraq qeyd etmək olar ki, Azərbaycan bu gün müstəqil, düşünülmüş və milli maraqlara əsaslanan siyasət yürüdür. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strateji yol cənab prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və ölkənin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə xidmət edir.

Bakıxanov qəsəbəsi,74 nömrəli tam orta məktəbin
müəllimi Nurlan Əliyev


Oxşar xəbərlər