Azərbaycan və Qazaxıstan eyni mədəni-sivilizasiyaya, ortaq türk köklərinə sahib ölkələrdir

Azərbaycan və Qazaxıstan eyni mədəni-sivilizasiyaya, ortaq türk köklərinə sahib ölkələrdir
Prezident İlham Əliyev 2025-ci ilin oktyabr ayında Qazaxıstanın “Kazinform” informasiya agentliyinə müsahibə verib. Prezident İlham Əliyevin Kazinform informasiya agentliyinə verdiyi müsahibə Azərbaycan–Qazaxıstan münasibətlərinin dərinliyini və strateji mahiyyətini bir daha ortaya qoyur. Müsahibədə vurğulandığı kimi, iki ölkə arasındakı münasibətlər sadəcə protokollarla məhdudlaşmır, əksinə, qarşılıqlı etimad və tarixi bağlara əsaslanan strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Prezidentin qeyd etdiyi kimi, “Azərbaycan və Qazaxıstan arasında münasibətlər qarşılıqlı hörmət, etimad və qardaşlıq prinsiplərinə söykənir”.
Azərbaycan və Qazaxıstan eyni mədəni-sivilizasiyaya, ortaq türk köklərinə sahib ölkələrdir. Bu amil təkcə diplomatik əlaqələrin deyil, həm də regional proseslərdə vahid mövqelərin formalaşdırılmasına səbəb olur. İlham Əliyev müsahibəsində bildirir ki, 30 il ərzində iki ölkə arasında 170-dən çox hüquqi sənəd imzalanıb və bu sənədlər münasibətlərin möhkəm hüquqi bazasını təmin edir. Bu sənədlər arasında 2022-ci ildə imzalanmış “Strateji Tərəfdaşlıq və Müttəfiqlik haqqında Bəyannamə” xüsusi əhəmiyyət daşıyır.Azərbaycan Prezidentinin son 3 il ərzində Qazaxıstana 7 dəfə səfər etməsi, qarşılıqlı rəsmi səfərlərin intensivliyi, dövlətlərarası əlaqələrin yüksək səviyyədə olduğunu göstərir. Bu dinamika diplomatik münasibətlərin formal xarakter daşımadığını, əksinə, praktik nəticələrə yönəldiyini göstərir.İlham Əliyevin müsahibəsində iqtisadi əlaqələrə dair səsləndirdiyi rəqəmlər iki ölkə arasında artan ticarət dövriyyəsinin göstəricisidir. 2024-cü ildə ticarət dövriyyəsi 470 milyon ABŞ dolları təşkil etmiş, 2025-ci ilin ilk 8 ayında bu göstərici 547 milyon dollara yüksəlmişdir. Bu tendensiya iki ölkənin iqtisadi əlaqələrinin gücləndirilməsi istiqamətində real addımlar atdığını sübut edir.
Azərbaycanın Qazaxıstan iqtisadiyyatına 225 milyon dollar sərmayə yatırması, Qazaxıstanın isə Azərbaycana 136 milyon dollar investisiya etməsi qarşılıqlı iqtisadi maraqların mövcudluğunu nümayiş etdirir. Hazırda Azərbaycanda Qazaxıstan kapitalı ilə 250-yə yaxın şirkət fəaliyyət göstərir. Bu göstəricilər iki ölkənin bir-birinin iqtisadiyyatında fəal iştirak etdiyini göstərir və qarşılıqlı güvənin iqtisadi müstəvidə də təsdiqidir.Eyni zamanda, Azərbaycan və Qazaxıstan Orta Asiya və Cənubi Qafqaz bölgələrində enerji və nəqliyyat dəhlizlərinin inkişafında mühüm tərəfdaşlardır. Bu əməkdaşlıq təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan əhəmiyyətlidir.Prezident İlham Əliyevin müsahibəsində xüsusi yer tutan məsələlərdən biri də Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) layihəsidir. Bu dəhliz Çin və Orta Asiyanı Azərbaycan üzərindən Avropa ilə birləşdirən alternativ ticarət və nəqliyyat yoludur. 2024-cü ildə Azərbaycan-Qazaxıstan xətti üzrə daşınan yükün həcmi 3,5 milyon tonu keçib ki, bu da əvvəlki illə müqayisədə 20 faiz artım deməkdir.Bu nəticə Qazaxıstanın Aktau limanı və Azərbaycanın Ələt limanı arasında artan sinxronizasiya və logistika idarəetməsinin səmərəli həyata keçirildiyini göstərir. Prezident İlham Əliyev bildirir ki, bu layihənin uğurlu həyata keçirilməsi üçün tarif siyasətinin koordinasiyası, gömrük prosedurlarının sadələşdirilməsi və nəqliyyat sistemlərinin rəqəmsallaşdırılması vacibdir. Prezident eyni zamanda vurğulayır ki, bu dəhlizin davamlı fəaliyyəti üçün yalnız infrastruktur deyil, siyasi iradə və regional sabitlik də əsas şərtlərdir.
Əlavə olaraq, Xəzər dənizinin dibi ilə çəkiləcək fiber-optik kabel layihəsi də informasiya-kommunikasiya sahəsində strateji əməkdaşlığın nümunəsidir. 2026-cı ilə qədər yekunlaşması planlaşdırılan bu layihə, regionda rəqəmsal əlaqələrin güclənməsinə və internet trafikinin şaxələndirilməsinə töhfə verəcək.
Enerji sahəsində əməkdaşlıq Azərbaycan və Qazaxıstan münasibətlərində xüsusi əhəmiyyətə malikdir. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Qazaxıstanın “KazMunayGaz” şirkəti arasında 1,5 milyon ton neftin Aktau–Ceyhan marşrutu ilə daşınması barədə razılaşma əldə olunub. Bu, Xəzər dənizi üzərindən enerji daşımalarının şaxələndirilməsi və təhlükəsiz marşrutlarla təmin olunması baxımından strateji addımdır.Bununla yanaşı, Prezident İlham Əliyev müsahibəsində “yaşıl enerji” məsələsinə də toxunur. Azərbaycanın bu sahədə Qazaxıstan, Özbəkistan və digər region ölkələri ilə əməkdaşlığı genişlənməkdədir. Bərpa olunan enerji mənbələri üzrə təcrübə mübadiləsi, texnologiya transferi və “yaşıl enerji dəhlizi”nin yaradılması regional enerji sistemlərinin gələcəyini formalaşdırmaq gücündədir.
Azərbaycanın COP29-a ev sahibliyi etməsi və ölkənin “yaşıl enerji” konsepsiyasını prioritet elan etməsi fonunda, Qazaxıstanla bu sahədə əməkdaşlıq ekoloji və iqtisadi davamlılıq baxımından önəm daşıyır.
Azərbaycan və Qazaxıstan arasında mədəni əməkdaşlıq dərin tarixi köklərə əsaslanır. Prezident İlham Əliyev mədəniyyət sahəsində həyata keçirilən layihələri yüksək qiymətləndirir. “Qazaxıstan Mədəniyyəti Günləri”nin Azərbaycanda, “Azərbaycan Mədəniyyəti Günləri”nin Qazaxıstanda təşkili iki xalq arasında mədəni bağları daha da gücləndirir.Əliyev müsahibəsində xüsusi vurğulayır ki, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlıq yalnız mədəni deyil, eyni zamanda siyasi və iqtisadi koordinasiyanı da əhatə edir. Türk dünyasının inteqrasiyası fonunda Azərbaycan və Qazaxıstanın mərkəzi rol oynaması, ortaq layihələrin təşviqi, türk dilində təhsilin və medianın dəstəklənməsi kimi məsələlər gündəmdədir.Müsahibədə Qazax yazıçısı Kəmel Tokayevin əsərinin Azərbaycan dilinə tərcümə olunması da vurğulanır. Bu cür təşəbbüslər ədəbi və mənəvi bağların möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.Prezident İlham Əliyevin Kazinform agentliyinə verdiyi müsahibə sadəcə protokol xarakterli açıqlama deyil, əksinə, Azərbaycan–Qazaxıstan münasibətlərinin çoxşaxəli təhlilinə və gələcək strateji istiqamətlərin müəyyənləşdirilməsinə dair konseptual yanaşmadır.

Maştağa qəsəbəsi, 28 №-li tam orta məktəbin
Tarix müəllimi Həsən Xələfov


Oxşar xəbərlər