Energetika sektoru əməkdaşlığımızın bir hissəsidir

Energetika sektoru əməkdaşlığımızın bir hissəsidir Cari ilin 21 dekabr tarixində Prezident İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü baş tutub. Görüşdən sonra Prezident İlham Əliyev bəyanat verib. Həm Serbiya, həm Azərbaycan öz resurslarına arxalanan ölkələrdir, müstəqil siyasət aparan ölkələrdir və bir-biri ilə sıx əlaqədə olan ölkələrdir. Bu da gələcək əməkdaşlıq üçün zəmin yaradan amillərdir. Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanmışdır. Ölkələrimiz hər zaman bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, dəstəkləyir və bu siyasət dəyişməz olaraq qalacaq. Bir çox sahələr üzrə əməkdaşlığın artıq böyük tarixi var. İki ölkə arasındakı əlaqələrin dinamikası çox müsbətdir. Ötən ay Belqradda qəbul edilmiş qərarların tezliklə yerinə yetirilməsini arzulayırıq. Hökumət üzvlərinə bu qərarların icra edilməsi ilə əlaqədar müvafiq göstərişlər verildi. Bundan sonra da ikitərəfli əlaqələr sürətlə inkişaf edəcək və qəbul edilmiş qərarlar vaxt itirmədən icra olunacaqdır. Energetika sektoru əməkdaşlığımızın bir hissəsidir. Son vaxtlar bu sahə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə ixrac edilir, həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə. Həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var, müvafiq danışıqlar aparılmışdır. Gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əməli addımlar atılacaqdır. Müdafiə sənayesi sahəsi də perspektiv əməkdaşlıq istiqamətlərindən biridir. Bu sahədə də hər iki ölkədə potensial var və bu potensialın birləşdirilməsi üçün praktiki addımların atılması da gözlənilir. Serbiya-Azərbaycan əlaqələrinin gələcəyi ilə bağlı ancaq nikbin fikirdə olmaq olar. İkitərəfli əlaqələr dostluq və qarşılıqlı anlaşma üzərində qurulmuşdur.
Bakıxanov qəsəbəsi, 107 saylı tam orta məktəbin
psixoloqu Gülarə İsmayılova

Oxşar xəbərlər