Azərbaycanın Müasir Siyasi Sisteminin Bünövrəsi: YAP-ın təsis gününün əhəmiyyəti

Azərbaycanın Müasir Siyasi Sisteminin Bünövrəsi: YAP-ın təsis gününün əhəmiyyəti 1992-ci il 21 noyabrda Yeni Azərbaycan Partiyasının təsis olunması ölkənin siyasi həyatında mühüm mərhələ kimi tarixə düşmüşdür. Partiyanın yaranması həmin dövrdə Azərbaycanda hökm sürən mürəkkəb ictimai-siyasi vəziyyətin birbaşa nəticəsi idi. Müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan dərin siyasi böhranla üz-üzə qalmışdı: hakimiyyət daxilində parçalanma, iqtisadi çətinliklər, idarəetmədə qeyri-sabitlik və davam edən müharibə ölkəni təhlükəli vəziyyətə gətirib çıxarmışdı. Belə bir şəraitdə Azərbaycanın gələcək taleyi ilə bağlı məsuliyyətli mövqe tutan ziyalılar, dövlətçilik düşüncəsinə sadiq şəxslər və müxtəlif bölgələrin nümayəndələri vahid siyasi platformanın yaradılmasını vacib hesab edirdilər. Yeni Azərbaycan Partiyası məhz bu tarixi zərurətin nəticəsi olaraq formalaşdı. Təsis konfransının keçirilməsi ölkədə sabitliyin bərpası, dövlətçiliyin möhkəmləndirilməsi və milli birliyin yaradılması istiqamətində atılmış ciddi addım kimi qiymətləndirilir. Partiyanın yaranma fəlsəfəsinin mərkəzində milli maraqların qorunması, hüquqi dövlət quruculuğuna sadiqlik və Azərbaycan xalqının inkişaf yolunun müəyyənləşdirilməsi dayanırdı. YAP-ın təsis olunması siyasi sistemdə yeni balans yaratdı və cəmiyyətin narahatlıq duyduğu bir vaxtda alternativ, məsuliyyətli və gələcəyə hesablanan bir siyasi qüvvə meydana gətirdi.Partiyanın sonrakı fəaliyyəti onun yaranma dövründə irəli sürülmüş məqsədlərin ardıcıl həyata keçirilməsi ilə səciyyələndi.Ulu Öndər Heydər Əliyevə yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək təklif olunması həmin dövrün ictimai-siyasi zərurətindən irəli gəlirdi. Cəmiyyət dərin böhran içində olduğu üçün onun təcrübəsinə, siyasi iradəsinə və dövlətçilik baxışına böyük ehtiyac duyulurdu. Ziyalılar, tanınmış ictimai xadimlər və müxtəlif bölgələrin nümayəndələri Ulu Öndər Heydər Əliyevin bu missiyanı qəbul etməsinin ölkənin gələcəyi üçün həyati əhəmiyyət daşıdığını vurğulayırdılar. Onlar hesab edirdilər ki, yeni siyasi qüvvənin məhz onun rəhbərliyi altında formalaşması ölkədə sabitliyin bərpa edilməsinə və dövlətçilik ənənələrinin gücləndirilməsinə ciddi töhfə verəcək. Ulu Öndər Heydər Əliyevin bu çağırışa müsbət yanaşması isə Azərbaycanın siyasi taleyində dönüş yaradan tarixi proseslərin başlanğıcına çevrildi.Ulu Öndər Heydər Əliyevin rəhbərliyinə olan bu çağırış, əslində, milli dövlətçiliyin xilasına yönəlmiş ümumxalq istəyinin ifadəsi idi. Həmin dövrdə mövcud olan siyasi qeyri-müəyyənlik və parçalanma cəmiyyətin güvənilən və prinsipial mövqeyi olan liderə ehtiyacını daha da artırmışdı. Ziyalılar və ictimai xadimlər əmin idilər ki, Ulu Öndər Heydər Əliyevin siyasi səhnəyə qayıdışı ölkədə yaranmış xaosu aradan qaldırmaq üçün ən real və təsirli yoldur. Onun rəhbərliyi altında yeni siyasi partiyanın formalaşacağına dair gözləntilər həm sabitliyin, həm də inkişaf strategiyasının bərpa olunacağına dair ümidləri gücləndirirdi. Dövlət idarəçiliyinin təkmilləşdirilməsi, iqtisadiyyatın bərpası və gücləndirilməsi, sosial siyasətin daha dayanıqlı əsaslara qurulması YAP-ın prioritet istiqamətlərindən oldu. Partiya ölkənin siyasi sistemində sabitliyin təmin edilməsinə, regional inkişaf strategiyalarının həyata keçirilməsinə, islahatların dərinləşməsinə və demokratik institutların möhkəmlənməsinə yönəlmiş geniş fəaliyyət proqramı həyata keçirdi. YAP həmçinin Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin gücləndirilməsi, ölkənin müstəqil siyasət yürütməsi və milli təhlükəsizliyin təmin olunması sahəsində də mühüm xətt formalaşdırdı.Bu gün Yeni Azərbaycan Partiyası ölkənin siyasi həyatında aparıcı siyasi təşkilatlardan biri kimi tanınır. Onun fəaliyyəti müstəqilliyin möhkəmləndirilməsi, milli maraqların qorunması və davamlı inkişaf konsepsiyasının reallaşdırılması istiqamətində əhəmiyyətli rol oynamışdır. 1992-ci il 21 noyabrda əsası qoyulan bu siyasi hərəkat Azərbaycan dövlətçiliyinin müasir mərhələsinin formalaşmasında və ölkənin inkişaf strategiyasının müəyyən olunmasında mühüm yer tutur. Yeni Azərbaycan Partiyasının təsis olunması yalnız siyasi proses kimi deyil, həm də milli həmrəyliyin bərpası baxımından tarixi əhəmiyyət daşıyırdı. O dövrdə cəmiyyətdə hökm sürən dağınıqlığın aradan qaldırılması, ümummilli məqsədlər uğrunda səfərbərlik mühiti yaratmaq və dövlət institutlarının fəaliyyətinin bərpasına nail olmaq üçün YAP-ın meydana çıxması həlledici oldu. Bu siyasi platforma sonrakı dövrdə Azərbaycanın inkişaf modelinin formalaşdırılmasına, uzunmüddətli sabitliyin təmin edilməsinə və strateji hədəflərin reallaşdırılmasına ciddi töhfə verdi. Bu baxımdan 21 noyabr 1992-ci il tarixi ölkənin siyasi düşüncəsində dönüş nöqtəsi kimi qəbul edilir və müasir Azərbaycanın siyasi sisteminin formalaşmasının başlanğıcı hesab olunur.
Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Sevinc Həsənova

Oxşar xəbərlər