Novruz bayramı: Milli kimliyimizin və zəfərimizin təntənəsi

Novruz bayramı: Milli kimliyimizin və zəfərimizin təntənəsi Novruz bayramı Azərbaycan xalqının milli-mənəvi irsini təcəssüm etdirən, xalqın tarixi kökünü, yaddaşlardan süzülüb gələn ənənələri yaşadan, keçmişimizi və gələcəyimizi bir-biri ilə bağlayan ən əziz milli bayramdır. Bu bayram sadəcə təqvimin dəyişməsi deyil, həm də bir millətin öz keçmişinə sadiqliyinin və gələcəyə inamının simvoludur.
Tarixi irsə verilən qiymət: Heydər Əliyev və Novruz
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra milli dəyərlərimizə qayıdış prosesi yeni vüsət almışdır. Bu yolda Ulu öndər Heydər Əliyevin rolu danılmazdır. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının qədim adət-ənənələrinə, tariximizə və milli-mədəni irsimizə hər zaman çox böyük dəyər vermişdir. Məhz onun uzaqgörən siyasəti sayəsində bu bayram dövlət səviyyəsində layiq olduğu yüksək statusu almış və xalqın mənəvi bütövlüyünün ayrılmaz hissəsinə çevrilmişdir.
Beynəlxalq müstəvidə Azərbaycan mədəniyyəti
Milli bayramımızın sərhədləri aşaraq dünya tərəfindən tanınması Azərbaycan diplomatiyasının və mədəniyyət siyasətinin böyük uğurudur. Novruz bayramının UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsi bu baxımdan çox mühüm əhəmiyyət kəsb edir. Bu addım həm də Novruzun bəşəri dəyərlərini, sülh və dostluq mesajlarını bütün dünyaya çatdırmışdır.
Novruz – Milli birliyin və həmrəyliyimizin rəmzi
Novruz sadəcə ailə daxilində qeyd olunan bir şənlik deyil, o, bütövlükdə xalqı birləşdirən bir bayramdır. İnsanlar arasındakı incikliklərin unudulması, yardımlaşma və qarşılıqlı hörmət bu günün əsas fəlsəfəsini təşkil edir. Bu həmrəylik ruhu çətin anlarda millətimizin daha sıx birləşməsinə və mənəvi güc tapmasına vəsilə olur.
Azad torpaqlarda Novruz müjdəsi
Son illərin ən böyük xoşbəxtliyi odur ki, Novruz bayramı artıq işğaldan azad olunmuş qədim torpaqlarımızda böyük qürur və coşqu ilə qeyd olunur. Bu torpaqlarda yenidən bayram tonqallarının alovlanması tarixi ədalətin bərpasının və qazanılmış Zəfərin əyani sübutudur.
Cənab prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Novruz bayramının qeyd olunmasında da yeni bir ənənə formalaşdırıb:
Cənab prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə növbəti səfərlər etməsi mühüm siyasi və mənəvi əhəmiyyət daşıyır.
Bayram günlərinə baxmayaraq, dövlət başçısının öz vaxtını məhz keçmiş məcburi köçkünlərlə keçirməsi və onlarla birgə bayramlaşması artıq ənənə halını almış mühüm bir addımdır.
Azad edilmiş bölgələrdə qurulan bayram süfrələri və edilən dualar regionun dirçəlişinin və parlaq gələcəyinin carçısıdır.
Bakıxanov qəsəbəsi, 107 nömrəli tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Aynura Səfərova

Oxşar xəbərlər