Azərbaycan-Macarıstan münasibətləri strateji tərəfdaşlığa çevrilir

Azərbaycan-Macarıstan münasibətləri strateji tərəfdaşlığa çevrilir Azərbaycan-Macarıstan münasibətləri dostluğa, qardaşlığa, dövlətlərin və xalqların firavanlığına, inkişafına əsaslanır. Qarşılıqlı əməkdaşlıq bu gün də davam edir və hər iki ölkə əlaqələrin daha da möhkəmləndirilməsi üçün ciddi tədbirlər həyata keçirməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Macarıstana rəsmi səfəri bunun əyani nümunəsidir. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Azərbaycan qazının Macarıstana çatdırılması istiqamətində də əsaslı işlər görülübdür. Macarıstan həm də Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən bir ölkə kimi fəaliyyət göstərəcək ki, bu da iqtisadi baxımdan çox əhəmiyyətlidir.
Azərbaycan yaşıl enerjisini Avropaya çatdırılmasında Macarıstanın imkanları böyükdür və bu istiqamətdə də vacib layihələr hazırlanmışdır. Azərbaycan enerji məsələləri ilə bərabər nəqliyyat, təhsil, mina təmizləmə sahəsində də Macarıstanla əməkdaşlığın möhkəmləndirilməsinə böyük önəm verir. Artıq dəmir yolu vasitəsilə Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlanılıbdır. Bildirildiyi kimi təkcə keçən il tranzit yüklərinin həcmi 75 faiz artıbdır. 200 Azərbaycan gənci Macarıstan hökumətinin dəstəyi ilə Macarıstanda oxuyur. Mina təmizləmə sahəsində Macarıstan təcrübəsindən istifadə edilir və gələcək əməkdaşlıq üçün yaxşı nümunələr vardır.
Macar şirkətlərinin işğaldan azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında fəaliyyəti üçün zəmanət var və səfər zamanı bu məsələlər barədə ətraflı söhbətlər aparılıbdır. İmzalanmış Bəyannamələr, həyata keçirilən çox mühüm layihələr, qarşıya qoyulan yeni vəzifələr onu deməyə imkan verir ki, Azərbaycan-Macarıstan əlaqələri artıq strateji tərəfdaşlığa çevrilibdir və hər iki dövlət bu tərəfdaşlıqdan ölkələrin inkişafı üçün faydalanacaqlar.
Ümumilikdə dövlət başçısı İlham Əliyevin Macarıstana səfəri Azərbaycan-Macarıstan strateji tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişaf etməsinin əyani göstəricisidir. Strateji tərəfdaşlığın dərinləşməsinə dair Birgə Bəyannamənin imzalanması bir daha onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost və strateji tərəfdaşdırlar.

Zülfüqar Cəfərov-YAP Sabunçu rayon təşkilatının sədr müavini

Oxşar xəbərlər