Azərbaycan işğal və müharibə kimi ağır sınaqlardan keçmiş bir ölkə kimi sülhün və sabitliyin dəyərini hamıdan yaxşı anlayır

Azərbaycan işğal və müharibə kimi ağır sınaqlardan keçmiş bir ölkə kimi sülhün və sabitliyin dəyərini hamıdan yaxşı anlayır
2026-cı il yanvarın 20-də Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə müasir beynəlxalq münasibətlər sistemində baş verən dərin dəyişikliklərin, Cənubi Qafqazda formalaşan yeni siyasi reallıqların və Azərbaycanın qlobal miqyasda artan strateji əhəmiyyətinin aydın ifadəsi oldu. Dövlət başçısının səsləndirdiyi fikirlər təkcə cari proseslərə münasibət deyil, eyni zamanda Azərbaycanın uzunmüddətli dövlətçilik və xarici siyasət konsepsiyasının təqdimatı kimi dəyərləndirilə bilər.
Prezident İlham Əliyev müsahibəsində xüsusi vurğuladı ki, beynəlxalq hüquq normaları artıq dünya ictimaiyyətinin bütün üzvləri üçün mütləq və dəyişməz meyar kimi qəbul edilmir. Müasir beynəlxalq münasibətlər sistemi getdikcə “qanunun aliliyi” prinsipindən uzaqlaşaraq “güc qaydası”nın dominant olduğu yeni bir mərhələyə daxil olur. Bu reallıq fonunda hər bir dövlət öz siyasətini real potensialına, milli maraqlarına və təhlükəsizlik tələblərinə uyğun qurmağa məcburdur.
Məhz bu kontekstdə Azərbaycan öz strateji məqsədlərinə milli maraqlar əsasında nail olub. Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkəmiz bütün addımlarını beynəlxalq hüquqa tam riayət etməklə atıb və suverenliyinin, ərazi bütövlüyünün bərpasını məhz bu prinsiplər çərçivəsində həyata keçirib. Bu yanaşma Azərbaycanın həm hüquqi, həm də siyasi legitimliyini beynəlxalq müstəvidə möhkəmləndirib.
Bu siyasətin ideoloji və strateji əsasları müasir Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyev tərəfindən hələ müstəqilliyin ilk illərində müəyyənləşdirilmişdir. 1990-cı illərin mürəkkəb və ziddiyyətli geosiyasi şəraitində Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqil və balanslı xarici siyasət kursunu formalaşdıraraq milli maraqları ali prinsip kimi önə çəkmişdi. Onun “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir” konsepsiyası bu gün Prezident İlham Əliyevin siyasətində yeni beynəlxalq reallıqlara uyğun şəkildə uğurla davam etdirilir.
Müsahibədə Cənubi Qafqazda sülh mövzusu xüsusi yer tutdu. Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Qafqazda otuz ildən artıq davam edən münaqişə və qanlı qarşıdurmalardan sonra sülhün qurulması istiqamətində göstərilən səylərə verilən beynəlxalq qiymət kimi təqdim olundu. Dövlət başçısı bu mükafatı şəxsi nailiyyət deyil, Azərbaycanın sülh gündəliyinə və regionda sabitliyə verdiyi töhfənin tanınması kimi dəyərləndirdi.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan müstəqillik tarixində ilk dəfə real sülh şəraitində yaşayır. Beş-altı aydır davam edən bu yeni mərhələ həm cəmiyyət üçün xüsusi bir hiss, həm də ölkənin inkişafı üçün böyük tarixi fürsətdir. Azərbaycan-Ermənistan münasibətlərinin qarşıdurmadan əməkdaşlıq mərhələsinə keçməsi bu sülh mühitinin əsas göstəricilərindəndir. Nəqliyyat məhdudiyyətlərinin aradan qaldırılması, Ermənistana enerji daşıyıcılarının tədarükünə başlanması regionda qarşılıqlı asılılıq və etimad mühitinin formalaşmasına xidmət edir.
Bu yanaşma bir daha göstərir ki, Azərbaycan sülhü yalnız siyasi bəyanatlarda deyil, konkret və praktik addımlarla möhkəmləndirməyə çalışır. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, məqsəd Cənubi Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olmaqdır.
Müsahibədə ölkədaxili sabitlik və regional təhlükəsizlik məsələlərinə də toxunuldu. Prezident İlham Əliyev Azərbaycanın daxilində potensial risklərin mövcud olmadığını, ölkədə ictimai-siyasi sabitliyin tam təmin edildiyini bildirdi. Bununla yanaşı, bütün risklərin əsasən xarici amillərlə bağlı olduğunu qeyd edərək, regionda, xüsusilə də İranda müşahidə olunan qeyri-sabitliyin narahatlıq doğurduğunu vurğuladı.
Azərbaycan işğal və müharibə kimi ağır sınaqlardan keçmiş bir ölkə kimi sülhün və sabitliyin dəyərini hamıdan yaxşı anlayır. Dövlət başçısının sözlərinə görə, məhz sabitlik, təhlükəsizlik və proqnozlaşdırıla bilən mühit istənilən ölkənin inkişafı və uğuru üçün əsas şərtdir.
Prezident İlham Əliyevin Davos müsahibəsində Azərbaycanın enerji siyasəti də mühüm yer tutdu. Bu sahədə əldə olunan nailiyyətlərin əsası da ümummilli lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ilə qoyulmuşdur. “Əsrin müqaviləsi” ilə başlanan yol bu gün Azərbaycanın Avropanın və daha geniş coğrafiyanın enerji təhlükəsizliyində əsas aktorlardan birinə çevrilməsi ilə nəticələnib.
Hazırda Azərbaycan 16 ölkəyə təbii qaz ixrac edir ki, onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazının coğrafi əhatəsinə görə Azərbaycanın dünyada birinci yerdə olması ölkəmizin qlobal enerji bazarındakı strateji mövqeyini açıq şəkildə nümayiş etdirir. Avropa ilə enerji əməkdaşlığı qarşılıqlı maraqlara əsaslanır: Avropa ölkələri etibarlı enerji mənbəyi əldə edir, Azərbaycan isə öz resurslarını premium bazarda satmaq imkanı qazanır.
Müsahibədə Avropa Parlamenti ilə münasibətlər məsələsi də diqqət mərkəzində oldu. Prezident İlham Əliyev bu qurumun Azərbaycana qarşı uzun illərdir davam edən qərəzli mövqeyinə artıq reaksiya verilmədiyini açıq şəkildə bildirdi. Azərbaycan Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı dayandırsa da, Avropa Komissiyası ilə konstruktiv və praqmatik münasibətləri davam etdirir. Bu yanaşma ölkəmizin xarici siyasətində prinsipiallıqla realizmin vəhdətini əks etdirir.
Prezident İlham Əliyevin Davosdan verdiyi mesajlar bir daha göstərdi ki, Azərbaycan Heydər Əliyev siyasi məktəbinə əsaslanan müstəqil dövlətçilik xəttini yeni qlobal çağırışlar şəraitində inamla davam etdirir. Sülh, sabitlik, enerji təhlükəsizliyi və milli maraqlara söykənən bu siyasət Azərbaycanın yeni dünya düzənində mövqelərini daha da möhkəmləndirir və ölkəmizi regionun aparıcı siyasi və iqtisadi gücünə çevirir.

Maştağa qəsəbəsi, 255 nömrəli tam orta məktəbin
Azərbaycan dili və Ədəbiyyat müəllimi Fatimə Şahverdiyeva



Oxşar xəbərlər