44 günlük müharibə dövründə Azərbaycana dəstək olan Qırğız Respublikası kimi digər Mərkəzi Asiya ölkələri də iqtisadi əməkdaşlığa can atır

44 günlük müharibə dövründə Azərbaycana dəstək olan Qırğız Respublikası kimi digər Mərkəzi Asiya ölkələri də iqtisadi əməkdaşlığa can atır
Şərq və Qərb arasında əməkdaşlığın daha da möhkəmləndirilməsində Azərbaycan üzərinə düşən missiyanı layiqincə yerinə yetirir. Prezident Cənab İlham Əliyevin Qırğızıstana strateji dövlət xarakterli səfəri nəinki iki qardaş ölkə arasında, həm də müasir dünyamizda qütblər arasında əlaqələrin möhkəmləndirilməsi üçün atılan mühüm addımdır. Təkcə region üçün deyil, beynəlxalq miqyaslı əməkdaşlığın genişləndirilməsinə xidmət edən səfər geniştərkibli və zəngin olmuşdur. Azərbaycan və Qırğız Respublikası arasında Dövlətlərarası Şuranın iclasının keçirilməsi, vacib sənədlərin qəbulu nəticələrə hədəflənmiş əməkdaşlığın bariz nümunəsidir.
Bu əhəmiyyətli səfər tarixi kökləri, dili, dini, mədəniyyəti bir olan türk dünyasının inkişafına töhfələr verəcəkdir. 44 günlük müharibə dövründə Azərbaycana dəstək olan Qırğız Respublikası kimi digər Mərkəzi Asiya ölkələri də iqtisadi əməkdaşlığa can atır.
Qarşılıqlı olaraq təşkil edilən səfərlər həm də Türk Dövlətləri Təşkilatı tərəfindən alınan qərarların həyata keçirilməsi kimi qiymətləndirilməlidir.
Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması barədə qərar olkələr arasında uğurlu inkişafa, investisiyaların cəlb olunmasına, yeni iş yerlərinin yaradılmasına xidmət edəcək. Mədəni-humanitar, iqtisadiyyat, nəqliyyat, təhsil, yüksək texnologiyalar sahələri ilə bağlı məsələlərin müzakirəsi bütün sahələrdə ortaq inkişafa istiqamətlənib.
Qardaşlaşmış şəhərlər fonunda Bakı və Şuşa şəhərinin Qırğızıstan şəhərləri ilə qardaşlaşması türk xalqları arasında olan bağlılığı qoruyacaq. Ümummilli lider Heydər Əliyev adına məktəb-gimnaziyanın və Nizami Gəncəvi adına məktəbin açılışı qardaş xalqın bizə olan ehtiramının dərin ifadəsidir.
Növbəti ay keçiriləcək Zirvə Görüşü həmrəyliyin möhkəmlənməsi işində daha bir addım olaraq qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək.
Azərbaycan açıq dənizlərə çıxışı olmasa da, artıq mühüm nəqliyyat şəbəkəsi yaradıb. Azərbaycan artıq nəqliyyat-logistik mərkəzə çevrilir. Asiya ölkələrindən gələn bütün nəqliyyat marşrutları ölkəmizdən keçir. Dövlətimiz regionda nəqliyyat layihələrindən biri olan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisini dəstəkləyir. Azərbaycanın iştirakçısı olduğu bütün qlobal layihələr beynəlxalq dəstəyi təmin edir.
Azərbaycandan çox böyük potensiala malik Şimal-Cənub dəhlizinin keçməsi, artıq həm Cənub-Qərb, həm də Şimal-Qərb dəhlizlərinin potensialını genişləndirmək üçün imkanlar yaradır.
Cənab Prezident İlham Əliyevin yeni əlaqələrin qurulması ilə yanaşı Mərkəzi Asiya respublikalarına səfərləri, Qırğızıstanla imzalanmış 9 bəndlik sənəd Türk ölkələrinin birliyinə xüsusi təkan verir.
Yaşasın qüdrətli və çiçəklənən Azərbaycan!
Yaşasın Türk birliyi!


Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyatı müəllimi Səid Babayev


Oxşar xəbərlər