31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür və tarixi yaddaşımızın unudulmaz səhifəsidir

31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür və tarixi yaddaşımızın unudulmaz səhifəsidir Azərbaycan xalqının çoxəsrlik tarixində dərin və qanlı izlər qoyan hadisələrdən biri, 1918-ci ilin mart ayında erməni-bolşevik silahlı dəstələri tərəfindən həyata keçirilən kütləvi qırğınlardır. Bu faciə sadəcə bir etnik münaqişə deyil, Azərbaycan xalqının milli azadlıq ruhunu boğmaq və tarixi torpaqlarımızda saxta ideyaları reallaşdırmaq məqsədi daşıyan planlı bir soyqırımı siyasəti idi. Bakı, Şamaxı, Quba, Lənkəran və digər bölgələrimizdə on minlərlə dinc sakinin amansızlıqla qətlə yetirilməsi bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biridir.
31 Mart Azərbaycanlıların Soyqırımı Günü tarixi yaddaşımızın qorunması, gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu gün biz şəhidlərimizin xatirəsini ehtiramla yad edir, onların qarşısında mənəvi borcumuzu bir daha dərk edirik. 31 Mart Azərbaycanlıların Soyqırımı Günü tariximizin qanlı yaddaşı və milli birliyimizin rəmzidir
Tarixi faktlar sübut edir ki, “Böyük Ermənistan” ideyası əsasında həyata keçirilən bu siyasət nəticəsində dinc əhaliyə qarşı ağır cinayətlər törədilmişdir. Bu cinayətlərin miqyası olduqca geniş olmuş, minlərlə insan həyatını itirmiş, yüz minlərlə insan doğma yurd-yuvasından didərgin salınmışdır. Tarixi sənədlər və arxiv materialları sübut edir ki, 1918-ci ilin 30 mart – 3 aprel tarixləri arasında təkcə Bakıda 12 mindən çox insan vəhşicəsinə qətlə yetirilmiş, şəhərin mədəniyyət abidələri, o cümlədən "İsmailiyyə" binası və tarixi məscidlərimiz ağır artilleriya atəşinə tutulmuşdur. Bu vandalizm aktı təkcə fiziki deyil, həm də xalqın mənəviyyatına və tarixi irsinə yönəlmiş bir qəsd idi. Uzun onilliklər boyu ideoloji qadağalar səbəbindən bu həqiqətlərin gizlədilməsinə baxmayaraq, xalqımızın milli yaddaşı bu faciəni unutmamışdır.
Bu qanlı hadisələrə ilk dəfə siyasi-hüquqi qiymət verilməsi məhz müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilmişdir. Ulu öndər Heydər Əliyev tərəfindən 26 mart 1998-ci il tarixdə imzalanmış "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanla martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Bu mühüm sənəd həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə soyqırımı həqiqətlərinin təbliği üçün tarixi bir təməl rolunu oynamışdır. Ulu öndər Heydər Əliyev bu faciələri yüksək qiymətləndirərək qeyd etmişdir ki, xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması hər bir azərbaycanlının borcudur. Bu siyasət bu gün də uğurla davam etdirilir
Bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab prezident İlham Əliyev tərəfindən bu siyasət daha qətiyyətlə və ardıcıl şəkildə davam etdirilir. Cənab prezident İlham Əliyev hər zaman vurğulamışdır ki, biz tariximizi dərindən öyrənməli, saxtalaşdırılmış faktlara qarşı həqiqəti qorumalı və bu dəhşətli cinayətləri dünya ictimaiyyətinə çatdırmalıyıq. 2013-cü ildə Quba şəhərində ucaldılan "Soyqırımı Memorial Kompleksi" bu istiqamətdə atılan ən önəmli addımlardan biri olmaqla, həm itkilərimizin xatirəsini yaşadır, həm də gələcək nəsillərə ayıq-sayıq olmağı aşılayır.
Cənab prezident İlham Əliyev də öz çıxışlarında dəfələrlə vurğulamışdır ki, azərbaycanlılara qarşı törədilmiş cinayətlər unudulmamalı, bu həqiqətlər beynəlxalq aləmdə tanıdılmalıdır. Onun rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan həqiqətləri daha geniş coğrafiyada yayılır və saxta erməni təbliğatına qarşı ciddi mübarizə aparılır.
. Şəhidlərimizin əziz xatirəsini uca tutmaq, milli birliyimizi qorumaq və dövlətimizin qüdrətlənməsi yolunda fəaliyyət göstərmək bizim mənəvi borcumuzdur. Tarixi unutmaq gələcəyi itirmək deməkdir. Buna görə də hər bir vətəndaş bu həqiqətləri bilməli, yaşatmalı və gələcək nəsillərə çatdırmalıdır. Bu, həm milli kimliyimizin qorunması, həm də ədalətin bərpası üçün vacibdir.


307 nömrəli tam orta məktəb
Məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı
Tarix müəllimi
Rəsulov Elsən


Oxşar xəbərlər