Cənab prezident İlham Əliyev 21 iyul 2023-cü il tarixində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mözusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxış edib.Çıxışı zamanı cənab prezident İlham Əliyev Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərindən də danışıb.
Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqillik aktı qəbul edildi. Bundan qısa müddət sonra, yəni, noyabrın 9-da qardaş Türkiyə Azərbaycanı müstəqil ölkə kimi tanıdığını bəyan etdi. Beləliklə, Türkiyə həm də Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə kimi tarixə düşdü. İki ölkə arasında diplomatik əlaqələr isə rəsmi olaraq 1992-ci ilin 14 yanvarından başladı.
Qardaş Türkiyə ilə münasibətlərin ən yüksək səviyyəyə çatdırılması ulu öndər Heydər Əliyevin Prezidentlik dövründə daim diqqət mərkəzində saxlanıldı, yüksək səviyyəli qarşılıqlı səfərlər, aparılan müzakirələr sayəsində böyük tarixə malik qardaşlıq bağları daha da möhkəmləndirildi. Ümummilli lider Heydər Əliyev ilə Türkiyənin doqquzuncu Prezidenti Süleyman Dəmirəl arasındakı dostluq münasibətləri qardaş xalqlarımızın daha da yaxınlaşmasında, ölkələrimizin beynəlxalq arenalardakı mövqelərinin daha da möhkəmlənməsində önəmli rol oynadı.
44 günlük Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana verdiyi siyasi-mənəvi dəstək isə xalqımız tərəfindən ən yüksək qiymətə layiq görüldü. Türkiyə hakimiyyəti, xalqı bütün dünyaya Azərbaycan ilə həmrəy olduqlarını nümayiş etdirdilər. İkinci Qarabağ müharibəsinin hər anını bir qardaş ölkə olaraq Azərbaycanla birgə yaşadı. Qarabağ müharibəsində əldə edilən şanlı Zəfər isə yalnız Azərbaycanın deyil, eləcə də Türkiyə və bütün türk dünyasının tarixi Qələbəsi kimi qiymətləndirildi. Bu tarixi Qələbədən sonra Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi isə iki ölkə arasındaki birliyin daha da üst səviyyələrə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edən sənəddir. Bu sənəd Azərbaycanın müstəqilliyi dövründə iki qardaş ölkə arasında imzalanan, hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini göstərən ilk rəsmi sənəddir. Məhz bu baxımdan Şuşa Bəyannaməsi tarixi önəm daşıyaraq, regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcını qoydu.
Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir.
Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Ceyhun Sadizadə