Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşündə Çıxışı

Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşündə Çıxışı 4 iyul 2025-ci il tarixində Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirildi. Bu mühüm tədbir Azərbaycanın ev sahibliyi etdiyi üçüncü ECO Zirvəsi olmaqla yanaşı, simvolik və siyasi baxımdan da xüsusi əhəmiyyətə malik idi. İlk dəfə idi ki, belə yüksək səviyyəli beynəlxalq tədbir Azərbaycanın işğaldan azad olunmuş ərazisi – Xankəndidə baş tuturdu.
Prezident İlham Əliyev çıxışında bu zirvənin məhz Xankəndidə keçirilməsinin böyük mənəvi və siyasi əhəmiyyət daşıdığını vurğuladı. O bildirdi ki, Ermənistanın 30 ilə yaxın davam edən işğalı dövründə Xankəndi və digər azad edilmiş ərazilər dağıntılara məruz qalmış, mədəni və tarixi irsimiz məhv edilmiş, yüz minlərlə insan doğma torpağından didərgin salınmışdır.
Dövlət başçısı çıxışında Azərbaycanın ərazi bütövlüyünün tam bərpa edildiyini və hazırda bu torpaqlarda sürətli bərpa və yenidənqurma işlərinin həyata keçirildiyini diqqətə çatdırdı. Qeyd olundu ki, dağıntıların aradan qaldırılması, minaların təmizlənməsi və infrastrukturun yenidən qurulması üçün Azərbaycan dövləti ciddi səylər göstərir. Prezident bu proseslərin maliyyə yükünün ağır olduğunu, lakin dövlətin bu məsələdə heç bir beynəlxalq dəstək almadan irəlilədiyini xüsusi vurğuladı.
Çıxışda Azərbaycanın iqtisadi uğurları da ön plana çəkildi. Son 20 il ərzində ölkəyə 350 milyard ABŞ dolları dəyərində investisiya cəlb edildiyi, bunun təxminən yarısının xarici sərmayələrdən ibarət olduğu bildirildi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan regionda mühüm enerji layihələrinin təşəbbüskarı və icraçısı kimi çıxış edir. Bu layihələr həm regionun enerji təhlükəsizliyini təmin edir, həm də Avropa və Asiya ölkələri üçün etibarlı tərəfdaş rolunu gücləndirir.
Zirvə görüşü çərçivəsində ECO-nun gələcək inkişaf istiqamətləri də müzakirə olundu. Prezident “ECO 2035 Strategiyası”nın hazırlanmasının vacibliyini qeyd etdi və təşkilat daxilində iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, nəqliyyat və logistika imkanlarının genişləndirilməsi, bərpa olunan enerji sahəsində əməkdaşlığın gücləndirilməsi kimi təşəbbüsləri dəstəklədi.
Prezident İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarına, xüsusilə ECO üzvü olan dost və qardaş ölkələrə Azərbaycana göstərdikləri siyasi dəstəyə görə təşəkkürünü bildirdi.
Bu zirvə görüşü, həmçinin Azərbaycanın beynəlxalq nüfuzunun, sülh və əməkdaşlıq siyasətinin bariz nümunəsi olaraq tarixə düşdü. Xankəndidə keçirilən bu tədbir Azərbaycan dövlətinin qətiyyətini, iqtisadi gücünü və gələcəyə olan inamını nümayiş etdirdi.
Sabunçu rayonu 74 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Bayramova Vüsalə.

Oxşar xəbərlər