1990-cı illərin əvvəlləri Azərbaycanda mürəkkəb və kritik bir dövr kimi tarixə düşüb. Həmin dövrdə respublika həm iqtisadi, həm də siyasi baxımdan ciddi böhranla üzləşmişdi. İqtisadiyyat çöküş vəziyyətində idi, sosial problemlər dərinləşmiş, dövlət idarəçiliyində xaos hökm sürürdü. Hakimiyyət strukturları sanki xalqın rifahını və ölkənin təhlükəsizliyini unudaraq yalnız öz maraqlarına xidmət edirdi. Bu zaman xalqın mənəvi ruhu sarsılmış, ümumi narazılıq artmışdı. İnsanlar etiraz aksiyaları, mitinqlər və nümayişlər vasitəsilə öz narazılıqlarını ifadə edirdilər, ölkədəki vəziyyət isə nəzarətdən çıxmışdı.
Cəmiyyətdəki sağlam qüvvələr, ziyalılar və siyasi analitiklər ölkədəki vəziyyətin ciddiliyini dərindən dərk edirdilər. Onlar başa düşürdülər ki, yalnız xalqın böyük oğlu, təcrübəli dövlət xadimi Ulu öndər Heydər Əliyev bu böhrandan çıxış yolu göstərə bilər. Lakin o dövrdəki hakimiyyət Ulu öndər Heydər Əliyevin təcrübəsindən faydalanmaq əvəzinə, ona qarşı maneələr yaradır, hətta yaş senzini əsas gətirərək onun seçkilərdə iştirakına əngəl olmağa çalışırdı.
Belə bir şəraitdə 16 oktyabr 1992-ci ildə cəmiyyətin öndə gedən 91 ziyalısı “Səs” qəzeti vasitəsilə Ulu öndər Heydər Əliyevə müraciət etdi. Tarixdə “91-lər” adı ilə tanınan bu hadisə ölkənin siyasi həyatında çox önəmli bir mərhələdir. Ziyalılar görürdülər ki, ölkədə qanunsuz silahlı dəstələr, separatçılıq və sosial xaos sürətlə artır, əhalinin həyat səviyyəsi isə kəskin şəkildə düşür. Bu müraciətdə 91 ziyalı Ulu öndər Heydər Əliyevə yeni bir siyasi partiyanın yaradılması və ona rəhbərlik etməsi təklifini irəli sürdü. Məqsəd demokratik yolla hakimiyyətə gələrək ölkəni böhrandan çıxarmaq idi.
Xalq Ulu öndər Heydər Əliyevin Naxçıvanda göstərdiyi xidmətləri yaxşı xatırlayırdı. O, blokada şəraitində olan bölgəni xilas edərək insanlarla birbaşa əlaqə qurmuş, bütün çətinliklərə sinə gərmişdi. Bu addımlar onun xalq arasında böyük nüfuz qazanmasına səbəb olmuşdu. Həmin dövrdə “91-lər”in təşəbbüsü ölkənin xilası üçün strateji əhəmiyyət daşıyırdı, çünki ölkə rəhbərliyində ciddi dəyişikliklər tələb olunurdu.
Ulu öndər Heydər Əliyevə inamın əsas səbəblərindən biri onun Azərbaycanda ilk dəfə hakimiyyətdə olduğu dövrdə dövlətin möhkəmləndirilməsi üçün gördüyü işlər idi. Qarabağda separatçı qüvvələrin baş qaldıra bilməməsi, ölkədə sabitliyin qorunması onun rəhbərliyinə inamı artırmışdı. Həmin dövrdə Azərbaycan Sovet məkanında ən geridə qalmış respublikalardan biri olsa da, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkə sürətlə inkişaf etmiş, iqtisadi və sosial göstəricilər yaxşılaşmışdı. Kənd təsərrüfatı və sənaye sahəsində atılan addımlar vətəndaşların həyat səviyyəsini yüksəltmiş, xalqın etimadını qazanmışdı.
Ulu öndər Heydər Əliyev yalnız dövlət idarəçiliyində deyil, həm də sosial sahədə xalqına xidmət etmişdi. 20 Yanvar faciəsinin ertəsi günü o, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Sovet hökumətini və Kommunist Partiyasını bu dəhşətli cinayəti qınamağa çağırmışdı. Naxçıvanda isə müstəqilliyə doğru atılan addımlar, o cümlədən Azərbaycan Demokratik Respublikasının Dövlət Bayrağının rəsmi bayraq kimi təsis edilməsi və bölgənin erməni işğalından qorunması xalqın ona olan inamını daha da artırmışdı.
“91-lər”in təşəbbüsü nəticəsində Ulu öndər Heydər Əliyev siyasi səhnəyə qayıtdı və onun rəhbərliyi altında ölkədə stabilləşmə prosesi başladı. 1993-cü ildə hakimiyyətə gəlməsi ilə Azərbaycanın parçalanmaq təhlükəsi aradan qalxdı, sosial-iqtisadi və siyasi vəziyyət sabitləşdi. Ulu öndər Heydər Əliyevin dövlətçilik iradəsi və strateji düşüncəsi sayəsində ölkə ağır böhrandan çıxaraq inkişaf yoluna qədəm qoydu.
Bu dövr Azərbaycanın müasir tarixində dönüş nöqtəsi hesab olunur. 1990-cı illərin əvvəllərindəki siyasi və iqtisadi böhran, Ermənistanın hərbi təcavüzü və daxili xaos ölkəni uçurumun kənarına sürükləmişdi. Lakin 91 ziyalının təşəbbüsü, xalqın inamı və Ulu öndər Heydər Əliyevin rəhbərliyi sayəsində Azərbaycan bu çətin vəziyyətdən çıxaraq sabit və müstəqil dövlət statusunu bərpa etdi. 91-lərin fəaliyyəti, həmçinin Ulu öndər Heydər Əliyevin xalqla birliyi və dövlətçiliyə sadiqliyi, ölkənin gələcək inkişafında mühüm əhəmiyyət daşıyan strateji addımlar kimi tarixdə qalmışdır.
Nəticə etibarilə, 1990-cı illərin əvvəllərindəki böhran dövrü göstərdi ki, xalqın etimadını qazanan, təcrübəli və iradəli lider olmadan ölkəni ağır böhrandan çıxarmaq mümkün deyil. 91-lərin təşəbbüsü və Ulu öndər Heydər Əliyevin rəhbərliyi Azərbaycan üçün xilaskarlıq rolunu oynadı və ölkəni parçalanmaqdan qorudu.
Maştağa qəsəbəsi, 187 nömrəli tam orta məktəbin
ingilis dili müəllimi Aygün Məmmədzadə