Milli kimliyimizin bayramı - NOVRUZ

Milli kimliyimizin bayramı - NOVRUZ Novruz ən qədim və zəngin ənənələrə malik bayramlarımızdan biridir. Bu bayram hər hansı dinə və ya məzhəbə bağlı olmayıb, əsasən təbiətin oyanışı və baharın gəlişi ilə əlaqədar qeyd olunur. Astronomik baxımdan Novruz gecə ilə gündüzün bərabərləşdiyi, yəni Şimal yarımkürəsində yazın başlandığı günə təsadüf edir. Bir çox xalqlar bu hadisəni təbiətin dirçəlişi kimi qəbul edərək müxtəlif şənliklər təşkil edir. Azərbaycanda da məhz bu gün bayram kimi xüsusi qeyd olunur və xalqın qədim dünyagörüşünü, mifoloji təsəvvürlərini və sakral biliklərini özündə birləşdirir.
Tarixi mənbələr göstərir ki, Novruz çox qədim dövrlərdən yeni ilin başlanğıcı hesab olunub. Ömər Xəyyamın “Novruznamə” əsərində, Nizamülmülkün “Siyasətnamə”sində, Mahmud Kaşğarlının “Divan-i Lüğət-it-türk”ündə, eləcə də Nizami Gəncəvinin yaradıcılığında bu bayramla bağlı məlumatlara rast gəlinir. Səlcuqlu hökmdarı Məlik şahın tapşırığı ilə Ömər Xəyyam tərəfindən hazırlanan və “Cəlali təqvimi” kimi tanınan təqvimdə də ilin başlanğıcı yaz gecə-gündüz bərabərliyi ilə üst-üstə düşür. Bu fakt Novruzun astronomik əsaslara söykəndiyini bir daha təsdiqləyir.
Avropalı səyyahların qeydlərində də Novruzun geniş qeyd olunması əksini tapır. XVII əsrdə Şamaxıda olan alman alimi Adam Oleari bayramın keçirilməsini müşahidə etmiş və qeyd etmişdir ki, astroloqlar Günəşin bərabərlik nöqtəsindən keçdiyi anı dəqiqliklə müəyyənləşdirib elan edirdilər. Bundan əlavə, qədim türk dastanı “Ergenekon”da da türklərin azadlığa çıxdığı günün martın 21-nə təsadüf etməsi Novruzun simvolik əhəmiyyətini göstərir.
Novruz şənliklərinin əsas obrazları olan Kosa və Keçəl xalq teatrının mühüm elementlərindəndir. Onların səhnəciklərində qışla yazın mübarizəsi təsvir olunur. Bu tamaşalarda Kosanın ölüb-dirilməsi motivi qədim inanclarla bağlıdır və şaman rituallarını xatırladır. Onun geyimindəki zənglər, şiş papaq və tərsinə çevrilmiş kürk də bu qədim ənənələrin izlərini daşıyır.
Bayram süfrəsi də xüsusi rəmzi məna kəsb edir. Şirniyyatların forması kosmoqonik təsəvvürlərlə əlaqələndirilir: şəkərbura və badambura Ayı, qoğal isə Günəşi simvolizə edir. Paxlavanın rombvari forması isə həm ulduz, həm də qədim inanclarda doğuluş və inkişaf rəmzi kimi qəbul olunur. Onun üzərinə qoyulan qoz, fındıq və badam bu mənanı daha da gücləndirir.
Novruzun əsas atributlarından biri də boyanmış yumurtadır. Yumurta həyatın və yaradılışın simvolu sayılır. Onun qabığı səmanı, daxili isə həyatın başlanğıcını ifadə edir. Yumurtaların döyüşdürülməsi isə qışla yazın, soyuqla istiliyin mübarizəsini simvolizə edir. Ənənəyə görə, əvvəllər bu oyun çiy yumurtalarla keçirilirdi ki, bu da həyatın canlılığını ifadə edirdi.
Tonqal qalamaq və onun üzərindən tullanmaq da Novruzun ayrılmaz hissəsidir. Bu adət qədim dövrlərdən insanların oddan təmizlənmə vasitəsi kimi istifadə etməsi ilə bağlıdır. İnsanlar inanırdılar ki, tonqal üzərindən atlanmaqla bütün pisliklərdən, uğursuzluqlardan xilas olurlar.
Azərbaycan xalqı bu bayramı öz milli kimliyinin bir hissəsi kimi qoruyub saxlamışdır. Ümummilli Lider Heydər Əliyev Novruzu xalqımızın birliyini və mənəvi gücünü əks etdirən mühüm dəyər kimi qiymətləndirib. Bu ənənə bu gün də dövlət siyasətində davam etdirilir. 2009-cu ildə Novruz bayramı UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, daha sonra isə BMT tərəfindən 21 mart “Beynəlxalq Novruz Günü” elan olunmuşdur.
Bu gün Novruz artıq yalnız ənənəvi bayram deyil, həm də qələbə və birlik rəmzidir. Azərbaycanın hər yerində yandırılan tonqallar xalqımızın həmrəyliyini, gücünü və gələcəyə inamını nümayiş etdirir. Xalqımıza həm qələbə, həm də bayram çox yaraşır.

Rasimə Abbasova
N.İsmayılov adına 80 №-li tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi

Oxşar xəbərlər