Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl təbəqəsi olan ziyalıları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər” in müraciəti kimi daxil olmuş həmin sənəd bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə UluHeydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Ümummilli Lider Heydər Əliyevin ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq vermişdi. “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”, - deyə Ulu Öndər diqqətə çatdırmışdı. Bu, Ümummilli Lider Heydər Əliyevin növbəti dəfə xalqın, dövlətin gələcəyi naminə siyasi məsuliyyət və yüksək vətənpərvərlik nümunəsini ortaya qoyması idi. Ulu öndər Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması səbəbindən partiyanı yaratmaq istəyən insanların bir hissəsi – 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Eyni zamanda partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda YAP-ın təsis konfransının keçirilməsi, Ulu Öndər Heydər Əliyevin partiyanın Sədri seçilməsi xalqımızın gələcək taleyini müəyyənləşdirən həlledici hadisə oldu. Bu gün də müstəqil Azərbaycan dövlətinin tərəqqisi, qüdrətli və güclü dövlətə çevrilməsi Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası ilə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib”.
Sabunçu qəsəbəsi, 170 saylı tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Lamiyə Vəliyeva