Bəyannamə Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinin bütün əməkdaşlıq sahələrini əhatə edir

Bəyannamə Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinin bütün əməkdaşlıq sahələrini əhatə edir
Azərbaycan Respublikası və Türkiyə Respublikası illərdir regionda öz sözünü deyən həm siyasi,həm milli cəhətdən daim bir birinə dəstək olan qardaş dövlətlərdir. Şüphəsiz ki, bu ölkə başçımız cənab İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Hazırda aparılan düzgün strateji siyasət nəticəsində həm siyasi cəhətdən həm də millətlərimiz arasında münasibətlər günü-gündən daha da qüvvətlənir. Türkiyə Respublikası Azərbaycan və Ermənistan arasında olan Dağlıq Qarabağ münaqişəsində siyasi arenada regionda birmənalı olaraq daim Azərbaycanın yanında olduğunu bəyan etmiş hətta bunun görə digər dövlətlər tərəfindən təsirə məruz qalmışdır.
2020-ci il 8 noyabr tarixində Şuşanın işgaldan azad edilməsi hər iki dövlət üçün çox sevincli hal idi.
Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırır. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcəkdir.
Bəyannamə Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinin bütün əməkdaşlıq sahələrini əhatə edir. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir.
Şuşa Bəyannaməsi əhatəli sülhə yol açır. Şuşa Bəyannaməsi bölgədə inteqrasiya proseslərini stimullaşdırır. Bəyannamə Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaradır.
Şuşa Bəyannaməsi əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdıracaqdır. Regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaqdır. Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları açılacaq.
Bəyannamə ölkəmizin beynəlxalq nüfuzunu artırır. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzunu artıracaq.
Bəyannamə strateji əməkdaşlığın perspektivini təmin edir. Bəyannamə ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamənin icrası keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır.
Ölkəmizin Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilir.
Bəyannamədə əksini tapan və iqtisadi inkişafa təkan verəcək məsələlərdən biri də ölkələrin qarşılıqlı surətdə investisiya qoyuluşlarını həyata keçirməsindən, habelə bu sahədə strateji məqsədlərin olmasından ibarətdir. Qarşılıqlı investisiya qoyuluşları ölkələrin iqtisadiyyatının sürətli inkişaf etməsinə, zəruri sahələrin genişləndirilməsinə, strateji sahələrin daha da təkmilləşdirilməsinə şərait yaradır, inteqrasiyanı dərinləşdirir.
Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Ölkələr bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır. İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatları böyük rol oynayıblar. Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcəkdir.İki qardaş ölkə həm də iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsinin təşviq olunması ilə bağlı da razılığa gəldi.

Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
tarix müəllimi Nəzakət Həsənova



Oxşar xəbərlər