Xızı-Abşeron Külək Elektrik Stansiyası ölkəmizin ümumi inkişafına öz töhfəsini verəcək

Xızı-Abşeron Külək Elektrik Stansiyası ölkəmizin ümumi inkişafına öz töhfəsini verəcək
Azərbaycanın müxtəlif bölgələrində bərpaolunan enerji layihələri sürətlə reallaşır. Bu yaxınlarda 230 meqavat gücündə Günəş elektrik stansiyası istismara verilib. İşğaldan azad edilmiş ərazilərdə, Cəbrayıl rayonunda hazırda üç Günəş elektrik stansiyası inşa edilir ki, onların ümumi potensialı 340 meqavatdır.
Növbəti böyük stansiyaların açılışı Biləsuvarda, Neftçalada, Naxçıvanda və digər azad edilmiş ərazilərdə nəzərdə tutulur. Qaradağ, Xızı və Abşeron rayonlarında artıq fəaliyyətə başlayan stansiyalar Azərbaycanın coğrafi vəziyyətinin istənilən bölgədə bərpaolunan enerji istehsalı üçün əlverişli olduğunu göstərir.
Xəzər dənizinin Azərbaycan sektorundakı külək potensialı beynəlxalq qiymətləndirməyə görə 157 giqavat səviyyəsindədir. Bu rəqəm ölkənin bu sahədə nə qədər böyük imkanlara malik olduğunu göstərir. İmzalanmış kontraktlar əsasında 2030-cu ilə qədər altı, 2032-ci ilə qədər isə ümumiyyətlə 8 giqavat gücündə külək və Günəş elektrik stansiyaları inşa ediləcək. Su elektrik stansiyalarının potensialı nəzərə alındıqda, ölkənin enerji imkanları daha da genişlənəcək. Qarabağ və Şərqi Zəngəzurda son beş il ərzində dövlət vəsaiti hesabına 40-a yaxın kiçik su elektrik stansiyası inşa edilib ki, onların ümumi potensialı 300 meqavatdan çoxdur. Azad edilmiş ərazilərdə potensial su elektrik stansiyalarının xəritəsi tərtib edilib və yalnız həmin bölgədə 500-600 meqavat gücündə kiçik su elektrik stansiyaları inşa ediləcək.
Prezident İlham Əliyev Azərbaycanın gözəl investisiya iqlimini vurğulayaraq, ölkəyə 300 milyard dollardan çox xarici sərmayə cəlb edildiyini bildirdi. Ölkənin maliyyə vəziyyəti çox müsbətdir və bu, dünyanın aparıcı reytinq agentlikləri tərəfindən də qiymətləndirilir. Azərbaycanın kredit reytinqi artırılaraq investisiya və müsbət proqnozu olan səviyyəyə qaldırılıb. Xarici borc ümumi daxili məhsulun təqribən 6 faizindən bir qədər çoxdur ki, bu da çox aşağı göstəricidir. Valyuta ehtiyatları isə xarici borcu 16-17 dəfə üstələyir və bu göstəriciyə görə Azərbaycan dünya miqyasında aparıcı ölkələr sırasındadır. Ölkədə siyasi, iqtisadi və sosial sabitlik hökm sürür. Beş ildir ki, Azərbaycan rəsmən sülh şəraitində yaşayır və genişmiqyaslı quruculuq işləri aparılır. Prezident qeyd etdi ki, Azərbaycan sərmayə qoyuluşu üçün əlverişli məkandır və xarici şirkətlərin ölkəyə inamı tam əsaslıdır.
Artan enerji potensialı nəzərə alınaraq, Prezident xarici investorları süni intellekt, data mərkəzlərinin yaradılması və böyük enerji gücünə tələbat olan digər sahələrə investisiya qoymağa dəvət edib. Azərbaycan şirkətləri də bu istiqamətdə fəaliyyət göstərməyə çağırılıb. Azərbaycan Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması xarici investorlar tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrdir. Bu günə qədər bu layihələrə 100 milyonlarla dollar vəsait qoyulub. Prezident vurğuladı ki, Azərbaycan dövləti xarici sərmayələri daim qoruyur və qəbul edilmiş qərarlarda, kontraktlarda heç bir dəyişiklik edilmir. "Azərbaycan etibarlı dövlətdir. Sözümüz imzamız qədər dəyərlidir və qanunidir," - deyə Prezident bildirdi. Azərbaycanın neft ixracı, qaz ixracı, neft məhsullarının ixracı, elektrik enerjisinin ixracı, neft-kimya məhsullarının və gübrələrin ixracı bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir. Azərbaycan bu sahədə çox məsuliyyətli və etibarlı tərəfdaş kimi özünü göstərir və dünya miqyasında gözəl imicə malikdir. "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının istismara verilməsi Azərbaycanın bərpaolunan enerjiyə keçid strategiyasında mühüm addımdır. 240 meqavat gücündə bu stansiya ölkənin enerji potensialını gücləndirəcək və gələcək inkişafa töhfə verəcək. Azərbaycan həm ənənəvi, həm də bərpaolunan enerji mənbələrini paralel inkişaf etdirərək bölgənin ən etibarlı və güclü enerji təchizatçısı olmaq yolunda inamlı addımlar atır.

Zülfüqar Cəfərov-YAP Sabunçu rayon təşkilatının sədr müavini

Oxşar xəbərlər