Heydər Əliyev və milli-mədəni irsimizə verilən dəyər

Heydər Əliyev və milli-mədəni irsimizə verilən dəyər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkəmizin qədim adət-ənənələrinə, zəngin tarixinə və milli-mədəni irsinə hər zaman xüsusi önəm vermişdir. Onun fəaliyyəti yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmamış, eyni zamanda milli kimliyin qorunması və inkişaf etdirilməsi istiqamətində də mühüm rol oynamışdır.
Heydər Əliyev yaxşı bilirdi ki, bir xalqın varlığını yaşadan onun tarixi, dili və mədəniyyətidir. Məhz buna görə də o, Azərbaycan dilinin dövlət dili kimi möhkəmləndirilməsinə, milli dəyərlərin qorunmasına və təbliğinə böyük diqqət ayırmışdır. Onun təşəbbüsü ilə bir çox tarixi abidələr bərpa edilmiş, mədəniyyət ocaqları yenidən qurulmuş və xalq yaradıcılığı nümunələri qorunaraq gələcək nəsillərə çatdırılmışdır.
Ulu Öndər Heydər Əliyev milli bayramlara da xüsusi münasibət göstərirdi. Xüsusi ilə Novruz bayramının dövlət səviyyəsində qeyd olunması onun milli dəyərlərə verdiyi önəmin bariz nümunəsidir.
Novruz bayramı xalqımızın milli-mənəvi irsini təcəssüm etdirən, xalqın tarixi kökünü, yaddaşlardan süzülüb gələn ənənələri yaşadan, keçmişimizi və gələcəyimizi bir-biri ilə bağlayan milli bayramdır. Bu bayram Azərbaycan xalqının ən qədim və ən əziz bayramlarından biridir. Bu bayram baharın gəlişini, təbiətin oyanmasını və yeni həyatın başlanğıcını simvolizə edir. Novruz yalnız təbiət hadisəsi deyil, eyni zamanda insanların birliyini, həmrəyliyini və mənəvi dəyərlərini özündə əks etdirən mühüm bir mədəni irsdir.
Novruzun əsas xüsusiyyətlərindən biri insanları bir araya gətirməsidir. Bayram günlərində ailə üzvləri, qohumlar və dostlar bir süfrə ətrafında toplaşır, bir-birinə baş çəkir, bayramlaşırlar. Uzun müddət görüşməyən insanlar bu fürsətdən istifadə edərək münasibətlərini yenidən bərpa edir, küsülülər barışır. Bu isə cəmiyyətdə birlik və qarşılıqlı anlayışın möhkəmlənməsinə səbəb olur.
Novruz ənənələri həmdə xalqın birliyinə xidmət edir. Tonqal qalamaq, səməni yetişdirmək, yumurta boyamaq, milli şirniyyatlar hazırlamaq kimi adətlər nəsildən-nəslə ötürülür. Bu ənənələr insanları ortaq dəyərlər ətrafında birləşdirir və milli kimliyin qorunmasına kömək edir. Xüsusilə, uşaqlar bu mərasimlərdə iştirak edərək həm əylənir, həmdə xalqın mədəni irsini öyrənirlər.
Bundan əlavə, müqəddəs Ramazan bayramı kimi Novruz bayramı da insanlarda paylaşmaq və yardımlaşmaq ruhunu gücləndirir. İnsanlar ehtiyacı olanlara kömək edir, kasıbları sevindirir, bir-birinə xoş arzular diləyirlər. Bu isə cəmiyyətdə mərhəmət və humanizm hisslərini artırır.
Nəticə etibarilə, Novruz bayramı yalnız bir ənənə deyil, həm də xalqı birləşdirən güclü mənəvi körpüdür. Bu bayram sayəsində insanlar bir-birinə daha da yaxınlaşır, milli dəyərlər qorunur və gələcək nəsillərə ötürülür.
Ulu öndər Heydər Əliyev gənc nəslin milli ruhda tərbiyə olunmasını da vacib hesab edirdi. O, daim vurğulayırdı ki, gənclər öz tarixini ədəbiyyatını və mədəniyyətini dərindən bilməli, milli köklərinə bağlı olmalıdırlar. Onun milli-mədəni irsimizə göstərdiyi qayğı Azərbaycan xalqının mənəvi dəyərlərinin qorunmasına və inkişafına böyük töhfə vermişdir. Ulu Öndərin müəyyən etdiyi bu yol bu gündə uğurla davam etdirilir və milli kimliyimizin möhkəmlənməsində mühim rol oynayır.
İndi isə Azərbaycab Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərləri ölkənin həyatında mühüm hadisələrdən biridir. Xüsusilə, bayram günlərində həyata keçirilən bu səfərlər dövlət başçısının xalqına olan yaxınlığını, diqqət və qayğısını bir daha nümayiş etdirir. Onun bayram vaxtını məhz keçmiş məcburi köçkünlərlə birlikdə keçirməsi artıq bir ənənəyə çevrilmiş və dərin mənəvi məna kəsb edən mühüm addım kimi qiymətləndirilir.
Uzun illər doğma yurd-yuvalarından uzaq düşmüş insanlar üçün bu görüşlər xüsusi əhəmiyyət daşıyır. Prezidentin onların yanında olması, bayram sevincini birlikdə paylaşması həmin insanların mənəvi dünyasında böyük sevinc və qürur hissi yaradır. Bu yalnız bir bayramlaşma deyil, həm də dövlətin öz vətəndaşına verdiyi dəyərin, göstərdiyi diqqətin barız nümunəsidir.
İşğaldan azad edilmiş ərazilərdə aparılan geniş miqyaslı quruculuq və bərpa işləri də bu səfərlərlə paralel şəkildə davam edir. Prezident İlham Əliyev hər səfərində görülən işlərlə yaxından tanış olur, yeni layihələrin təməlini qoyur və köçkünlərin doğma torpaqlarına qayıdış prosesinə xüsusi diqqət yetirir. Bu isə həmin ərazilərin yenidən dirçəlməsinə və həyatın bərpasına xidmət edir.
Bayram günlərində keçmiş məcburi köçkünlərlə keçirilən bu görüşlər insanlarda gələcəyə inam yaradır, onların doğma torpaqlarında firavan həyat quracaqlarına olan ümidlərini daha da möhkəmləndirir.
Prezident İlham Əliyevin azad edilmiş ərazilərə səfərləri və bayram günlərini xalqla birlikdə keçirməsi dövlət-vətəndaş münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir. Bu ənənə həm milli birlik ruhunu gücləndirir, həm də Azərbaycanın gələcək inkişafına olan inamı daha da artırır.


Müşviq Orucov adına 213 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Əsgərova


Oxşar xəbərlər