Son illər Azərbaycanda energetika sahəsində aparılan məqsədyönlü siyasətin əsas istiqamətlərindən biri bərpaolunan enerji mənbələrinin inkişafıdır. Bu sahədə əldə olunan uğurların əsasında Prezident İlham Əliyevin uzaqgörən və ardıcıl enerji siyasəti dayanır. Dövlət başçısının rəhbərliyi ilə enerji sektorunun şaxələndirilməsi, alternativ və ekoloji təmiz enerji mənbələrinin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilmişdir.
Dünyada ekoloji problemlərin artması və ənənəvi enerji resurslarının tükənməsi təhlükəsi bərpaolunan enerji mənbələrinə marağı artırmışdır. Azərbaycan da bu qlobal prosesə qoşularaq günəş, külək və su enerjisi kimi bərpaolunan enerji növlərinin inkişafına xüsusi diqqət yetirir. Cənab prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulamışdır ki, bu sahənin inkişafı həm enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, həm də ətraf mühitin qorunmasına xidmət edir.Ölkəmizin coğrafi mövqeyi bərpaolunan enerji istehsalı üçün geniş imkanlar yaradır. Abşeron yarımadası və Xəzər dənizi sahilləri külək enerjisi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları isə günəş enerjisi baxımından çox əlverişlidir. Cənab prezident İlham Əliyevin təşəbbüsü ilə bu ərazilərin “yaşıl enerji zonası” elan edilməsi bərpaolunan enerji sahəsində atılan mühüm addımlardandır.
Hazırda Azərbaycanın müxtəlif bölgələrində günəş və külək elektrik stansiyalarının tikintisi davam edir, bir sıra stansiyalar isə artıq istismara verilmişdir. Bu layihələr həm ölkənin enerji potensialını artırır, həm də atmosferə atılan zərərli qazların miqdarının azalmasına səbəb olur. Bərpaolunan enerji növlərinin inkişafı regionların sosial-iqtisadi inkişafına da müsbət təsir göstərir. Yeni iş yerləri açılır, əhalinin rifahı yüksəlir, ölkənin beynəlxalq enerji bazarındakı mövqeyi daha da möhkəmlənir.
Nəticə etibarilə, cənab prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bərpaolunan enerji sahəsində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət ölkəmizin davamlı inkişafını təmin edir.
Balaxanı qəsəbəsi, 259 nömrəli tam orta ümumtəhsil məktəbi publik hüquqi şəxsi Azərbaycan dili və ədəbiyyat müəllimi Xəlilova Aysel