YAP dünənin, bu günün və gələcəyin partiyasıdır

YAP dünənin, bu günün və gələcəyin partiyasıdır Yeni Azərbaycan Partiyasına aid olan “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” şüarı, partiyanın öz siyasi mövqeyini və ictimai rolunu zamanın müxtəlif mərhələləri üzərində dəyərləndirən konseptual bir yanaşmadır. Bu şüar həm tarixi faktorların, həm də müasir dövrün reallıqlarının sintezini özündə birləşdirir və eyni zamanda gələcək hədəflərin istiqamətini göstərir. Şüarın mahiyyəti partiyanın keçmişdən aldığı təcrübəyə, bu gün həyata keçirdiyi fəaliyyətə və gələcəyə hesabladığı strategiyaya əsaslanır.
1990-cı illərin əvvəlləri Azərbaycan üçün mürəkkəb və ziddiyyətli bir dövr idi. Müstəqilliyin bərpası ilə yanaşı, ölkədaxili siyasi gərginlik, iqtisadi tənəzzül və təhlükəsizlik problemləri ilə üz-üzə qalmışdı. Yeni Azərbaycan Partiyasının yaranması da məhz bu çətin tarixi şəraitin məhsulu idi. Partiyanın formalaşması dövlət idarəçiliyində sabitlik, siyasi sistemdə ardıcıllıq və milli maraqların qorunması kimi məsələləri önə çıxarırdı. Bu məntiqlə YAP-ın “dünənin partiyası” kimi səciyyələndirilməsi, onun ölkənin dövlətçilik ənənələrinin möhkəmləndirilməsində rolunu vurğulayır.
Yeni Azərbaycan Partiyasının yaradılması Ulu öndər Heydər Əliyevin siyasi irsinin təcəssümü kimi, həyata vəsiqə aldı. Yeni Azərbaycan Partiyasının üzvləri, Ulu öndərin siyasi xəttinə sadiq qalaraq onun siyasətini müasir dünyada aparmaq üçün bütün lazımi səyləri edir. Bu siyasətə sadiqlik, cəmiyyətimizdə yaşanan həmrəylikdən və Ulu öndərə olan ümumxalq sevgisindən xəbər verir. Ulu öndər Heydər Əliyevin xalqın təkidli çağırışı ilə yenidən hakimiyyətə qayıdışı onun xilaskarlıq missiyasının davamı demək idi. Bu, həm də onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının siyasi hakimiyyətə gəlişi və cəmiyyətin aparıcı qüvvəsinə-iqtidar partiyasına çevrilməsinə zəmin yaratmış oldu. 1993-cü ilin oktyabr ayının 3-də YAP-ın sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulmuşdur. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmlənmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir. Ulu öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı.
Ümmumilli Lider Heydər Əliyev banisi və qurucusu olduğu Yeni Azərbaycan Partiyası haqqında fikirlərini belə ifadə etmişdir: “Bizim həm xarici siyasətdə,həm daxili siyasətdə,həm ictimai-siyasi sahədə gördüyümüz işlər milli ideologiyanın üzərində qurulur. Bu mili ideologiya nədən ibarətdir? Birincisi dövlətçilik. Dövlətçilik bu gün və gələcəkdə bizim hər bir vətəndaşımızın əsas vəzifəsidir. Dövlətçiliik Azərbaycanın müstəqilliyini,ərazi bütövlüyünü qoruyub saxlamaqdır,onu möhkəmlətməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır. Ona görədə hər bir vətəndaş vətənpərvərlik hissi ilə yaşamalıdır və bizim partiyamız, bütün dövlət orqanları, bütün təbliğatımız Azərbaycanda dövlətçiliyi inkişaf etdirmək üçün hər bir vətəndaşda milli vətənpərvərlik hisslərini yaratmalıdır. Milli vətənpərvərlik hissləri hər bir vətəndaşda o qədər güclü olmalıdır ki, vətəndaş milli mənafeyini öz şəxsi mənafeyindən, öz şəxsi həyatından-hər şeydən üstün tutsun.”
Bu günün partiyası – inkişaf, modernləşmə və idarəetmədə iştirak sayılır.
Şüarın “bu günün partiyası” hissəsi YAP-ın müasir dövrdə ölkənin siyasi həyatında tutduğu mövqe ilə bağlıdır. Partiyanın müxtəlif sahələrdə irəli sürdüyü təşəbbüslər və dövlət idarəetməsində oynadığı rol, hazırkı mərhələdə onun aktiv siyasi faktor olduğunu göstərir. Bu çərçivədə sosial-iqtisadi inkişaf proqramları, infrastruktur layihələri, regional siyasət və cəmiyyətin rifahına yönəlmiş islahatlar xüsusi əhəmiyyət daşıyır.
Müasir dövrdə YAP özünü siyasi sabitlik, davamlı inkişaf və modernləşmə proseslərinin təminatçısı kimi təqdim edir. Cəmiyyətin müxtəlif seqmentləri ilə əlaqələrin qurulması, gənclərin siyasi fəallığının dəstəklənməsi, sosial layihələrin təşviqi və yeni islahatlar bu fəaliyyəti tamamlayır. Beləliklə, partiyanın bu günkü siyasi rolu ölkənin ictimai-siyasi həyatında aparıcı mövqeyə malik olduğunu göstərir.
“Gələcəyin partiyası” ifadəsi YAP-ın təkcə mövcud mərhələdə deyil, uzunmüddətli perspektivdə də siyasi xəttini davam etdirmək niyyətinə işarə edir. Gələcəyə yönəlmiş strategiya ölkənin daha da inkişafı, iqtisadi dayanıqlığın gücləndirilməsi və cəmiyyətin rifah səviyyəsinin yüksəldilməsi kimi ideologiyanı əhatə edir.
Bu kontekstdə gələcəyə hesablanan siyasət yalnız iqtisadi və siyasi sahələri deyil, həm də təhsili, elm və innovasiyaları, rəqəmsal inkişafı, regional inteqrasiyanı və sosial mərkəzlərin gücləndirilməsini də əhatə edir. YAP-ın gələcəyə dair baxışı strateji planların həyata keçirilməsi və ölkənin modern dövlət modeli kimi möhkəmləndirilməsi ideyasına əsaslanır.
“YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” şüarı özündə zamanın üç ölçüsü üzrə qurulmuş prinsipləri həyata keçirir. Bu tezis partiyanın keçmişdə əldə etdiyi siyasi irs və təcrübəni, bu gün həyata keçirdiyi fəaliyyətlə möhkəmləndirməsini və gələcəyə dair uzunmüddətli strateji planlarını əlaqələndirir.
Xalqın bütövlüklə dəstəyini alaraq Azərbaycanı dönməz inkişaf yoluna çıxaran Yeni Azərbaycan Partiyası hər zaman xalqımıza, dövlətimizə qələbələr qazandırdı, uğurlar gətirdi, dayanıqlı milli iqtisadi inkişaf sisteminin formalaşdırılmasını şərtləndirdi. Bu gün Azərbaycan həm beynəlxalq münasibətlər sistemində, həm də beynəlxalq əməkdaşlıq sistemində olduqca ciddi mövqelərə və gücə malikdir. Ərazi bütövlüyünü təmin edərək, tarixi qələbələrə imza atdı. Dövlətimiz Prezident, Ali Baş Komandan, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Vətən müharibəsindən tariximizin qızıl səhifəsini yaratmağı bacardı. 2023-cü ilin sentyabr ayında isə bütün ərazilərimiz boyunca suverenliyimizi etibarlı və dönməz şəkildə təmin etdi. Bu baxımdan, Yeni Azərbaycan Partiyası vaxtı ilə Azərbaycanı xilas etdiyi kimi, bundan sonrakı dövrlərdə də ölkəmizin inkişafını tərəqqinin ən yüksək nöqtələrinə çatdıracaq.
Təməli möhkəm qoyulmuş YAP-ın laiqli davamçısı,Ali Baş Komandan Cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu partiyanın fəaliyyəti daha da yüksələcək.
Xalq Yeni Azərbaycan Partiyasının Azərbaycanı daha nurlu sabahlara aparacağına əmindir.

Zabrat qəsəbəsi, 81 nömrəli tam orta məktəbin
Azərbaycan-dili, Ədəbiyyat müəllimi İlkanə Qənbərova

Oxşar xəbərlər