27 illik torpaq həsrətinə mərdliklə vuruşaraq son qoyan Azərbaycan Ordusu!

27 illik torpaq həsrətinə mərdliklə vuruşaraq son qoyan Azərbaycan Ordusu! I Qarabağ müharibəsi baş verdiyində biz gənclər bir çox tarixi məlumatları dərsliklərdən, müəllimlərimizdən almışdıq. Lakin 27 sentyabr 2021-ci il tarixində başlamış və 44 gün davam edən II Qarabağ müharibəsinin isə biz canlı şahidləri olmuşuq. Gündəlik mətbuatdan, sosial şəbəkələrdən və televiziyadan gördüklərimizə və eşitdiklərimizə əsaslanaraq bir daha fəxrlə deyə bilərik ki, bu vətənin vətəndaşı olduğumuz üçün çox xoşbəxt və şanslı biriyik.
27 illik torpaq həsrətinə mərdliklə vuruşaraq, son qoyan Azərbaycan Ordusu! Bu günlərdə Azərbaycan erməni təcavüzünə və terroruna qarşı hərbi, siyasi, diplomatik, informasiya və digər platformalarda möhtəşəm qələbələr əldə etməklə özünün müstəqillik tarixinin ən şərəfli və şanlı səhifələrini yazmışdır.  Azərbaycan əsgərinin şücaəti sayəsində 27 illik həsrətə son qoyulur, tarixi ədalət bərpa olunur və nəhayət, işğala və təcavüzə əsaslanan status-kvo dəyişdirilir.Vətən müharibəsində şanlı qələbəmiz asanlıqla əldə olunmayıb. İşğaldan təmizlənən ərazilərdə çəkilən foto və videomateriallardan görünür ki, torpaqlarımızı geri qaytarmaq fikrində olmayan məkrli düşmən onilliklər ərzində burada güclü istehkamlar qurmuşdu. Bütün çətinliklərə baxmayaraq, əzmkar, qorxmaz ordumuz düzgün siyasi strategiya nümayiş etdirərək, düşmən tərəfindən viran edilmiş ərazilərimizdə üçrəngli bayrağı sancmağa müvəffəq olmuşdur. Azərbaycan ordusunun nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirən oğullarımız şanlı qələbə qazanmaqla tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etdilər.
Azərbaycan xalqının böyük ruh yüksəkliyi şəraitində davam edən Vətən müharibəsində əldə edəcəyimiz şanlı qələbə müasir tariximizdə yeni səhifələrin açılmasına vəsilə olacaq. Bu baxımdan, sevincini yaşadığımız parlaq qələbələrin memarı möhtərəm Prezidentimizin aşağıdakı fikirləri Azərbaycan dövlətinin strateji baxışlarını aydın ifadə edir: “Müharibə başa çatandan sonra nəinki bölgə, həm də dünya dəyişəcək. Hər kəs bizim gücümüzü gördü. Biz bu bölgədə yeni strateji mənzərə, strateji baxış yaratmalıyıq. Müharibədən sonra Azərbaycanın, bölgənin yeni dövrü başlanacaq”.
Biz bizim olanı aldıq, bizim göz dikilmiş sərvətimizi geri qaytardıq. İllərdir məcburi qaçqın və köçkün damğası ilə yaşayan soydaşlarımızın vətən, torpaq həsrətini bitirdi, tarixdə nadir hallarda görülən birlik və həmrəylik nümayiş etdirdi Azərbaycan xalqı. Hamı bir amal üçün çalışırdı. Günün bu gününə qədər dəfələrlə atəşkəsi pozaraq hərbçi və əsgərlərimizi, hətta dinc əhalini güllə atəşinə tutan mənfur düşməni susdurdu, ona özünün bir xalq kimi tarixinin olmamasını xatırlatdı. Bundan əlavə 1990-cı ildən bu günə qədər torpaq uğrunda qan tökən şəhidlərimizin qisasını aldı Azərbaycan əsgəri.
  Azərbaycan dövlətinin qüdrətini hamıya hayqıran Azərbaycan Ordusu Şanlı Qələbə qazanmaqla təkcə siyasi arenada deyil, həmçinin informasiya müharibəsində, diplomatik sahələrdə də böyük güc sərgilədi. İllərdir Xocalıya ədalət şüarı ilə bütün dünyaya bizim necə bir dəhşətə məruz qaldığını bildirən Azərbaycan öz ədalətini öz gücü və davamlı, ağıllı siyasəti ilə bərqərar etmiş oldu.  Bu gün dünyada, dünya xəritəsində, sözün əsl mənasında, müstəqil siyasət aparan ölkələrin sayı o qədər də çox deyil. Azərbaycan onlardan biridir və Vətən müharibəsi bir daha onu göstərdi. Bütün çağırışlara, bütün təzyiqlərə rəğmən, biz istədiyimizə nail ola bilmişik. Düşməni torpaqlarımızdan qovmuşuq, hərbi yolla bu məsələni həll etmişik və ondan sonra Qələbəmizi siyasi yollarla daha da möhkəmləndirmişik. Bizi Qələbəyə aparan şüarı unutmayaq: Qarabağ Azərbaycandır!


Zabrat qəsəbəsi, Xavər Vəliyev adına 75 saylı
məktəbin İbtidai sinif müəllimi Könül Əliyeva

Oxşar xəbərlər