Azərbaycanda vətəndaşlar özəl xəstəxanalarda da onkoloji yardım ala biləcək

Azərbaycanda vətəndaşlar özəl xəstəxanalarda da onkoloji yardım ala biləcək Azərbaycanda vətəndaşlar özəl tibb müəssisələrində də onkoloji yardım ala biləcək.

Bununla bağlı "Əhalinin sağlamlığının qorunması haqqında" və "Onkoloji yardım haqqında" qanunlara dəyişiklik edilir.

Parlamentin Səhiyyə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan dəyişiklik layihəsinə əsasən, ixtisaslaşdırılmış özəl tibb müəssisələri ilə yanaşı, "Lisenziyalar və icazələr haqqında" qanunun tələblərinə əsasən yalnız onkoloji yardım üzrə lisenziyaya malik özəl tibb müəssisələri xidmət göstərə biləcək.

Məlumat verilib ki, hazırda "Onkoloji yardım haqqında" qanunun tələblərinə əsasən onkoloji xidmət yalnız onkoloji xidmət göstərilməsi üçün ixtisaslaşmış dövlət müəssisələrində mümkündür. Bu xüsusda, Azərbaycan vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir.

Həmçinin, dövlət tərəfindən onkoloji xəstələrin dispanserizasiyası, müayinə, müalicə və reabilitasiyasını həyata keçirən ixtisaslaşdırılmış dövlət tibb müəssisələrinin, onkoloji xidmət strukturlarının yaradılması və onların maddi-texniki bazasının gücləndirilməsinə təminat verilir.

Qeyd olunub ki, onkoloji xəstələrə müalicə-diaqnostika yardımı fərdi müraciət və ya müalicə-profilaktika müəssisəsinin göndərişi əsasında ixtisaslaşdırılmış onkoloji müəssisələrdə göstərilir. Onkoloji xəstələrin dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi üzrə tədbirlər dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilir.

"Əhalinin sağlamlığının qorunması haqqında" qanunun 24-cü maddəsi pasiyentin öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək hüququnu təsbit edir. Yəni pasiyent öz iradəsi ilə dövlət və ya özəl tibb müəssisəsində müalicə almaq hüququna malikdir. Lakin, "Onkoloji yardım haqqında" qanuna əsasən vətəndaşlar yalnız ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində xidmət ala bilərlər.

Qeyd edilənlərə əsasən hər hansı özəl tibb müəssisəsi bu fəaliyyətlə məşğul olarsa, lisenziyadan kənar fəaliyyət hesab olunur və məsuliyyətə cəlb edilir.

Diqqətə çatdırılıb ki, hazırda ölkədə onkoloji yardım alan xəstələrin çoxluğu, təminatın sırf dövlət büdcəsi hesabına həyata keçirilməsi vətəndaşların ölkə xaricinə üz tutmasına səbəb olur. Halbuki, ölkə ərazisində onkoloji yardım xidməti ilə məşğul ola biləcək müasir avadanlıqlarla təchiz edilmiş və ixtisaslı həkimlərin fəaliyyət göstərdiyi özəl tibb müəssisələri mövcuddur.

Bu səbəbdən, sözügedən problemin aradan qaldırılması məqsədilə "Lisenziyalar və icazələr haqqında" qanunun tələblərinə əsasən özəl tibb müəssisələri tərəfindən onkoloji yardımın həyata keçirilməsi təklif edilir.

Layihənin qəbul olunması nəticəsində ixtisaslaşdırılmış özəl tibb müəssisələri ilə yanaşı, "Lisenziyalar və icazələr haqqında" qanunun tələblərinə əsasən yalnız onkoloji yardım üzrə lisenziyaya malik özəl tibb müəssisələri tərəfindən xidmət həyata keçiriləcək. Bu da vətəndaşların öz iradəsinə əsasən istənilən tibb müəsisəsində tibbi xidmət almasına səbəb olmaqla Azərbaycan vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin öz mülahizələrinə əsasən müstəqil surətdə öz müalicə həkimlərini seçmək və müvafiq tibb müəssisəsində müalicə almaq hüququ təmin ediləcək.

Oxşar xəbərlər