
25 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edib. Dövlət başçısı Ermənistanın işğalçılıq siyasətindən Azərbaycanın əldə etdiyi Qələbəyə, sülh prosesinə və ölkəmizin qlobal miqyasda təşəbbüslərinə qədər bir çox mühüm məsələlərə toxunub.
Prezident çıxışında Ermənistanın otuz ilə yaxın müddətdə həyata keçirdiyi etnik təmizləmə və hərbi cinayətlər nəticəsində bir milyon azərbaycanlının yurd-yuvasından didərgin düşdüyünü vurğulayıb. O, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrin icra olunmamasını beynəlxalq ədalətsizliyin bariz nümunəsi kimi qiymətləndirib.
Azərbaycan lideri ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyini də qeyd edərək bildirib ki, 2020-ci ildə Vətən müharibəsi nəticəsində ölkəmiz BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edib və torpaqlarını işğaldan azad edib. “Azərbaycan müharibəni beynəlxalq humanitar hüquqa tam riayət etməklə apardı”, – deyə Prezident İlham Əliyev çıxışında bildirib.
Dövlət başçısı 10 noyabr 2020-ci il tarixini Azərbaycanın ərazi bütövlüyünün bərpası günü kimi dəyərləndirib. O, daha sonra Ermənistanla sülh danışıqlarının nəticələrinə toxunaraq qeyd edib ki, 8 avqust 2025-ci ildə Vaşinqtonda imzalanmış Birgə Bəyanat iki ölkə arasında tarixi sülh prosesinin başlanğıcı oldu. Bu çərçivədə ATƏT-in Minsk qrupu və əlaqədar strukturlarının bağlanması barədə qərar qəbul edildi.
Prezident İlham Əliyev həmçinin regional bağlantılar və Zəngəzur dəhlizi ilə bağlı yeni perspektivlərdən söz açaraq, ABŞ Prezidenti Donald Tramp ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının əhəmiyyətini vurğulayıb. Azərbaycanın enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, rəqəmsal transformasiya və iqtisadi islahatlar sahəsində əldə etdiyi uğurlar da diqqətə çatdırılıb.
Dövlət başçısı çıxışında COP29-un Bakıda keçirilməsini ölkəmizin qlobal iqlim təşəbbüslərinə verdiyi töhfələrin sübutu kimi qiymətləndirib. “Yaşıl keçidə sadiq qalmaqla yanaşı, dünya hələ uzun müddət mədən yanacaqlarına ehtiyac duyacaq”, – deyə o, enerji təhlükəsizliyinin sülh və iqtisadi inkişafla bağlılığını vurğulayıb.
Prezident İlham Əliyev həmçinin Böyük Qayıdış Proqramı, minaların təmizlənməsi, yoxsulluğun və işsizliyin minimum həddə enməsi, Xəzərin ekoloji problemləri və Azərbaycanın humanitar missiyaları barədə də danışıb.
Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
direktoru Mehriban Hacıyeva