Azərbaycanın beynəlxalq sülhün qurulması və münaqişələrdən sonrakı dövrdə sabitliyin təmin olunması istiqamətində icra etdiyi funksiyalar, ortaya qoyduğu model və təşəbbüslər onu təkcə regional deyil, qlobal səviyyədə də etibarlı tərəfdaş kimi ön plana çıxarır. Bu baxımdan beynəlxalq aləmdə mühüm təşəbbüslərə imza atan, real nəticələr ortaya qoyan, böyük potensiala malik bir ölkədən, regionun aparıcı dövlətindən söhbət gedir. Azərbaycanın enerji sektorunda rolu müsahibədə ətraflı şəkildə vurğulandı. Prezident Əliyev qeyd etdi ki, Azərbaycan Cənubi Qafqazda enerji ehtiyatlarına malik və onları ixrac edən yeganə ölkədir. Region ölkələri - uzun illərdir ki Gürcüstan, indi isə Ermənistan - enerji ehtiyatlarını Azərbaycandan idxal edir. Avropa İttifaqı ilə enerji əməkdaşlığı isə xüsusilə əhəmiyyətlidir. Azərbaycan hazırda 16 ölkəyə təbii qaz tədarük edir ki, bunlardan 10-u Avropa İttifaqı üzvüdür. Prezident Əliyevin sözlərinə görə, boru kəməri qazının coğrafi əhatə dairəsinə görə Azərbaycan dünyada birinci yerdədir. "Bizim ehtiyatlarımız, nəqliyyat sistemimiz, müasir boru kəmərlərimiz var. Bir çox Avropa ölkələri ilə yaxşı münasibətlərimiz var və onlar üçün bu, enerji təhlükəsizliyini gücləndirmək yoludur. Bizim üçün isə bu, resurslarımızı premium bazarda satmaq imkanıdır" - bu açıqlama qarşılıqlı faydalı əməkdaşlığın mahiyyətini əks etdirir. Cənab Prezident İlham Əliyev həmçinin qeyd etdi ki, Azərbaycan qazını yalnız Avropaya deyil, son vaxtlar Suriyaya da ixrac etməyə başlayıb, lakin qiymət baxımından Avropa bazarı əlbəttə ki, ən yaxşı variantdır.
Enerji təhlükəsizliyi sahəsində Azərbaycan Avropa üçün etibarlı və mühüm tərəfdaşdır. Ölkənin enerji potensialı və infrastrukturu regional və qlobal əhəmiyyət kəsb edir. Azərbaycan qərəzli yanaşmaları qəbul etmir, lakin konstruktiv əməkdaşlığa açıqdır. Avropa Parlamenti ilə münasibətlərdə birmənalı mövqe ifadə edilsə də, Avropa Komissiyası ilə əməkdaşlıq davam edir. Regional sabitlik və təhlükəsizlik Azərbaycanın prioriteti olaraq qalır və ölkə bu istiqamətdə fəal siyasət həyata keçirir. Ümumiyyətlə, bu müsahibə Azərbaycanın müasir dünyada öz yerini möhkəmləndirən, konstruktiv beynəlxalq münasibətlər quran və regional sabitliyə töhfə verən müstəqil, güclü və etibarlı dövlət kimi mövqeyini bir daha təsdiqlədi. Prezident İlham Əliyevin açıq, konkret və məntiqli açıqlamaları ölkənin beynəlxalq aləmdəki nüfuzunu gücləndirən və Azərbaycanın gələcək perspektivlərini əks etdirən mühüm siyasi bəyanat oldu. Davosdan səslənən bu mesajlar Azərbaycanın yalnız regional deyil, qlobal proseslərdə də mühüm rol oynamağa hazır olduğunu göstərir. Sülh, sabitlik və inkişaf üçüncülüyü üzərində qurulan bu strategiya gələcəkdə də ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət edəcək.
Prezident İlham Əliyevin "Euronews"a verdiyi müsahibə bir neçə əsas mesajı özündə birləşdirir. Azərbaycan dəyişən dünya düzənində öz yerini aydın şəkildə müəyyənləşdirib və milli maraqlarını beynəlxalq hüquqa hörmətlə uzlaşdıraraq müstəqil siyasət yürüdür. Ermənistanla sülh prosesi deklarativ xarakter daşımır, konkret addımlarla dəstəklənir və regional əməkdaşlığa çevrilir. Əbədi sülh məqsədi təkcə söz deyil, real fəaliyyətlə təmin edilir.
Vüqar Musayev-YAP Sabunçu rayon təşkilatının məsləhətçisi