
Gürcüstanın baş naziri İrakli Kobaxidze bu mövzuya qısa şəkildə toxundu: “Azərbaycana və Prezidentinə təşəkkür edirəm ki, hər zaman ölkəniz bizim ölkəmizin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib. Bildiyiniz kimi, Gürcüstan da hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”. Buna baxmayaraq, Gürcüstanın baş naziri “Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi münasibətilə təbrik edirəm” ifadəsini işlətmədi. Halbuki, Qazazxıstan prezidenti Kasım-Jomart Tokayev bir neçə gün əvvəl Azərbaycana səfəri zamanı ərazi bütövlüyünü təmin etməsi münasibətilə İlham Əliyevi təbrik etmişdi.
Azərbaycan ərazi bütövlüyünü təmin etdiyi halda, Gürcüstan bunu edə bilməyib. Deməli, hazırki şərtlər daxilində ərazi bütövlüyü məsələsində dəstək daha çox Gürcüstan hakimiyyətinə lazımdır. Tbilisini yaxın müddətdə ağır günlər gözləyə bilər. Məsələ burasındadır ki, Cənubi Osetiyanın separatçı liderləri bölgənin Rusiyanın tərkibinə daxil olması üçün Moskva ilə danışıqlar aparırlar. Bu məqsədlə Cənubi Osetiyada “referendum” keçirilməsi də planlaşdırılır.
Kremlin necə qərar verəcəyi bəlli deyil. Ukraynada işğalçı müharibə aparan Rusiya Gürcüstan istiqamətində hələ ki, ehtiyatlı mövqe nümayiş etdirir. Rusiya ilə Gürcüstan arasında diplomatik münasibətlər olmasa da, Kremllə Tbilisi arasında gərginlik yoxdur, qeyri-rəsmi təmasları var, idxal-ixrac əməliyyatları həyata keçirilir. Yəni Gürcüstan hakimiyyəti hələ ki, Kremli ciddi narahat etmir. Ancaq Gürcüstan Avropa İttifaqı və NATO üzvlüyünə daha çox yaxınlaşarsa, Kremlin siyasəti dəyişəcək. Hadisələrin bu istiqamətdə inkişafı halında Kremlin Cənubi Osetiyanın və Abxaziyanın Rusiyanın tərkibinə qatması qərarı istisna deyil. Belə olan halda Tbilisinin bir çox dövlətin, o cümlədən Azərbaycanın Gürcüstanın ərazi bütövlüyünü tanıyan bəyanatına ehtiyacı yaranacaq.
Azər Fikrətoğlu