ABŞ Prezidenti Donald Trampın başlatdığı İran müharibəsinin gedişatı ilə bağlı narahatlıqlar artır."Bu barədə "Reuters" agentliyi məlumat yayıb .
Məlumata görə, münaqişənin üçüncü həftəsində qlobal enerji qiymətlərinin artması, ABŞ-nin müttəfiqlərdən dəstək ala bilməməsi və əlavə hərbi qüvvələrin regiona göndərilməsi vəziyyəti daha da mürəkkəbləşdirib.
Bildirilir ki, Tramp NATO müttəfiqlərini Hörmüz boğazının təhlükəsizliyinin təminində iştirak etmədiklərinə görə tənqid edib. Bununla yanaşı, o, hərbi əməliyyatların plan üzrə getdiyini iddia etsə də, analitiklər İranın müqavimətinin gözləniləndən daha güclü olduğunu qeyd edirlər.
Məqalədə vurğulanır ki, İran Körfəz regionunda neft və qaz daşımalarını məhdudlaşdırmaqla yanaşı, raket hücumlarını da davam etdirir.
Ekspertlərin fikrincə, ABŞ administrasiyasının ən böyük səhvlərindən biri İranın cavab reaksiyasını düzgün qiymətləndirməməsi olub.
Qeyd olunur ki, Tramp hazırda iki seçim qarşısındadır: hərbi əməliyyatları genişləndirmək və ya qələbə elan edərək geri çəkilmək. Hər iki ssenarinin ciddi siyasi və hərbi risklər daşıdığı bildirilir.
Eyni zamanda, müharibənin uzanması ABŞ daxilində də narazılıqları artırır. Yanacaq qiymətlərinin yüksəlməsi və yeni qoşunların göndərilməsi ehtimalı Trampın siyasi mövqelərinə təsir göstərə bilər.
Analitiklər hesab edir ki, mövcud vəziyyət ABŞ prezidentinin həm daxili, həm də beynəlxalq səviyyədə nəzarət imkanlarının məhdud olduğunu göstərir.(teleqraf)