31 Mart soyqırımı Azərbaycan xalqının tarixində faciə ilə yadda qalan günlərdən biridir. Bu tarix 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların anım günü kimi qeyd olunur. Həmin hadisələr nəticəsində minlərlə insan həyatını itirmiş, yaşayış məntəqələri dağıdılmış, xalqın maddi və mənəvi irsinə böyük zərbə vurulmuşdur.
XX əsrin əvvəllərində Cənubi Qafqazda yaranmış mürəkkəb siyasi vəziyyət müxtəlif qarşıdurmalara səbəb olmuşdu. Bu dövrdə bolşevik qüvvələri erməni silahlı dəstələri ilə birlikdə Bakı və digər bölgələrdə azərbaycanlı əhaliyə qarşı genişmiqyaslı hücumlar həyata keçirmişdir. 1918-ci il martın 30-dan başlayan bu hadisələr qısa müddətdə kütləvi qırğınlara çevrilmişdir.
Bakı şəhərində üç gün ərzində 10-12 minə yaxın azərbaycanlı qətlə yetirilmişdir. Şəhər ağır silahlardan atəşə tutulmuş, “İsmailiyyə” binası, “Təzə Pir” məscidi kimi mühüm tikililər dağıdılmışdır. Bu hadisələr təkcə paytaxtla məhdudlaşmamış, Azərbaycanın digər bölgələrinə də yayılmışdır.
Şamaxıda 100-dən çox kənd məhv edilmiş, təxminən 20 min insan öldürülmüşdür. Quba qəzasında 167 kənd dağıdılmış, 7 mindən artıq sakin qətlə yetirilmişdir. Salyan və Lənkəran bölgələrində də minlərlə dinc əhali zorakılığın qurbanı olmuşdur. Eyni zamanda, Zəngəzur, Naxçıvan və digər ərazilərdə yaşayan azərbaycanlılar da kütləvi hücumlara məruz qalmışdır. Ümumilikdə, 1918-ci il hadisələri zamanı 50 mindən çox azərbaycanlının öldürüldüyü qeyd olunur.
Bu qırğınlar zamanı yalnız insanlar deyil, onların mədəni irsi də hədəf alınmışdır. Məscidlər, məktəblər, qəzet redaksiyaları və digər ictimai obyektlər dağıdılmışdır. Bu faktlar göstərir ki, hadisələr sistemli şəkildə həyata keçirilmiş və müəyyən məqsədlərə xidmət etmişdir.
Uzun müddət bu faciəyə lazımi siyasi-hüquqi qiymət verilməmişdir. Lakin müstəqillik əldə edildikdən sonra bu istiqamətdə mühüm addımlar atılmışdır. Ulu öndər Heydər Əliyev tərəfindən 1998-ci il 26 mart tarixində imzalanmış fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Bu fərman hadisələrin araşdırılması və dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
Sonrakı dövrdə bu siyasət uğurla davam etdirilmişdir. Cənab prezident İlham Əliyev tərəfindən soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində bir sıra mühüm sərəncamlar imzalanmışdır. 2013-cü ildə Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması bunun bariz nümunəsidir. Bu kompleks həm tarixi həqiqətlərin öyrənilməsi, həm də gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır.
Azərbaycan dövləti bu faciənin beynəlxalq səviyyədə tanıdılması istiqamətində də ardıcıl siyasət aparır. Xarici ölkələrdə keçirilən tədbirlər, konfranslar və nəşrlər vasitəsilə 1918-ci il hadisələri barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görülür. Bu fəaliyyətlər nəticəsində bir sıra ölkələrdə və beynəlxalq platformalarda bu hadisələrə diqqət artmışdır.
Gənc nəslin bu tarixi hadisələr haqqında məlumatlandırılması da xüsusi əhəmiyyət kəsb edir. Məktəblərdə, ali təhsil müəssisələrində və müxtəlif maarifləndirici tədbirlər vasitəsilə bu mövzunun öyrədilməsi milli yaddaşın qorunmasına xidmət edir. Tarixin unudulmaması və düzgün şəkildə gələcək nəsillərə ötürülməsi cəmiyyətin inkişafı baxımından vacibdir.
Bu gün 31 mart Azərbaycanda dövlət səviyyəsində qeyd olunur, soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir. Eyni zamanda, bu faciənin beynəlxalq aləmdə tanıdılması istiqamətində işlər davam etdirilir. Tarixi həqiqətlərin qorunması və gələcək nəsillərə ötürülməsi hər bir vətəndaşın borcudur.
Nəticə etibarilə, 31 mart hadisələri Azərbaycan xalqının yaddaşında silinməz iz buraxmışdır. Bu faciəni unutmamaq, ondan nəticə çıxarmaq və tariximizi qorumaq hər birimizin məsuliyyətidir.
90 nömrəli tam orta məktəbin
Tarix müəllimi Məhsəti Səfəri