Azərbaycan Respublikasının ən ağrılı problemi olan Qarabağ məsələsində qardaş ölkə Türkiyə hər zaman Azərbaycanın yanında olub

Azərbaycan Respublikasının ən ağrılı problemi olan Qarabağ məsələsində  qardaş ölkə Türkiyə hər zaman Azərbaycanın yanında olub
Azərbaycan və Türkiyə mənəvi dəyərlər, qardaşlıq kökləri ilə bağlıdır. Hazırda sağlam təməlli, ikitərəfli əlaqələr Ulu Öndər Heydər Əliyevin söylədiyi kimi, “bir millət, iki dövlət” prinsipinə əsaslanır. Təsadüfi deyil ki ,bu gün iki ölkə arasında münasibətlərin təməlində xalqlarımızın qardaşlığı və liderlərin siyasi iradəsi dayanır. Azərbaycan ilə Türkiyə arasındakı əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsi hər iki dövlətin tərəqqisinə öz təsirini göstərmiş, həmçinin regionda sülhün və əməkdaşlığın möhkəmlənməsinə böyük töhfələr vermişdir.
Qardaş Türkiyə ilə münasibətlərin ən yüksək səviyyəyə çatdırılması Ulu Öndər Heydər Əliyevin Prezidentlik dövründə daim diqqət mərkəzində saxlanılmış, yüksək səviyyəli qarşılıqlı səfərlər, aparılan müzakirələr sayəsində böyük tarixə malik qardaşlıq bağları daha da möhkəmləndirilmişdir. Ümummilli Lider Heydər Əliyev ilə Türkiyənin doqquzuncu Prezidenti Süleyman Dəmirəl arasındakı dostluq münasibətləri qardaş xalqlarımızın daha da yaxınlaşmasında, ölkələrimizin beynəlxalq arenalardakı mövqelərinin daha da möhkəmlənməsində önəmli rol oynamışdır.
Prezident İlham Əliyevin prezidentlik dövründə də qardaş Türkiyə ilə münasibətlərin inkişafı ölkəmizin xarici siyasət kursunun əsas prioritetlərindən biri kimi saxlanılmışdır. Prezident İlham Əliyev ilə Prezident Rəcəb Tayyib Ərdoğan arasındakı qardaşlıq münasibətləri ölkələrimiz arasındakı dostluq bağlarının daha da möhkəmlənməsinə, qardaş xalqlarımızın maraqlarının beynəlxalq miqyasda təmin olunması işinə xidmət edir. 2014-cü il aprelin 26-da Praqada Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Sammitində Ermənistan prezidentinin qardaş Türkiyəyə qarşı əsassız iddialarına Prezident İlham Əliyevin “Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm” cavabını verməsi ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin ən bariz göstəricilərindən biridir. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan və Türkiyə bütün beynəlxalq platformalarda bir-birlərinin ədalətli mövqelərini dəstəkləyir və birgə fəaliyyət göstərirlər.
Azərbaycan Respublikasının ən ağrılı problemi olan Qarabağ məsələsində qardaş ölkə Türkiyə hər zaman Azərbaycanın yanında olub, ölkəmizin haqlı mövqeyini beynəlxalq arenalarda dəstəkləyib. 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana verdiyi siyasi-mənəvi dəstək xalqımız tərəfindən ən yüksək qiymətə layiq görüldü. Türkiyə hakimiyyəti, xalqı bütün dünyaya Azərbaycan ilə həmrəy olduqlarını nümayiş etdirdilər. İkinci Qarabağ müharibəsinin hər anını bir qardaş ölkə olaraq Azərbaycanla birgə yaşadı. Qarabağ müharibəsində əldə edilən şanlı Zəfər isə yalnız Azərbaycanın deyil, eləcə də Türkiyə və bütün türk dünyasının tarixi Qələbəsi kimi qiymətləndirildi. Bu tarixi Qələbədən sonra Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi isə iki ölkə arasındaki birliyin daha da üst səviyyələrə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edən sənəddir. Bu sənəd Azərbaycanın müstəqilliyi dövründə iki qardaş ölkə arasında imzalanan, hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini göstərən ilk rəsmi sənəddir. Məhz bu baxımdan Şuşa Bəyannaməsi tarixi önəm daşıyaraq, regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcını qoydu.
Hazırda dövlətimiz tərəfindən Qarabağda aparılan bərpa-yenidənqurma işlərində də Türkiyə yaxından iştirak edir, hər zaman olduğu kimi, Azərbaycanla həmrəyliyini nümayiş etdirir. Türkiyə ilə Azərbaycanın apardığı siyasət bölgədə sabitlik və sülhün bərqərar olması, xalqların birgə və rahat yaşamasına xidmət edir.
Bu gün Cənubi Qafqaz regionunda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında qardaşlıq və qarşılıqlı əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlər ən yüksək səviyyəyə qaldırılıb. Yuxarıda sadalananlar bir daha təsdiq edir ki, gündən-günə möhkəmlənən Azərbaycan-Türkiyə münasibətləri, dostluğu, qardaşlığı sarsılmazdır, əbədidir.


Bakıxanov qəsəbəsi, 107 nömrəli tam orta məktəbin
əməkdaşı Aytən Əzimova

Oxşar xəbərlər