İkitərəfli əlaqələrin inkişafı yüksək səviyyədədir

İkitərəfli əlaqələrin inkişafı yüksək səviyyədədir
Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr yüksək səviyyədədir. Xalqlarımız arasında münasibətlər ortaq tarixi, etnik və mədəni köklərə əsaslanır. Ölkələrimizin liderləri arasında səmimi dostluq və yüksək səviyyəli dialoq tərəfdaşlığın hərtərəfli inkişafına mühüm təkan verir. Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafı Ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri sayəsində mümkün olub ki, bu gün münasibətlərin inkişafında Prezident cənab İlham Əliyevin əvəzsiz xidmətləri var. Ümummilli lider Heydər Əliyevin Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə ilk görüşlərindən biri 19 oktyabr 1994-cü ilə təsadüf edib. Həmin vaxt Türkdilli Ölkələrin Dövlət Başçılarının ikinci Zirvə görüşündə iştirak edən Ulu öndər Heydər Əliyev və Nursultan Nazarbayev iki ölkə arasındakı münasibətlərin inkişaf perspektivlərini müzakirə ediblər. Görüş zamanı Azərbaycanla Qazaxıstan arasında həm ikitərəfli, həm də türk dövlətlərinin münasibətləri çərçivəsində əlaqələrin qurulmasına dair qərar qəbul edilib.
Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, xüsusi ilə yeni dönəmdə yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Təbii ki, burada Qazaxıstan Respublikasının yeri çox əhəmiyyətlidir. Əlaqələrin inkişafında isə qarşılıqlı olaraq rəsmi dövlət səfərlərinin rolu danılmazdır.
Prezident cənab İlham Əliyev mətbuata bəyanatında ölkələrimiz arasında əlaqələrin regional əməkdaşlıq, o cümlədən Xəzər hövzəsində və daha geniş coğrafiyada səmərəli əməkdaşlıq üçün böyük önəm daşıdığını bildirib. Ölkə rəhbəri bu əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu söyləyib, bütün bunların ticarət dövriyyəsinin həcminin artırılması, əlavə biznes imkanlarının yaradılması, energetika, nəqliyyat və digər sahələrdə genişmiqyaslı layihələrin həyata keçirilməsi işinə xidmət etdiyini diqqətə çatdırıb. Hər iki ölkə son illərdə bütün region üçün mühüm önəm daşıyan bir sıra layihələrin icrasına fəal qoşulub. Məsələn, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) imkanlarının genişləndirilməsi, Xəzərin dibi ilə fiber-optik rabitə xəttinin və enerji kabelinin çəkilməsi, Azərbaycan vasitəsilə neft və uranın ixracı, habelə Qazaxıstandan Azərbaycan bazarına buğda tədarükünün reallaşdırılması istiqamətindəki təşəbbüslərin diqqət mərkəzində saxlanılması nəticəsində Azərbaycan-Qazaxıstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Dadaş Məmmədov - YAP Sabunçu rayon təşkilatının fəal üzvü

Oxşar xəbərlər