Tarix boyu şanlı dövlətlər qurmuş türklər bu gün də bir olub güclü olmalıdır

Tarix boyu şanlı dövlətlər qurmuş türklər bu gün də bir olub güclü olmalıdır “Üstdə mavi göy çökmədikcə, altda yer dəlinmədikcə, sənin elini və törəni kim poza bilər? Ey Türk Milləti! Titrə və Özünə dön”.
Tarix boyu şanlı dövlətlər qurmuş türklər bu gün də bir olub güclü olmalıdır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində türk dövlətləri ilə dostluq və qardaşlıq əlaqələri daha da möhkəmlənmişdir.
Azərbaycan və Qırğızıstanın dostluq və qardaşlıq münasibətləri dünyada baş verən geopolitik hadisələr zəminində ozünəməxsus yer tutur. Bu münasibətlər keyfiyyətcə yeni mərhələyə çatmışdır. Bu iki dost və qardaş ölkə beynəlxalq təşkilatlarda bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmişlər.
Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyinin uzadılması məsələsində Qırğız Respublikası dəstək vermişdir. Bu, Azərbaycana olan qardaş dəstəyinin bariz nümunəsidir.
“Türk Dövlətləri Təşkilatı”na üzv ölkələrdən olan Azərbaycan və Qırğız Respublikası arasında imzalanmış sənədlər içərisində Strateji tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum ən mühüm yer tutur. Dünyada baş verən hadisələr fonunda strateji əməkdaşlıq, birlik baxımından xüsusi əhəmiyyət daşıyır.
Ölkə iqtisadiyyatının daha da güclənməsi üçün iki ölkə arasında olan nəqliyyat əlaqələri daha səmərəli fəaliyyət göstərməlidir. Bu yolda edilən səylər birləşməlidir. Bu gün Azərbaycan dünyada iqtisadi və siyasi cəhətdən daha çox rol oynamağa başlayıb. Nəqliyyat infrastrukturunda ölkəmizin çəkisi artıb. Bu baxımdan Qırğızıstanla olan əməkdaşlıq dünya bazarında türk dövlətlərinin gücünü daha da artıracaq və onu önəmli edəcəkdir.
Müasir enerji müəssisələrinin, o cümlədən istilik elektrik stansiyalarının yaradılmasında təcrübəyə malik Azərbaycan şirkətlərinin qardaş Qırğız Respublikasında həmin sahələrə investisiya qoymağına ehtiyac var.
Kənd təsərrüfatı sahəsində əlaqələrin möhkəmlənməsi iqtisadiyyata təkan verəcək. Yaxın günlərdə Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyətinin Qırğızıstana baş tutacaq səfəri ölkələrimiz arasında iqtisadi əlaqələrin möhkəmlənməsində atılan addımlardan biridir.
Türk xalqlarının birliyi çərçivəsində soykökə bağlılıq nümayiş etdirən Azərbaycanı bu yolda Qırğızıstan tək qoymamış, birlik nümayiş etdirmişdir. Qədim Şuşa şəhərimizin türk dünyasının mədəniyyət paytaxtı elan olunması fikrini Qırğızıstan dəstəkləmiş, alqışlamışdır. Bu, bir daha onu göstərir ki, ortaq mədəni irs və ortaq tarix xalqları birləşdirir, onları daha da güclü edir.
Bu bəyannamələr bir daha dostluq əlaqələrinin fəallaşması və dəyişməzliyini təsdiq etdi. Siyasi dialoqun möhkəmlənməsi, daha sıx iqtisadi əlaqələr yaradılması, iri investisiya layihələrinin həyata keçirilməsi, humanitar əməkdaşlığın daha da genişləndirilməsi türk xalqları arasında olan dərin, mədəni əlaqələr nəticəsində mümkün olmuşdur.
Hər iki ölkənin mədəniyyət xadimlərinin müntəzəm mübadilə nəticəsində xalqlar arasında dostluq körpüləri möhkəmlənir.
Bu gün dünyada baş verən dərin dəyişikliklər yeni tipli münasibətlər qurmaq, onları daha humanist etmək, ləyaqət və şərəf kimi əzəli türk dəyərlərini əsas götürmək üçün tarixi şans verir.
Məhz güclü, qətiyyətli lideri olan ölkələr işıqlı, parlaq gələcəyə inamla addımlayır, durmadan uğurlara imza atırlar.
Yaşasın Türk birliyi!
Tanrı Türkü qorusun!

Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyatı müəllimi Səid Babayev


Oxşar xəbərlər