Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak edib. Azərbaycan Prezidenti tədbirdə çıxış edib: Azərbaycanın bu görüşlərə dəvət olunması ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir. Bu, son iki ildə mənim Mərkəzi Asiya ölkələrinə 16-cı səfərimdir. Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi- mədəni coğrafi regiondur. Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər
birləşdirir.
Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindən biridir.
Ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub. Həmçinin bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi keçirilib. Bu qardaşlıq dəstəyinə görə Özbəkistan, Qazaxıstan və Qırğızıstan prezidentlərinə təşəkkürümü bildirirəm. Dünyada artan təhdid və çağırışlar ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir. Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır. Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlığımızda ilk addımdır. Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyata keçirilir. Artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb. Azərbaycan beynəlxalq ictimaiyyətin yekdil dəstəyini qazanaraq bu ilin noyabr ayında COP29 iqlim konfransına ev sahibliyi edəcəkdir. Azərbaycan COP29-a sədrliyi çərçivəsində regionumuzda iqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazırdır.
Mən artıq Mərkəzi Asiya ölkələrinin prezidentlərinə rəsmi dəvət məktubları göndərmişəm və noyabrda Bakıda yenidən görüşməyimizə şad olaram.
Bakıxanov qəsəbəsi, 107 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Esmira Əliyeva