Azərbaycan bərpaolunan enerji sahəsində cəlbedici investisiya məkanına çevrilir

Azərbaycan bərpaolunan enerji sahəsində cəlbedici investisiya məkanına çevrilir
8 yanvar 2026-cı il tarixində Azərbaycan enerji sektorunda mühüm hadisəyə şahid oldu. Prezident İlham Əliyev "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində iştirak edərək, ölkənin bərpaolunan enerji sahəsində əldə etdiyi nailiyyətləri və gələcək planlarını açıqladı. 240 meqavat gücündə olan "Xızı-Abşeron" Külək Elektrik Stansiyası Azərbaycanın enerji potensialının gücləndirilməsində mühüm addımdır. 2022-ci ilin yanvar ayında təməli qoyulan bu layihə dörd il ərzində uğurla tamamlanaraq istismara verildi. Prezident İlham Əliyev açılış mərasimində bu stansiyanın tikintisində əməyi keçən bütün insanlara və şirkətlərə təşəkkürünü bildirərək, xüsusilə investor olan "ACWA Power" şirkətinin rolunu vurğuladı.
Şirkət ölkədə daha böyük planlar nəzərdə tutur və Azərbaycan dövləti bu əməkdaşlığı tam dəstəkləyir. Dünya miqyasında aparıcı şirkətlərdən biri olan "ACWA Power" həmçinin Xəzər dənizinin suyunun duzsuzlaşdırılması kimi innovativ layihələrdə də investor kimi çıxış edəcək. Layihənin baş podratçısı "Power China" şirkətinin fəaliyyəti də yüksək qiymətləndirilib. Bu şirkət gələcəkdə təkcə podratçı deyil, həm də investor kimi digər layihələrdə iştirak edəcək. Prezident bu əməkdaşlığın uğurlu beynəlxalq tərəfdaşlıq nümunəsi olduğunu bildirdi. Bununla yanaşı, Azərbaycan energetiklərinin əməyi xüsusi vurğulandı. Son illər ölkədə yeni generasiya güclərinin istismara verilməsi mürəkkəb və məsuliyyətli proses olub. Xüsusilə bərpaolunan enerji növlərinin böyük həcmdə ümumi enerji sisteminə inteqrasiyası böyük peşəkarlıq və vəsait tələb edir. Bundan sonrakı illərdə bərpaolunan enerji stansiyalarının tikintisi daha da genişlənəcəyi üçün Azərbaycan energetiklərinin fəaliyyəti daim yüksək səviyyədə saxlanmalıdır.
Prezident İlham Əliyev çıxışında Azərbaycanda enerji sisteminin son 20 il ərzində keçirdiyi dəyişiklikləri ətraflı şərh etdi. Bu dövr ərzində generasiya gücləri, böyük dərəcəli yarımstansiyalar və ötürücü xətlər tamamilə yenilənib. Ən əhəmiyyətlisi isə generasiya güclərinin bütün əvvəlki dövrlə müqayisədə təxminən üç dəfə artaraq təqribən 10 min meqavat səviyyəsinə çatmasıdır. Bu rəqəm Azərbaycan üçün tarixi rekord hesab olunur.
Ötən il Mingəçevirdə istismara verilmiş 2000 meqavat gücündə ənənəvi elektrik stansiyası ölkənin enerji təhlükəsizliyini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Bu təcrübə göstərdi ki, Azərbaycanda ənənəvi və bərpaolunan generasiya gücləri paralel şəkildə inkişaf etdirilməlidir. Ancaq bu yanaşma ilə artan daxili tələbat təmin oluna və elektrik enerjisinin ixracı artırıla bilər.
Namiq Muradov – YAP Sabunçu rayon təşkilatının fəal üzvü

Oxşar xəbərlər