Azərbaycanın işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı yenidənqurma işləri aparılır

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı yenidənqurma işləri aparılır 25 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edərək, ölkəmizin son onilliklərdə keçdiyi çətin, lakin qürurverici tarixi yol barədə dünya ictimaiyyətinə mühüm mesajlar çatdırdı. Prezidentin nitqi həm Azərbaycanın mövqeyini, həm də qlobal səviyyədə sülh və əməkdaşlıq prinsiplərinə sadiqliyini əks etdirdi.
Prezident nitqində Ermənistanın uzun illər ərzində həyata keçirdiyi işğal və etnik təmizləmə siyasətinə diqqət çəkdi. Təqribən iyirmi faiz torpaqlarımızın işğal altında qalması, bir milyon azərbaycanlının doğma yurd-yuvasından didərgin düşməsi, yüzlərlə şəhər və kəndin yerlə-yeksan edilməsi beynəlxalq hüquqa zidd faciələr kimi dəyərləndirildi. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması isə beynəlxalq təşkilatların ikili standartlarının bariz nümunəsi kimi qlobal ictimaiyyətə bir daha xatırladıldıCənab Prezident qeyd etdi ki, ATƏT-in Minsk qrupu otuz ilə yaxın müddətdə münaqişəni həll etmək əvəzinə, status-kvonun qorunmasına xidmət etdi. Nəticədə Azərbaycan 2020-ci ildə BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq, özünümüdafiə hüququndan istifadə etdi. 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Ermənistanın müharibə dövründə mülki əhalini hədəfə almasına qarşı Azərbaycan ordusu beynəlxalq humanitar hüquqa əməl etməklə döyüşlər apardı.
Prezident İlham Əliyev vurğuladı ki, 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktına imza atmaqla münaqişənin hərbi mərhələsi başa çatdı. Azərbaycan isə dərhal sülh təşəbbüsləri irəli sürdü. Beş əsas prinsip əsasında sülh müqaviləsi üzrə danışıqlar aparıldı və 2025-ci ilin avqustunda Vaşinqtonda aparıcı razılaşmalar əldə olundu. Azərbaycan və Ermənistan liderlərinin birgə bəyanatı, sülh müqaviləsinin paraflanması, həmçinin Minsk qrupunun fəaliyyətinə son qoyulması regionda yeni tarixi mərhələnin başlanğıcı kimi dəyərləndirildi.Vaşinqton Sammitində Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) haqqında qərar qəbul olunması regionda sabitliyin və iqtisadi inkişafın möhkəmləndirilməsinə xidmət edir. Bundan başqa, Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması barədə əldə olunan razılıq, Prezident Trampın 907-ci düzəlişin icrasını dayandırması qərarı ikitərəfli münasibətlərdə yeni səhifə açdı.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı yenidənqurma işləri aparılır. Prezident İlham Əliyev vurğuladı ki, Ermənistanın dağıtdığı kənd və şəhərlər yenidən salınır, məscidlər bərpa olunur, həyat tamamilə dirçəldilir. Artıq 50 mindən çox vətəndaş öz doğma torpaqlarına qayıdaraq, orada məskunlaşıb. Bununla yanaşı, mina problemi və 4 minə yaxın azərbaycanlının taleyinin naməlum qalması beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı.Prezident İlham Əliyev Azərbaycanın COP29-a ev sahibliyi etməsini xüsusi vurğuladı. Bakıda qəbul edilən tarixi qərarlar qlobal iqlim maliyyələşməsində yeni mərhələnin başlanğıcı oldu. Bununla yanaşı, Azərbaycan həm bərpa olunan enerji mənbələrinə, həm də ənənəvi enerji ixracına töhfə verməklə dünya enerji təhlükəsizliyində mühüm rol oynamaqda davam edir.
Hazırda Azərbaycan 14 ölkəyə təbii qaz ixrac edir və bu sahədə dünyada lider mövqeyə malikdir. Eyni zamanda, günəş, külək və su elektrik stansiyalarına böyük sərmayələr qoyulub. 2030-cu ilə qədər enerji istehsalının 40 faizinin bərpaolunan mənbələr hesabına təmin olunacağı planlaşdırılır.Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mərkəzində yerləşən Azərbaycan, sürətlə artan yükdaşımalar, müasir liman və dəmir yolu infrastrukturu, beynəlxalq hava limanları ilə dünyanın əsas nəqliyyat qovşaqlarından birinə çevrilib. Prezident İlham Əliyev qeyd etdi ki, ölkəmiz həm regionun, həm də qlobal miqyasda sabitlik, enerji təhlükəsizliyi və sülhün təşviqində əvəzsiz rol oynayır.Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında səsləndirdiyi fikirlər Azərbaycanın mövqeyini yalnız regional deyil, həm də qlobal səviyyədə aydın şəkildə nümayiş etdirdi. Bu nitq Azərbaycanın keçmişdə üzləşdiyi ədalətsizlikləri, qazandığı qələbələri, apardığı sülh siyasətini və gələcəyə dair strateji baxışlarını dünya ictimaiyyətinə çatdırmaqla, ölkəmizin beynəlxalq nüfuzunu daha da möhkəmləndirdi.

Maştağa qəsəbəsi, 293 saylı tam orta məktəbin
Coğrafiya müəllimi Mail Kərimov

Oxşar xəbərlər