Yanvarın 19-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfəri başlayıb. Səfər çərçivəsində yanvarın 20-də ölkə başçısı Davosda Avropanın aparıcı televiziya kanalı olan “Euronews” televiziyasına geniş məzmunlu müsahibə verib. Qeyd edilib ki, hazırda ölkələr artıq beynəlxalq hüquq normalarının dünya ictimaiyyətinin bütün üzvləri üçün mütləq görünmədiyi vəziyyətlə üzləşiblər. Bu gün Azərbaycanın atdığı hər bir addım, gördüyü hər bir iş - istər siyasi inkişaf, istərsə də suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası beynəlxalq hüquqa və ümumi dəyərlərə uyğundur. Prezident İlham Əliyev öz müsahibəsində yaxın qonşumuz olan İranla münasibətlərə toxunub. Qeyd edilib ki, “Azərbaycan da daxil olmaqla, hər bir ölkə özünün sərhədləri boyu sabitlik haqqında düşünməlidir. Azərbaycana gəldikdə, bizdə ölkə daxilində potensial risklər mövcud deyil. “
Müsahibədə Avropa ölkələrini bu gün ən çox narahat edən enerji təminatı məsələlərinə də yer ayrılıb. Bildirilib ki, Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və onları Cənubi Qafqazın digər ölkələrinə ixrac edən yeganə ölkədir. Bölgənin digər ölkələri - uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir. Avropa və Avropa İttifaqı ilə isə ölkəmizin enerji əməkdaşlığı artmaqdadır. Hazırda Azərbaycan artıq 16 ölkəyə təbii qaz ixrac edir ki, onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri ilə nəql edilən qaz ixracatının coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir.
Azərbaycan məhz bu prinsipə əsaslanaraq regional və beynəlxalq arenada uğur əldə edib. Ölkəmizin diplomatik fəaliyyəti, iqtisadi layihələri və hərbi gücü milli maraqların qorunmasına xidmət edir və Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır. Bu uğurlar həmçinin Azərbaycanın BMT, İqtisadi Əməkdaşlıq Təşkilatları və digər beynəlxalq platformalarda nüfuzunu möhkəmləndirir. Prezident İlham Əliyev bildirib ki, müasir dövrdə güc və potensialın balanslı istifadəsi hər bir dövlət üçün həyati əhəmiyyət daşıyır. Azərbaycanın təcrübəsi göstərir ki, milli maraqların qorunması, suverenlik və ərazi bütövlüyünün təmin olunması üçün güclü, məqsədyönlü və planlı siyasət aparmaq vacibdir.
Əfləddin Həsənov-Sabunçu bələdiyyəsinin sədri