Azərbaycanda enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi, inkişafı son illər ərzində əsas prioritetlərdən biri kimi qəbul edilmişdir

Azərbaycanda enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi, inkişafı son illər ərzində əsas prioritetlərdən biri kimi qəbul edilmişdir
Enerji sektoru müasir dövlətlərin sosial-iqtisadi inkişafında həlledici rol oynayan əsas sahələrdən biridir. Qlobal miqyasda enerji təhlükəsizliyi, alternativ enerji mənbələrinin tətbiqi və ekoloji dayanıqlılıq məsələləri prioritet mövqeyə yüksəldiyi bir dövrdə Azərbaycan Respublikası da öz enerji sisteminin müasirləşdirilməsi və modernləşdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Bu siyasətin əsasını Ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılmış strateji baxış və onun layiqli davamçısı cənab prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən enerji strategiyası təşkil edir.
Azərbaycanın müasir enerji siyasətinin təməli Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə qoyulmuşdur. Məhz bu dövrdə enerji sektorunun dövlət müstəqilliyinin möhkəmləndirilməsində strateji əhəmiyyəti müəyyən edilmiş, ölkənin enerji potensialından səmərəli istifadə prinsipləri formalaşdırılmışdır. Ulu öndər Heydər Əliyev enerji resurslarını yalnız iqtisadi gəlir mənbəyi kimi deyil, həm də siyasi və milli təhlükəsizlik amili kimi qiymətləndirmişdir.
Cənab prezident İlham Əliyevin rəhbərliyi dövründə bu strategiya yeni çağırışlara uyğun şəkildə inkişaf etdirilmişdir. Enerji sektorunun modernləşdirilməsi dövlət proqramlarının əsas istiqamətlərindən birinə çevrilmiş, enerji istehsalında dayanıqlılıq, etibarlılıq və texnoloji yenilənmə əsas prioritet kimi müəyyən olunmuşdur.
Son illərdə Azərbaycan Respublikasında enerji istehsalı və ötürülməsi sahəsində genişmiqyaslı modernləşdirmə işləri həyata keçirilmişdir. Mövcud istilik və hidroelektrik stansiyalarının yenidən qurulması, texniki göstəricilərinin yaxşılaşdırılması və enerji səmərəliliyinin artırılması bu sahədə əsas hədəflərdən olmuşdur. Yeni nəsil texnologiyaların tətbiqi enerji itkilərinin azaldılmasına və sistemin ümumi dayanıqlığının yüksəldilməsinə imkan yaratmışdır.
Eyni zamanda elektrik ötürücü xətlərin və yarımstansiyaların yenilənməsi regionlar arasında enerji təminatının balanslaşdırılmasına şərait yaratmışdır. Bu proses enerji sisteminin mərkəzləşdirilmiş və çevik idarə olunmasına xidmət edir.
Azərbaycanda enerji sisteminin müasirləşdirilməsi siyasətinin real nəticələrindən biri “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının inşası və istismara verilməsidir. Bu layihə ölkənin bərpa olunan enerji potensialından səmərəli istifadə edilməsinin bariz nümunəsi olmaqla yanaşı, enerji strategiyasının praktiki tətbiqini nümayiş etdirir.
Cənab prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti çərçivəsində reallaşdırılan “Xızı-Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanın indiyədək ən iri külək enerjisi layihələrindən biri hesab olunur. Layihənin istismara verilməsi ölkənin elektrik enerjisi istehsalında bərpa olunan mənbələrin payının artırılmasına mühüm töhfə vermişdir. Eyni zamanda stansiya enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və ətraf mühitin qorunmasına xidmət edir.
“Xızı-Abşeron” Külək Elektrik Stansiyası xarici investisiyaların cəlb edilməsi əsasında reallaşdırılmışdır ki, bu da Azərbaycanın enerji sektorunda əlverişli investisiya mühitinə malik olduğunu göstərir. Layihə nəticəsində illik olaraq böyük həcmdə təbii qaz qənaəti əldə edilir və karbon emissiyaları əhəmiyyətli dərəcədə azaldılır. Bu, ölkənin beynəlxalq ekoloji öhdəliklərinə uyğun siyasət apardığını nümayiş etdirir.
Azərbaycan enerji sisteminin müasirləşdirilməsində bərpa olunan enerji mənbələrinin inkişafı xüsusi yer tutur. Günəş və külək enerjisi potensialının yüksək olması bu sahədə geniş imkanlar yaradır. Cənab prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti çərçivəsində bərpa olunan enerji layihələri dövlət və özəl sektor əməkdaşlığı əsasında reallaşdırılır. Bu layihələr yalnız enerji istehsalının şaxələndirilməsinə deyil, eyni zamanda ətraf mühitin mühafizəsinə və karbon emissiyalarının azaldılmasına xidmət edir.
Enerji sisteminin modernləşdirilməsi ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə birbaşa təsir göstərir. Azərbaycanın enerji istehsal gücünün artması daxili tələbatın tam ödənilməsinə və ixrac imkanlarının genişlənməsinə şərait yaradır. Bu isə ölkənin regional enerji bazarında mövqeyini gücləndirir. Cənab prezident İlham Əliyevin enerji diplomatiyası nəticəsində Azərbaycan etibarlı enerji tərəfdaşı kimi beynəlxalq nüfuz qazanmışdır.
Son illərdə Azərbaycan enerji sistemi böyük dəyişikliklər və modernləşmə mərhələsindən keçmiş, struktur diversifikasiyası və texnoloji yeniliklərin tətbiqi ilə enerji potensialı artmışdır. Bərpa olunan enerji mənbələrinin genişləndirilməsi, infrastrukturun gücləndirilməsi və xarici investisiyaların cəlb olunması ölkənin enerji təhlükəsizliyini möhkəmləndirir və onu regional səviyyədə etibarlı enerji tədarükçüsü kimi mövqeləndirir. Strateji planlar istiqamətində enerji sektorunun inkişafı həm iqtisadi, həm də ekoloji məqsədlərə xidmət edir, bu da gələcəkdə Azərbaycanın davamlı enerji sistemi yaratmaq üçün əsaslı addımlar atdığını göstərir.

Maştağa qəsəbəsi, 187 nömrəli tam orta ümumtəhsil məktəbinin ingilis dili müəllimi Nahidə Nəsibova

Oxşar xəbərlər