Ağ Evin qara planı – Ukraynanın sərhədi dəyişdirilsə, dünyada dəyişməyən sərhəd qalmayacaq

Ağ Evin qara planı – Ukraynanın sərhədi dəyişdirilsə, dünyada dəyişməyən sərhəd qalmayacaq İkinci dünya müharibəsindən sonra beynəlxalq arenada çox tez-tez təkrarlanan bir ifadə əmələ gəlmişdi: “Ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı”.

Bu iki şərt beynəlxalq hüququn sarsılmaz prinsiplərindən idi. Bunlara əsasən dövlətlər (əsasən kiçiklər) öz ərazilərini təcavüzdən qoruyurdurlar.

Prinsipcə, bu beynəlxalq qanuni müddəalar işğalçı müharibələrin qarşısında sədd idi. Daha sağ biləyi sol əlinə yoğun gələn dövlət gözünə zəif görünən başqa dövlətin ərazisinə soxula, onun bir hissəsini zəbt edərək özününkünə qata bilməzdi.

Bu niyyətdə olanların qarşısında dişsiz BMT, dişli ABŞ və SSRİ vardı.

Ona görə də dünyanın bir çox yerlərində ölkələr arasında gedən müharibələr, demək olar ki, bütün hallarda savaşan tərəflərin öz sərhədləri daxilinə çəkilməsi ilə nəticələnirdi.

SSRİ 1979-cu ildə Əfqanıstana hücum edərək onu sovetləşdirib, kommunistləşdirib öz müstəmləkəsi edərkən qarşısında ABŞ-ni gördü. Düzdür, sovet hökumətinin niyyəti Əfqanıstanı SSRİ-nin 16-cı müttəfiq respublikası etmək deyildi, amma bu hərbi müdaxilə müstəqil bir dövlətin suverenliyinin pozulması idi.

Nəticədə 10 il davam edən və ABŞ-nin ciddi dəstək verdiyi partizan müharibəsində milyardlarla dollar və on minlərlə gənc insan itirən SSRİ öz axırıncı tankını Özbəkistanın Termez şəhərindən keçirərək ittifaq ərazisinə daşındı. Əfqanıstan yenə müstəqil dövlət oldu, sonra ABŞ-nin işğalına məruz qaldı, ondan da can qurtardı, amma hələ də daxili sabitliyini bərpa edə bilməyib.

Sədam Hüseynin idarə etdiyi İraq 1990-cı ildə Küveyti işğal edərək öz əyalətinə çevirəndə başda ABŞ olmaqla dünya birliyi buna kəskin etiraz etdi. Beynəlxalq koalisiya quruldu və 5-6 ayın içində İraq ordusu “Səhrada fırtına” əməliyyatından salamat çıxan hərbi texnikası ilə Küveyti tərk etdi.

Qonşusuna təcavüz etmək istəyən digər ölkələr də anladılar ki, müasir dövrdə bir dövlətin ərazi bütövlüyünü pozmaq, sərhədlərini dəyişmək mümkünsüzdür.

ABŞ özü bu illərdə bir çox dövlətlərin (Panama, Qranada) suverenliyini pozsa da, onların ərazi bütövlüyünü pozmadı, sərhədlərini dəyişdirmədi, sadəcə, narkotrafikdə suçladığı rejimləri dəyişdirərək, işğalçı hərbi kontingentini geri çəkdi.

Beləcə, ildən-ilə möhkəmlənən “ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı” prinsipi gəldi, gəldi, dövlət müstəqilliyini yenicə qazanmış Azərbaycana çatanda işləməz oldu.

Ermənilər və onların havadarları bu prinsipləri tapdamağın mümkün olmadığını, beynəlxalq miqyasda yolverilməz sayıldığını bildiklərindən ilk başda elan etdikləri “Qarabağın Ermənistana birləşdirilməsi” ideyasına düzəliş etdilər, işğalı “Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyini etmək hüququnu reallaşdırması” kimi sənədləşdirmək istədilər.

Bu fənd alınmadı. Azərbaycan qüdrətli dövlətlərin təzyiqlərinə baxmayaraq, öz ərazisindən hər hansı bir şəkildə vaz keçmədi. İşğal olunmuş Qarabağ mahalı faktiki şəkildə Ermənistana birləşdirilmiş olsa da, onun bir əyaləti kimi yaşasa da, ermənilər Qarabağı Azərbaycandan de-yure qopara bilmədilər.

Sonrasını da hamınız bilirsiniz. Dövran döndü, köç geriyə qayıtdı – işğalçı ermənilər öz gəldikləri yerə, azərbaycanlılar isə öz doğma yurd-yuvalarına.

Hazırda dünyanın gözü baxa-baxa bir böyük dövlətin ərazi bütövlüyünün pozulması, sərhədlərinin dəyişdirilməsi prosesi başlanıb. Bu, Ukraynadır.

Bu dövlətin sərhədlərinin dəyişdirilməsi prosesinə isə indiyə qədər dövlətlərin ərazi bütövlüyünü qorumaq üçün əlindəki bütün imkanlardan (hərbi, siyasi, maddi, diplomatik) istifadə edən ABŞ başçılıq edir.

Məhz bu dövlət istəyir ki, 80 ildir yeni dünya müharibəsinin qarşısını alan prinsiplər heç-puç olsun.

Ukraynanın ərazi bütövlüyü pozulsa, sərhədləri dəyişdirilsə, bu, presedent demək olacaq və qonşusuna qarşı ərazi iddiası olan bütün dövlətlərə (belələri 100-dən artıqdır) “yaşıl işıq” yandıracaq. Artıq bir dövlət o biri dövlətin içindəki “soydaşlar”ının separatçılıq hərəkatını gizli şəkildə dəstəkləməyəcək, birbaşa qoşun yeridərək, “bu bölgə bizim əzəli torpağımızdır” deyəcək.

Rusiya zatən illərdir bir çox qonşularını “soydaşları, onların dilini müdafiə etmək” təhdidi ilə şantaj edir. Bu dəfə onun qarşısını kim alacaq? Ortada dişə dəymiş şirə, iştahaçan şikarlar var və heç bir baryer yoxdur.

ABŞ özü də belə bir təhlükəli təşəbbüsün reallaşmasından nəsibini ala bilər. Tramp hakimiyyətə gələn gündən Kanadaya, Qrenlandiyaya, Panamaya qarşı ərazi iddiaları sürüb və ilk ikisini ABŞ-nin ərazisi kimi görmək istədiyini bəyan edib. Bu isə Kanadanın və Danimarkanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığının pozulması deməkdir.

II dünya müharibəsini başa çatdıran müdrik və təcrübəli siyasi xadimlər “ərazi bütövlüyü və sərhəd toxunulmazlığı” prinsiplərini bütün dövlətlərin qarşısında qırmızı xətt elan edərkən düşünməzdilər ki, gün gələcək, belə hüquqi incəliklərdən xəbərsiz adamlar hakimiyyətə yiyələnəcəklər və bu məhdudlaşdırıcı baryerləri rədd edərək, dünyanı yeni bir müharibənin astanasına gətirəcəklər.

Dünya “başlı başını saxlasın” prinsipi ilə idarə oluna bilməz. Belə şeylər cəngəllikdə olur, güclülər zəifləri əzir, yeyir, məhv edirlər.

Oxşar xəbərlər